Hökumət ən son ehtiyata da əl atdı
26-12-2016, 23:28
Samir Əliyev: «Bu addım büdcənin icrasının vəziyyətinin ağır olduğunu göstərir»
Azərbaycanın dövlət büdcəsində xəzinə hesablarının qalıqları yalnız zərurət yarandığı halda növbəti ilin dövlət büdcəsi xərclərinə yönəldiləcək. Bununla bağlı “Büdcə sistemi haqqında” qanunun 19-cu (Dövlət büdcəsinin kassa icrası) maddəsinin 5-ci bəndinin dəyişdirilməsi təklif edilir.
Layihəyə əsasən, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və zərurət yarandığı təqdirdə növbəti ilin dövlət büdcəsi xərclərinin 1/12 hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir. Habelə bu qanunun 19.2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür. Başqa sözlə desək, dövlət büdcəsinin xəzinə hesablarının qalıqları yalnız zərurət yarandığı halda əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclərə yönəldiləcək.
Bəndin hazırda qüvvədə olan variantı belədir: “İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür. Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, habelə bu qanunun 19.2-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.
Ekspertlərin fikrincə, bu artıq hökumətin ən son ehtiyatlara belə əl atmağa hazırlaşdığını deməyə əsas verir.
İqtisadçı Samir Əliyev bildirdi ki, xəzinə qalıqlarının yaranması neft gəlirlərinin çoxalması səbəbindən olub. Qalan qalıqlar bir ildən növbəti ilə keçilib: «İlin əvvəlində məhz xəzinə qalıqları hesabına ilin ilk ayının maaşları ödənilirdi. Keçən il isə borclanma hesabına xəzinə qalıqları yaranmışdı. Bu il elə bir borclanma yoxdur. Bu il isə öhdəliklər tam ödənilmədən xəzinə qalıqlarının alınması mümkün deyil. Hər bir halda bu addım büdcənin icrasının vəziyyətinin ağır olduğunu göstərir».
S.Əliyev onu da bildirdi ki, hazırda büdcəylə bağlı arzuolunmaz vəziyyət yaranıb. Büdcəyə cəlb olunmalı pul büdcəyə yatırılmır. Neft Fondundan büdcəyə getməli olan pul Mərkəzi Banka yatırılır. «Bunun səbəbi manatla pul kütləsinin bazara girməsinin qarşısını almaqdır. Çünki bu dollara tələbat yarada bilər».