Cavid Qurbanovdan şok qərar - ASC sədri Dəmir Yol Xəstəxanısını və Poliklinikasını ləğv edir

23-12-2016, 20:15           
Cavid Qurbanovdan şok qərar - ASC sədri Dəmir Yol Xəstəxanısını və Poliklinikasını ləğv edir
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov Hacıqabul rayon Dəmir Yol Xəstəxanısının və Poliklinikasının bağlanması ilə bağlı qərar verib.

Mia.az-ın məlumatına görə, bununla bağlı sözügedən səhiyyə müəssisələrinə bildiriş göndərilib və bildirilib ki, orada çalışanlar üç ay müddətidə yeni iş yeri tapsınlar. İşsiz qalmaq təhlükəsiylə üzləşən tibbi personal Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya və digər aidiyyatı qurumlara müraciət ünvanlayıblar.

Mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik.
Cənab Prezident!

Biz Hacıqabul rayon Dəmir Yol Xəstəxanısının və Poliklinikasının bir qrup işçisi sizə müraciət edərək, qarşıda bizi gözləyən ağır günlərdən xilas etməyinizi xahiş edirik. Biz Sizin yürütdüyünüz sosial-iqtisadi siyasəti dəstəkləmişik və hər zaman sizin müəyyənləşdirdiyiniz yolda yürümüşük. Həyata keçirdiyiniz siyasət nəticəsində görülən işlər göz önündədir. Hər bir vətəndaş bunu öz həyatında hiss edir. Biz səhiyyə işçiləri olaraq, Sizin səhiyyəyə və səhiyyə işçilərinə qayğınızı hiss etmişik.

Möhtərəm Prezident!

Biz son dövrlər ölkədə yaşanan iqtisadi problemləri də anlayırıq. Amma Sizin yürütdüyünüz iqtisadi siyasət nəticəsində bütün bunlara son qoyulacağına əminik. Məlumat üçün bildirək ki, çalışdığımız Hacıqabul rayon Dəmir yol xəstəxanasının və poliklinikasının ləğv olunacağı ilə bağlı bildiriş almışıq. Hər iki səhiyyə ocağında 150-yə yaxın tibbi personal çalışır. Hazırkı ağır bir dönəmdə bu qədər insanın işsiz qalması böyük narahatlıq yaradır. Nəzərə alsaq ki, bu müəssisədə çalışanların hamısının kredit borcları var, o zaman vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu təsəvvür etmək çətin olmaz. Bundan əlavə, kollektivdə şəhid ailəsi, əlil, aztəminatlı ailələrin nümayəndələri çalışır. Eyni zamanda, bu qədər insan ailə başçısıdır və buradan aldıqları məvaciblə ailələrini dolandırırlar. Əgər işsiz qalarıqsa, onsuz da ağır olan maddi durumumuz daha da ağırlaşar. Odur ki, tamamilə işsiz qalmaqdansa, yarımoklad işləməyə belə razıyıq, heş olmasa, evimizə bir tikə çörək apara bilək.

Cənab Prezident!

Yeganə ümidimiz Sizsiniz. Ümid edirik ki, humanist yanaşmanızla Hacıqabul rayon Dəmir yol xəstəxanısının və poliklinikasının fəaliyyətinin davam etdirilməsi və burada çalışan insanların işsiz qalmaması üçün lazımi tapşırıqlar verəcəksiniz. Öncədən təşəkkür edirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.