Ermənistanın “İsgəndər”inə Bakıdan “İldırım”lı cavab
23-12-2016, 10:07
Ali Baş Komandanın tapşırığı ilə “İldırım” zenit-raket kompleksləri hazırlıq vəziyyətinə gətirildi və döyüş atışları icra edildi; ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgə”si olan “Stratfor” mərkəzi yeni müharibə xəbərdarlığı etdi
Ermənistanın danışıqlar prosesindən növbəti dəfə imtina etməsi, müharibə ritorikasından əl çəkməyərək işğalı davam etdirməsi Azərbaycanı yeni alternativlərə əl atmağa vadar edir. Xüsusilə işğalçı ölkənin Rusiyadan “İsgəndər” raket komplekslərini alması bölgədə yeni situasiya yaratdığı üçün rəsmi Bakı hərbi cəbbəxanasını daha da zənginləşdirmək məqsədilə bütün imkanlarını işə salıb.
Bu yaxınlarda Rusiya baş nazirinin müavini Dmitri Raqozinin Bakıya səfərindən sonra müxtəlif təxminlər irəli sürüldü. Bəzi ekspertlərin fikrincə, Moskva Ermənistana müasir silahların satılması barədə Bakının razılığını almaq istəyib. Ancaq şimal qonşumuzun Azərbaycanı incik salmamaq üçün ona da “İsgəndər” satmağa hazır olduğu barədə də ehtimallar eşidilir. İstənilən halda, Azərbaycan nə yolla olursa-olsun düşmənin təhdidlərinə cavab tədbirləri hazırlamalıdır.
Qərb işğala məruz qalan ölkəyə silah satmaqdan imtina edirsə, Azərbaycan Rusiya, İsrail və ya Pakistanla hərbi əməkdaşlığını davam etdirməli, paralel olaraq daxildə silah istehsalına ciddi diqqət ayırmalıdır. Düzdür, “Exo Kavkaza” radiosunun şərhçisi Vadim Dubnov kimi ekspertlər “İsgəndər”lərlə bağlı fərqli yanaşma ortaya qoyur. O bildirib ki, Rusiya Ermənistana “İsgəndər” raketləri satsa da, bu raketlər işğalçı ölkənin Bakıya hücumu üçün nəzərdə tutulmayıb. “Ermənistan istəsə belə Moskvanın icazəsi olmasa ”İsgəndər"in düyməsini basa bilməz"-o əlavə edib. Ancaq fors-major situasiyada nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil, bunu aprel hadisələri və ondan sonrakı mərhələdə şimaldan Ermənistana verilən dəstək addımları da sübut edir.
Azərbaycan isə bütün təhdidləri nəzərə alaraq hərbi gücünü artırmaqdadır. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib. Döyüş şəraitinə maksimal yaxın vəziyyətdə həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin hazırlığı, praktiki bacarığı və döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.
Qəfil yoxlama çərçivəsində silahlanmada olan “İldırım” zenit-raket komplekslərinin də hazırlıq vəziyyətinə gətirilməsi və döyüş atışları icra edilib. Praktiki atışlar zamanı şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində qanadlı raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən hədəflərin aşkarlanması və avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və hədəfin effektiv məhv edilməsi tapşırıqları uğurla həyata keçirilib. Nazirliyin rəsmi məlumatında deyilir ki, döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında yoxlamalar davam edir.
“İldırım” zenit-raket komplekslərinin hazırlıq vəziyyətinə gətirilməsi ekspertlər tərəfindən düşmənə ciddi mesaj olaraq qiymətləndirilir.
“Ermənilərin ”İsgəndər" operativ-taktiki raketlərə malik olmalarını toy-bayram etmələri sona çatdı. Silahlı Qüvvələrimizin arsenalındakı ən müasir hücum və müdafiə silahları Ali Baş Komandan tərəfindən ordu qarşısında qoyulan istənilən tapşırığın yerinə yetirilməsinə imkan verir". Bunu sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov “İldırım” zenit-raket komplekslərinin hazırlıq vəziyyətinə gətirilərək döyüş atışlarının keçirilməsini APA-a şərh edərkən deyib.
