Azərbaycan yenidən terror hədəfində - Qərb nəşrindən sensasion xəbərdarlıq

22-12-2016, 10:23           
Azərbaycan yenidən terror hədəfində - Qərb nəşrindən sensasion xəbərdarlıq
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi bölgədə və onun ətrafında yeni situasiya yaradıb. Şəksiz ki, Azərbaycana da təsirsiz ötüşməyəcək bu situasiya böyük ehtimalla, dost-müttəfiqlərin yeni sırasını müəyyən edəcək, Yaxın Şərq (Suriya, İraq) böhranının həllinin hansı istiqamətdə gedəcəyinə əhəmiyyətli aydınlıq gətirəcək.

Görünür, elə bundan çıxış edən regiondakı terror qruplaşmaları da öz yaxın taktikalarına düzəliş eləməyə qərar veriblər. Belə ki, qəddar terror qruplaşması İŞİD Rusiyanın Ankaradakı səfirinin güllələnməsindən sonra bu ölkənin başqa dövlətlərdəki səfirliklərinin də hədəfə alınacağını elan edib.

*****
“The Sun” nəşri xəbər verir ki, terror təşkilatı Rusiyanın hansı ölkələrdəki səfirliklərinin hücumlara məruz qalacağına dair PDF formatında siyahı və səfirliklərin yerləşdikləri ünvanları yayıb (virtualaz.org). Siyahıda Rusiyanın Bakıdakı səfirliyi də var. Bununla belə, İŞİD-in Rusiyanın Ankaradakı səfirinin güllələnməsinə görə məsuliyyəti üzərinə götürdüyü barədə məlumat yoxdur. Qeyd edək ki, Türkiyə hökumət dairələri səfiri güllələyən polis əməkdaşının FETÖ, yaxud “əl-Qaidə” bağlılığı haqda danışır.

İŞİD-in yaydığı siyahıya əsasən, bu terror qruplaşması Rusiyanın Kampala (Uqanda), Tehran (İran), Bakı (Azərbaycan), Tirana (Albaniya) və bəzi digər müsəlman ölkələrinin paytaxtlarında yerləşən səfirliklərinə terror hücumları həyata keçirəcəyini bildirir. Göründüyü kimi, söhbət əsasən Rusiyaya loyal və ya neytral ölkələrdən gedir.

Sözsüz ki, bu və digər təhlükələrin artacağından həm Rusiya, həm də bu ölkənin səfirliklərinin olduğu ölkələr, xüsusən də böhran bölgəsinə yaxın dövlətlər, o sırada Azərbaycan artıq xəbərdardır. Təsadüfi deyil ki, Andrey Karlovun öldürülməsindən sonra Rusiyanın Bakıdakı səfirliyinin təhlükəsizliyi gücləndirilib. Heç şübhəsiz, bu fonda təhlükəsizlik tədbirləri tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə aparılacaq, eyni zamanda Azərbaycandakı İŞİD simpatizanlarının axtarışı birə-üç intensiv şəkil alacaq.
Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, xüsusi xidmət orqanlarının rəhbərlərinə xaricdəki səfirliklərin və diplomatların mühafizəsinin gücləndirilməsi üçün xarici həmkarları ilə əməkdaşlığı genişləndirmək barədə göstəriş verib. Ehtimal olunur ki, bu göstəriş riskli ölkələrdəki Rusiya səfirliklərinin və diplomatlarının mühafizəsini təmin etmək üçün xüsusi təyinatlıların göndərilməsini də nəzərdə tutur.

*****

Bu arada Moskvanın terror təhlükəsinə qarşı başqa bir qərarı məlum olub. Bəlli olub ki, səfirin qətlindən sonra Rusiya Türkiyə ilə vizasız rejimə dair aparılan danışıqları dondurub. Bu iddia ilə Rusiyanın “İzvestiya” nəşri çıxış edib. Qəzetin XİN-dəki mənbələrinə istinadən yaydığı məlumata görə, danışıqlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bildirilir ki, Rusiya hökuməti Türkiyədəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək. “Türkiyə hökuməti ölkəyə gələn şəxslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi işlər görməkdə davam etməlidir və Rusiyaya səfər etmək niyyətində olanların hamısının əsaslı yoxlanılmasına zəmanət verməlidir”, - deyə mənbə bildirib.

