“HÖKUMƏTDƏN 20 MANAT ÇÖRƏK PULU ALAN QAÇQIN O PULLA NARKOMAN OLA BİLİRSƏ, ONDAN YÜZ DƏFƏ ARTIQ ƏMƏK HAQQI ALAN MİLLƏT VƏKİLİ BƏS NƏDİR?”
26-12-2016, 10:35
Hacı Bakir Həsənbəyli: Rus və ya ingilis dilli olmaq qəbahət deyil, lakin milli düşüncədən uzaq olmaq cinayətdir.
Bir neçə gün öncə Biləsuvar qaçqın şəhərciyi adlanan ərazidə məskunlaşmış, əslən Cəbrayıl rayonundan olan sakinlərin sosial problemlərlə bağlı etiraz aksiyası keçirmələri cəmiyyətin ayrı – ayrı təbəqələrində müxtəlif yanaşmalarla müşayət edilən müzakirə mövzusu oldu. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini təmsil edən deputat Astan Şahverdiyevin hadisəyə özünəməxsus münasibəti, aksiya iştirakçılarını “tör-töküntü”, “narkoman, alkoqolik” adlandırması bütün sferalarda etirazlarla qarşılandı. Məsələyə münasibət bildirən sosial məsələlər üzrə ekspert Hacı Bakir Həsənbəyli qeyd etdi ki, etirazlar insanın təminatının deyil, ehtiyaclarının göstəricisidir:
- Sosial ehtiyaclarına görə etiraz edən şəxsləri narkoman, alkaqol düşgünü, cəmiyyətin tör – töküntüsü adlandırmaq və sonrada bunu rüs dilli olması ilə əlaqələndirmək qəbahəti kiçiltmir. Şəxsin rus və ya ingilis dilli olması qəbahət deyil, lakin milli düşüncədən uzaq olması cinayətdir. 1988-ci ildə Azadlıq meydanında etiraz edənləri də, o dövrdə Ali Sovetin sədri olan Elmira Qafarova eyni jarqonla ittiham etmişdi. 30 ilə qədər zamanın keçməsinə baxmayaraq, görünür bəzi şəxslər eyni zalda otursalar da zehniyyətləri hələ də dəyişməyib. Əgər həmin hadisələr zamanı təxminən 40 yaşı olan bir insan, 30 il sonra, təxminən 70 yaşında, ehtiyacını səsli ifadə edən insanla bağlı bu düşüncədədirsə, o halda Azərbaycan hökuməti ciddi düşünmək zorundadır. Davamlı qiymət artımı fonunda insanların sosial – iqtisadi vəziyyətlərinin günbə - gün ağırlaşdığı bir vaxtda bu zehniyyət daşıyıcılarının münasibətləri siyasi sabitliyin pozulmasına xidmət edəcək amildir. Əgər hökümətdən aylıq 20 manat çörək pulu alan qaçqın o pulla narkoman, alkaqol düşgünü ola bilirsə, ondan yüz dəfə artıq əmək haqqı alan millət vəkili bəs nədir? Mənim ehtiyaclarım var demək azğınlıqdırmı? Əgər balası soyuqda donan, ac məktəbə gedən insan sonucda azğılanşırsa, onda hökumət zəhmət çəkib həmin insanların ehtiyaclarını ödəsin. On milyona qədər vətəndaşı olan ölkədə əhalinin 3 milyona qədəri Rusiyada, MDB-nin müxtəlif ölkələrində və Avropada məskunlaşıb. Kimsə isti ocağını, ailəsini ona yad olan, rahat olmayacağını öncədən bildiyi şəhərlə, mühitlə əyləncəsi naminə tərk etməz. Bir ölkə əhalisinin təxminən üçdə birini, ehtiyacın zorən miqranta çevirdiyi vətəndaşını tör – töküntü adlandırmaq 70 yaşlı millət vəkilinin milli düşüncəsinin, təfəkkürünün göstəricisidir. Ola bilsin ki, Astan Şahverdiyev və bu düşüncənin sahibləri ölkədə olan əhalinin 3/1-nin də banklara məcburi borclanmasını, borclarını ödəyə bilməyənlərin məhkəməyə verilməsini də, nə vaxtsa “dələduzların mühakimə edilməsi” kimi dəyərləndirəcək. Halbuki bu gün ölkədə nəinki banklara borclu olmayan, hətta kredit götürənə zamin durmayan bir şəxsi tapmaq belə zordur. Ümumi ölkə əhalisinin 30%-ə qədəri müxtəlif banklara borcludurlar. Nəzərə alsaq ki, bu ölkədə yaşayan əhalinin deyil, ümumi Azərbaycan vətəndaşının statistikasıdır, o halda rəqəm 50%-ə qədər yüksəlir. Və bu 50% isə yalnız bankın qanunla kredit verə biləcəyi şəxslər, yəni 18 yaşından yuxarı hissəsidir, rəqəmlərdəki faiz artımı az qala səsvermə hüququ olan bütün ölkə vətəndaşını əhatə edəcək. Əgər vətəndaşın aylıq gəliri onun tələbatını qarşılamırsa, o halda şəxs gümanı gəldiyi yerə - yəni banklara üz tutur. Əhalinin gəlirlərinin aşağı olması, onları zəruri xərclərə yönəlik yaranmış vəsait çatışmamazlığını kreditlə doldurmağa vadar edir. Bu çarəsizliyin yaratdığı situatsiyadır. Çünki əhalinin böyük hissəsi istehlak kreditlərinə görə borclanıb. Bu cür vəziyyətdə olan insan üçün davamlı ərzaq məhsullarında qiymət artımı, işığın, qazın, suyun qiymətlərinin kifayət qədər böyük faizlərlə müşayət edilən rəqəmlərələ artırılması qərarı, əlavə olaraq insanlarda vətən, torpaq itkisinin yaratdığı stres sözsüz ki, onun etirazına səbəb olacaqdır. Ölkədə səbəbindən aslı olmayaraq baş verən bütün qarşıdıurmalar yolverilməzdir. Lakin Azərbaycan hökumətinin həssas zamanda narazı olan vətəndaşı ilə danışığa, onun dilindən anlaya biləcək birini göndərməsi də olduqca mühüm şərtdir.