Onun sözlərinə görə, ərazimizi düşmənin mümkün hava hücumundan qorumaq üçün yaradılan eşelonlaşdırılmış müdafiə və digər kompleks tədbirlər istənilən addımın qarşısını almağa imkan verir: “Deyə bilərik ki, bu gün uğurlu atışları həyata keçirən və ilk atışdan hədəfi məhv edən ”İldırım" kompleksi, eləcə də Azərbaycan Ordusunun arsenalında olan bu tipli digər müasir komplekslər erməni tərəfinin “İsgəndər” sevincinə son qoydu. Bu komplekslər sutkanın istənilən vaxtında, çətin iqlim və döyüş şəraitində, müxtəlif hündürlük və uzaqlıqda olan bir neçə hava hədəfini, eləcə də bütün aerodinamik, hətta taktiki, ballistik raketləri də aşkar və məhv etməyə qadirdir. İndi tam əminliklə deyə bilərik ki, hazırda Azərbaycanın hava hücumundan müdafiə sistemi tək ölkənin işğal altındakı ərazilərini deyil, eyni zamanda Ermənistanın bütün hava məkanını da nəzarət altında saxlayır. Azərbaycan öz hava məkanını istənilən hücumdan müdafiə etməyi bacaracaq. Amma Ermənistanın bunu edə bilməsi çox böyük sual doğurur və real yanaşsaq, icrası da mümkün deyil. Düşmən onu da bilməlidir ki, Azərbaycanın sərəncamında olan yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik yüzlərlə digər raketlər işğal altındakı ərazilərdə və Ermənistanda istənilən hərbi obyekti darmadağın etməyə hazırdır".
Hərbi ekspert Azad İsazadə isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın bu addımı gözlənilən idi: “Sözsüz ki, Ermənistanın ”İsgəndər"li təhdidinə Azərbaycan mütləq şəkildə reaksiya verməli idi. Ancaq təkcə “İsgəndər” raket komplekslərinə qarşı cavabdan söhbət getmir. Ümumiyyətlə, Azərbaycanın havadan müdafiə komplekslərini təkmilləşdirməsi, daha müasir raket komplekslərindən istifadəsi vacibdir. Çünki bu, milli və dövlət təhlükəsizliyi məsələsidir. İkincisi də sözsüz ki, döyüş zamanı bu komplekslər bizimçün müstəsna əhəmiyyətə malik olacaq".
Qeyd edək ki, bu arada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi də ilginc hesabat yayıb. Mərkəz Azərbaycan - İsrail hərbi əməkdaşlığına diqqət çəkərək İsrailin dəhşətli silahı olan “Dəmir günbəz”in Ermənistana tuşlandığı haqda xəbərdarlıq edib. “İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərindən sonra Rusiyanın silah ticarətini kurasiya edən Dmitri Roqozin Azərbaycana gəldi. Azərbaycan bununla Rusiyaya bildirmək istəyir ki, İsraildən aldığı silahlar çox əhəmiyyətlidir və bu, Ermənistan və Azərbaycan arasında Moskvanın dəstəklədiyi hərbi balansı pozacaq”-mərkəzin hesabatında deyilir. (publika.az) Mərkəz Bakının İsraildən raket əleyhinə “Dəmir günbəz” kompleksini almaq istədiyinə diqqət çəkib. “Ermənistan ”İsgəndər" raketlərini əldə etdi. Azərbaycanın “İsgəndər”lərə qarşı S-300 və “Barak-8" sistemləri var. Bu baxımdan, onun ”Dəmir günbəz" kompleksini almaq istədiyi suallar yaradır. Bundan başqa, Azərbaycan İsraildən bir neçə batareya alır. Lakin bunun sayı müəmmalıdır. O məlumdur ki, İsraillə Azərbaycan arasında silah ticarətinə dair sazişlərin dəyəri 5 milyard dollardır", - deyə “Stratfor” qeyd edib.