Qaynağın sözlərinə görə, son zamanlar baş vermiş faciəli hadisələr və cari ildə olmuş bir sıra insidentlərə görə Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır deyil. Maraqlıdır ki, bir neçə ay əvvəl səfir Andrey Karlov da Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə tələsməməyə çağırmışdı. Onun fikrincə, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirlər görülməlidir.

*****
Əslində baş verənlər məntiqli və anlaşılandır. Ancaq son terror aktından dolayı Rusiya və Türkiyə ilə bağlı daha uzağa gedən hədəflərin də olduğu iddia olunur. Məsələn, politoloq Qabil Hüseynliyə görə, açıq-aşkar Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək məqsədi güdülür. Qətlin Rusiya-Türkiyə-İran xarici işlər nazirlərinin Moskva görüşü ərəfəsinə təsadüf etməsinə toxunan politoloq Karlovun ölümünü birbaşa Rusiya-Türkiyə münasibətlərinə qarşı sui-qəsd adlandırıb (axar.az).

“Bu hadisənin Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli Moskva görüşü ərəfəsinə təsadüf etməsi bölgədə etimadsızlıq mühiti yaratmaq və daha çox Türkiyəyə zərər vurmaq məqsədi daşıyır. Eyni gündə Amerikanın Türkiyədəki səfirliyində sui-qəsd cəhdi isə bu işin arxasında böyük bir şəbəkənin durduğunu göstərir. Çünki yalnız Türkiyənin pisliyini istəyən qüvvələr belə xain hərəkətə yol verərdi. Açıq-aşkar Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək istəyirlər”.

Sabiq dövlət müşavirinə görə, eyni gündə baş verən üç hadisə - Karlovun ölümü, ABŞ-ın Türkiyə səfirliyinə hücum cəhdi və Rusiyada daha bir yüksək rütbəli məmurun qətlə yetirilməsi çox uzaqlara gedən nəticələr çıxarmağa əsas verir: “Görünür, Rusiya və Türkiyə əleyhinə müəyyən qruplaşmalar hərəkətə keçib. Ən maraqlısı isə odur ki, hadisələr baş verən gün BMT-də Rusiyanın Krımdakı insan haqları ilə bağlı məsələ qaldırılıb və qəbul edilib. Bölgədə çox ciddi hadisələr cərəyan edir və bunun bir qismi Rusiyanın yeritdiyi siyasətlə bağlıdır. Rusiyanın Hələbdə qətliama yol verdiyinə dair müddəaları da buraya əlavə ediblər. Artıq bir sıra Qərb dövlətləri bu məsələnin BMT səviyyəsində müzakirəsini istəyir və Rusiyanın Suriyada irimiqyaslı əməliyyat siyasəti həyata keçirdiyini qeyd edirlər. İndi bu məsələnin məhz Ankarada düyünlənməsi və Türkiyəni prosesə cəlb etmək planının iflasa uğraması xəyal qırıqlığına səbəb olub. Bu aksiya bir tərəfdən Rusiya əleyhinə yönəlsə də, digər tərəfdən anti-Türkiyə xarakteri daşıyır”.

Q.Hüseynli hazırda məlum hadisədən dolayı bir sıra ölkələrin Türkiyədəki səfirliklərini bağlamasına da münasibət bildirib: “Bəziləri bunu təhlükəsizlik nöqteyi-nəzərindən etsə də, bəzilərinin müəyyən məsələlərdə iz qoymamaq üçün ümumi addımlara qoşulması istisna edilmir”.

*****

Bütün bunlar şübhə yox ki, dövlətlərarası münasibətlərin də yeni keyfiyyət mərhələsinə adladığını və ciddi sınaqla üzləşdiyini göstərir. Azərbaycan və onun digər ölkələrlə münasibətləri də istisna deyil. \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.