İŞİD-çının müraciətindən bir gün sonra Səngəçalda partlayış: terror, yoxsa texnogen qəza?
28-12-2016, 10:35
Azərbaycanlı “cihadçı”nın video-çıxışının yayılmasının üstündən 1 sutka keçən kimi baş verən hadisə diqqətləri təxribat versiyasının üstünə cəmləyir; ekspert isə bildirir ki, terrorçular öncədən xəbərdarlıq etmir...
Dekabrın 27-si səhər saatlarında Səngəçal qəsəbəsinin Əzimkənd ərazisində 125 atmosferlik qaz kəmərində güclü partlayış baş verib. Ardınca böyük ərazini əhatə edən yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Baş verən partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı açıqlamada bildirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün təhlükə yoxdur. Yanğın günortadan sonra da davam edib.
Partlayış Bakı və Sumqayıt şəhərlərində genişmiqyaslı elektrik kəsintisinə səbəb olub. Paytaxtın, demək olar ki, bütün rayonlarını və şəhərətrafı qəsəbələri əhatə edib. Hadisə onsuz da bərbad durumda olan qaz verilişinə də ciddi təsir göstərib. Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb.
“Azərişıq” ASC mətbuat xidməti partlayışdan sonra məlumat yayıb. Musavat.com-a daxil olan həmin məlumatda deyilir:
“Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində ”Azərenerji" ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb. Bununla əlaqədar olaraq “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhdudiyyətlər tətbiq edilmiş və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranmışdır".
Yaranmış narahatlığa görə “Azərişıq” abonentlərindən üzr istəyib.
Əhali arasında olayın qəsdən törədilməsi haqda məlumatlar yayılıb. Maraqlıdır ki, yanğınla müşayiət olunan partlayışdan 1 gün əvvəl youtube kanalında bir İŞİD ardıcılı olan azərbaycanlının videomüraciəti yerləşdirilib. Həmin videomüraciətdə deyilənlərlə partlayış arasında əlaqənin olduğuna israr etmirik. Həmin videomüraciətdə vəhhabi-sələfi əqidəsinin ardıcıllarından olan azərbaycanlı İŞİD-çi İraqın Mosul şəhərindən Azərbaycan xalqına müraciət edir. O öz müraciətində Azərbaycanı “darul-küfr” (küfr evi) adlandırıb.
Mətbuatda “Azərbaycanlı İŞİD-çi Azərbaycan xalqına müraciət etdi: Çıxın, vurun, öldürün, bıçaqlayın” başlığı ilə tirajlanan bu video Səngəçaldakı partlayışdan 1 gün əvvəl - 26 dekabr 2016-cı ildə yayılıb. Azərbaycanlı olması şübhə doğurmayan şəxs Mosulun xarabalıqları fonunda bu təriqətin ölkəmizdəki ardıcıllarını müraciətində küçələrə səsləyir, deyir ki, xəlfənin vəsiyyətinə əsasən hicrət edə bilməyənlər “onların (yəni Azərbaycanda yaşayan əhalinin - E.M.) gündüzlərini gecə, gecələrini gündüz edin”. Ardınca Çeçenistanda, Almaniyada törədilən terror aktlarını diqqətə çatdırmaqla cihad çağırışı edir.
Maraqlıdır, bu müraciətdən 1 gün sonra Səngəçalda güclü partlayış baş verir və ətraf tüstü-dumana bürünür, gündüzü az qala gecəyə çevirir, Bakı elektrik enerjisinin verilişində problemlərə görə gündüz qaranlığa qərq olur. Bu, təsadüfidirmi?
Qaradağda qaz xəttində partlayış nəticəsində evlərə ziyan dəyib- YENİLƏNİB 3, FOTOLAR + VİDEO
2 İŞİD-çinin öldürülməsinin 2-ci ayının tamamında qaz borusu niyə partladı?
Başqa bir nüans da diqqət çəkir. Partlayış baş verən ərazinin yaxınlığında iki ay öncə 2 İŞİD üzvü öldürülmüşdü. 2 ayın tamamında belə bir partlayışın həmin ərazinin yaxınlığında olması da maraq doğurur. Üstəlik, həmin ərazinin yaxınlığında salınan yeni yaşayış massivlərində məskunlaşanların arasında sələfi təriqətinin ardıcıllarının çoxluq təşkil etməsi haqda da xəbərlər var. Qeyd edək ki, DTX-nin 2 ay əvvəl keçirdiyi əməliyyatla bağlı yaydığı məlumatda zərərsizləşdirilən şəxslərin Azərbaycanda terror əməlləri planlaşdırdıqları xüsusi vurğulanırdı.
Rəsmi məlumatda qeyd olunurdu ki, zərərsizləşdirilən dəstə üzvləri Azərbaycanda ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə planlaşdırıblar.
Cami Emin də ölkədə terror-təxribat törədilməsini planlaşdırıbmış
2016-cı il dekabrın 3-də DTX Bakıda daha bir əməliyyat keçirdi. Bu əməliyyat zamanı 1978-ci il təvəllüdlü Cami Emin Əzizağa oğlu zərərsizləşdirilib. Cami Emin 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuşdu. DTX-nin məlumatında bildirilirdi ki, o, 2016-cı ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərib. Məlumatda daha sonra bildirilirdi ki, Azərbaycan Respublikasının ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırıb. Bununla əlaqədar, 2016-cı il dekabrın 3-də Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.
