Prezident:"Mənzil almağa imkanı olmayanlar üçün dövlət öz yardımını əsirgəməməlidir"

25-12-2016, 11:20           

Mənzil almağa imkanı olmayanlar üçün dövlət öz yardımını əsirgəməməlidir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Əziz dostlar, bu gün şəhərimizin həyatında çox əlamətdar bir gündür. Bu gün Bakıda yeni yaşayış kompleksinin təməl daşı qoyulub. Bu münasibətlə Bakı sakinlərini ürəkdən təbrik etmək istəyirəm. Bu, yeni bir sosial layihədir. Bu layihənin icra edilməsi bir daha onu göstərir ki, sosial məsələlərin həlli bizim üçün həmişə prioritet olmuşdur. Bu il aprel ayının 11-də mənim Sərəncamımla Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Bu agentliyin əsas vəzifəsi vətəndaşların mənzil-məişət problemlərini həll etməkdən ibarətdir. Eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində inşaat sektorunun inkişafına yeni təkan veriləcək və bu da, öz növbəsində, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq”.

İlham Əliyev vurğulayıb ki, bu, yeni sosial təşəbbüsdür, yeni sosial layihədir. Sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaq:

“Ümumiyyətlə, son illər ərzində biz ciddi iqtisadi islahatlarla yanaşı, həmişə sosial məsələlərin həllinə də böyük diqqət vermişik. Son 10 il ərzində pensiyalar 7 dəfə, maaşlar 5 dəfə artmışdır. Ölkəmizdə bir çox sosial infrastruktur obyektləri tikilmişdir. Üç mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib təmir edilmişdir. Doxsandan çox məcburi köçkün qəsəbəsi salınmışdır və bu proses davam edir. Ünvanlı sosial yardımın məbləği artırılır və bu proqram üzrə yardım alanların sayı da lazım gələndə artırılır. Bir sözlə, sosial siyasət bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə ki, bu siyasəti daha da uğurla aparmaq üçün bizim güclü iqtisadi imkanlarımız olmalıdır. Bu imkanları biz yaradırıq, hətta böhranlı vaxtlarda da ciddi islahatlar aparılır və bu islahatlar öz nəticələrini verməkdədir. Burada, Yasamal rayonunda icra edilən layihə birinci layihədir. Bundan sonra da layihələr icra ediləcəkdir. Burada 29 yaşayış binasının, uşaq bağçasının, məktəbin tikintisi nəzərdə tutulur. Bu yaşayış kompleksində 1800-dən çox mənzil inşa ediləcək. Ümid edirəm ki, biz bu birinci layihənin açılışını 2018-ci ildə qeyd edəcəyik".

Prezident bildirib ki, müəyyən səbəblər üzündən mənzil ala bilməyən vətəndaşlar da Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində mənzil ala biləcəklər:

"Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, imkanlı təbəqə, yoxsul təbəqə, aztəminatlı vətəndaşlar var və onların problemlərinin həllini dövlət öz üzərinə götürür. Artıq qeyd etdiyim kimi, müxtəlif sosial proqramlar icra olunur və mənzil təminatı da əlbəttə ki, hər bir ailənin həyatında xüsusi yer tutan amildir. İmkanlı vətəndaşlar özlərini mənzillərlə, evlərlə təmin edirlər, ancaq buna imkanı olmayanlar üçün dövlət öz yardımını əsirgəməməlidir. Bu gün bu layihənin başlanması bunun əyani sübutudur. İlk növbədə şəhid ailələrinə, müharibə veteranlarına, gənc mütəxəssislərə, müəllimlərə, alimlərə, hərbçilərə, bu kateqoriyadan olan vətəndaşlara bu yaşayış kompleksində güzəştli şərtlərlə mənzillər veriləcək. Şərtlər doğrudan da çox güzəştlidir, uzunmüddətli ödəmə şərti ilə insanlar yeni mənzillərə köçəcəklər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.