Mərkəzin hesabatında bildirilir ki, Dağlıq Qarabağda müharibənin başlanması ehtimalı böyükdür: “Apreldə baş verənlər göstərdi ki, döyüş hərəkətləri güclənə bilər. ”Dəmir günbəz" müharibə zamanı təmas xəttinə yaxın şəhər və bazaların qorunmasına kömək edə bilər".
Ərazilərinin işğalına son qoymaq üçün müdafiə tədbirlərinə əl atan, üstəlik, təcavüzkar Ermənistanın “İsgəndər”lə bağlı təhdidlərindən özünü qorumaqdan ötrü hərbi sahəyə böyük miqdarda maliyyə ayırmaq məcburiyyətində qalan Azərbaycanın İsraildən “Dəmir günbəz” almasına “Startfor”un həyəcanlı reaksiyası diqqət çəkir. Ancaq nədənsə mərkəz Ermənistanın paytaxtında “İsgəndər”lər görünəndə və işğalçı ölkə açıq şəkildə Bakını təhdid edəndə, hətta prezident Sərkisyan Azərbaycan paytaxtını vura biləcəyi barədə sərsəm bəyanat səsləndirəndə ABŞ təşkilatı çox soyuqqanlı davranmışdı. Azərbaycan Ermənistanın bölgəni fəlakətə sürükləyən addım atmasından, “İsgəndər” raket-kompleksləri almasından dolayı narahatlığını ifadə edəndə “Stratfor” Moskvanın Ermənistanı silahlandırmasını “bölgədə güc balansını qorumaq istədiyini və yeni müharibənin olmamasına çalışması kimi” şərh etmişdi. “Stratfor” agentliyi ehtimal etmişdi ki, “İsgəndər” raketləri aprel döyüşlərindən sonra Azərbaycanı ehtiyatla davranmağa vadar edəcək. İndi isə mərkəz ərazisi 25 ildir işğalda olan Azərbaycanın cavab addımı atmasını həyəcanla qarşılayır.
Hərbi ekspert Azad İsazadə bu barədə danışarkən əvvəlcə qeyd etdi ki, baş nazir Netanyahunun son səfəri də İsrail-Azərbaycan hərbi əməkdaşlığının davam edəcəyini deməyə əsas yaradır. Bu mənada “Dəmir günbəzlər”lə bağlı razılaşma da tam məntiqlidir: “Bu silahlar daha geniş ərazini havadan müdafiə imkanı verəcək. Özü də təkcə ”İsgəndər"lərə qarşı yox, ümumiyyətlə, orta mənzilli raketlərə qarşı ən yaxşı müdafiə sistemidir".
“Stratfor” mərkəzinin son hesabatına gəldikdə, A.İsazadə qeyd etdi ki, bu, səbəbsiz deyil: “”Stratfor" hərbi analitika ilə məşğul olmağına baxmayaraq, daha çox siyasi qurumdur. Onun bu reaksiyası hansısa siyasi vəziyyətə, o cümlədən Cənubi Qafqazda gedən proseslərə reaksiyadır. Bunu da təbii qarşılamaq lazımdır". Hərbi ekspert ABŞ kəşfiyyatının müharibə xəbərdarlığını da real saydı: “Cəbhədəki vəziyyət kövrəkdir, hər an hansısa ciddi hadisə baş verə bilər”.
Son məlumata görə, S.Sərkisyan danışıqlardan hələ sentyabr ayında, “İsgəndər”ləri İrəvandakı hərbi paradda görəndən sonra imtina edib. Reallıq hissini itirən erməni prezidentə vəziyyətin çox təhlükəli olması ilə bağlı eks-prezident Levon Ter-Petrosyanın son çağırışına isə hələlik rəsmi İrəvandan reaksiya verilməyib. Belə bir durum isə böyük müharibəni qaçılmaz edir.