“Azərbaycanda terror olacaqsa, bunu İŞİD...”
Keçmiş MTN polkovniki İlham İsmayıl baş vermiş hadisəni “Yeni Müsavat”a şərh edib. Onun sözlərinə görə, olay təxribat olsaydı, mütləq bu haqda məlumat açıqlanardı: “Bildiyimə görə, partlayış texniki nasazlıqdan əmələ gəlib. Bu hadisə ola bilər tam təsadüfən həmin videomüraciətdən sonra baş verib. Elə vaxt olub ki, Bakıda bir günün içində bir neçə yerdə qazdan partlayış əmələ gəlib. Maşın partlayıb, ev partlayıb. Xüsusi ehtiyatlılıq yaxşıdır, amma hər şeyi terrorla bağlamaq düzgün deyil. Əgər terrordursa, terror olduğunu demək lazımdır. Deyilsə, bunu ehtimal etmək düzgün deyil”.
İ.İsmayıl hesab edir ki, partlayış terror olsaydı, bu haqda məlumat verilərdi: “İlk baxışdan belə görünə bilər ki, azərbaycanlı İŞİD-çi müraciət etdi və belə bir olay meydana gəldi. İŞİD tərkibində olan Azərbaycan vətəndaşlarının zaman-zaman ölkəmizi hədəf götürən müraciətləri olub. Onlar Azərbaycanı ara-sıra yada salırlar. Terrordan əvvəl videomüraciətin olması professional yanaşma deyil, sadəcə, hədədir. Terrorla bağlı açıq mesaj verilmir. Məxfilik gözlənilir. Təbii ki, həmin videomüraciətdən sonra dövlətin xüsusi xidmət orqanları, təhlükəsizliyə cavabdeh olanların hamısı istər-istəməz 1 nömrəli ayıq-sayıqlığa keçirlər. Ona görə də inanmayın ki, qabaqcadan hər hansı bir müraciət edərlər. İŞİD yeni il qabağı ABŞ-da terror törədəcəyi haqda məlumat yaydı. Əslində bu, ümumilikdə ABŞ cəmiyyətini hədələməyə hesablanan açıq mesajdır. İstəyirlər ki, cəmiyyət qorxu içində qalsın, haradasa onlarla hesablaşsınlar, İŞİD-i bombalamaqdan çəkinsinlər. Yəni Azərbaycanı hədəf götürüb, fikri yayındırmaqla, partlayışı başqa bir ölkənin ərazisində də törədə bilərlər. ABŞ-ın adını çəkib, Avropada, Türkiyədə terror olayı törədə bilərlər”.
İ.İsmayıl “qaz borusu öz-özlüyündə nədən partlasın” sualına belə cavab verib: “Elə vaxt olub ki, qaz partlayışı çöl-biyabanda olub, uzun müddət keçirə bilməyiblər. Ola bilər ki, təzyiq artıq olub, sızma baş verib və partlayışla müşayiət olunan yanğın olub. İstənilən halda ayıq-sayıqlığı itirmək olmaz. Azərbaycanın hədəfə götürülməsi hələ qarşıdadır”. İ.İsmayıl deyir ki, bu gün İŞİD-in hədəfi Azərbaycan deyil.
Hüquq müdafiəçisi “Özbaşına partlayış olmur” deyir
“Yüksək atmosferli qaz xətti özbaşına, kənar təsir olmadan partlaya bilərmi” sualı ilə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya müraciət etdik.
Hüquq müdafiəçisinin cavabı belə oldu: “Özbaşına partlayış olmur. Partlayış üçün sızma olmalıdır. Sızma yerində kimsə kibrit yandırmalıdır ki, belə bir partlayış meydana çıxsın. Bu, elə-belə partlayış deyil. Son illər quruda olan qaz borularında bu böyüklüyündə partlayış baş verməyib. Müstəqil araşdırma aparılmalı, orada dəqiq nə baş veribsə, ölkə rəhbərliyinə, ictimaiyyətə məlumat verilməlidir. Bu, sıradan hadisə deyil”.
M.Qəhrəmanlı deyir ki, olayın səbəbi tam araşdırılmadan konkret olaraq təxribat və ya texnogen qəza olmasını söyləmək çətindir: “Müstəqil araşdırma olmasa nəsə demək çətindir. Yay aylarında Hesablama Palatası ”Azəriqaz"da yoxlama aparıb, yoxlama aktı bu gün imzalanmayıb. Həmin aktda çox ciddi qüsurlar yer alıb. Təsəvvür edin ki, bu gün həmin qaz borularının istismarına cəlb edilmiş şəxslər borularda qazın təzyiqinin tənzimlənməsi üçün siyirtmələrin harada yerləşməsindən belə xəbərsizdirlər. Mütəxəssislərin əvəzinə işə götürülənlərin qaz təsərrüfatından anlayışları yoxdur. Orada idarəçilik böhranından keçib, idarəçilik biabırçılığı yaşanır. Elə struktur islahatları aparılıb ki, sadəcə xaos yaranıb. Ona görə xüsusi, müstəqil komissiya işləyib konkret nəticəni ortaya qoymalıdır. Partlayışın təxribat və ya qaz sızmasından doğmasını yalnız müstəqil şəxslər deyə bilərlər. Belə olmayacağı təqdirdə, səbəb ictimaiyyətdən gizlədiləcək".
[media=https://www.youtube.com/watch?v=NLg-rvvQbfs]