Yenə sərhəddə...İlham Əliyev Kremlin Quba projesini Biləsuvar “beşiyində” necə boğdu?

28-12-2016, 11:27           
Yenə sərhəddə...İlham Əliyev Kremlin Quba projesini Biləsuvar “beşiyində” necə boğdu?
Azərbaycan hakimiyyəti buna getməyə məcbur idi. Söhbət Rusiyada çalışan azərbaycanlılara “otxod” deyən deputat Astan Şahverdiyevin çıxışında ən yüksək səviyyədə reaksiya verilməsindən gedir.

İlk dəfə bir millət vəkilinin açıqlamasına prezident İlham Əliyev ranqında münasibət bildirildi.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dövlət başçısı adından yaydığı bəyanat kifayət qədər həssas və korrekt idi.
Bəyanatda xaricdəki soydaşlarımıza dəstək mövqeyi ilə yanaşı deputatın fikrinə görə özünün məsuliyyət daşıdığını deməsi bir çox qaranlıq mətləblərdən xəbər verirdi.
Bəli, məhz bəyanatda belə də deyilirdi - özü məsuliyyət daşıyır. Yəni, bu, Azərbaycan dövlətinin, hakimiyyətinin mövqeyi sayıla bilməz və məsuliyyəti də mövcud iqtidar daşımır.
Üstəlik, bu açıqlamadan sonra deputatın gecikmiş üzrxahlığı yayıldı. Hərçənd ki, Şahverdiyevin üzrxahlığından öncə prezident köməkçisinin bəyanatı daha böyük əhəmiyyət kəsb daşıyırdı. Niyəsi bir qədər sonra...
***
Anaxeber.Az elə bir neçə gün qabaq “İlham Əliyevin “hədəf mənəm” mesajı” başlığı ilə təqdim etdiyi təhlildə yazırdı ki, bu ismarıc daxili və xarici auditoriyaya hesablanmışdı.

Ya təsadüfdən ya elə mistik olaraq bu məqalənin ardınca deputatın sarsaq sərsəmləməsi aləmi qarışdırdı. İş o yerə çatdı ki, Rusiyadakı azərbaycanlı “vor zakon”lar da millət vəkilinə xəbərdarlıq mesajı göndərdilər.

Şübhəsiz ki, iqtidarın başbilənləri gedişatı izləyir, soyuq başla analiz edir, nəticələr çıxarır və nəhayət, qərar verməyə başlayırlar.

Bu məsələdən öncə də deputat Zahid Oruc neomahmudovçuların meydana çıxdığını söyləməsi, kimlərinsə təxribat yaradaraq xalqı gərginləşdirdiyini və iqtidarn üstünə qaldırdığını bildirməsi hansısa oyunların getdiyini göstərirdi.

Təbii ki, Şahverdiyevin “otxod” sözü ilə hansısa dairələrin sifarişini yerinə yetirdiyini demək sadəlövhlük olardı.

Amma bu açıqlama müəyyən dairələrin əlinə oynamışdı və Azərbaycanı qarışdırmaq üçün bundan gözəl “kozır”, bundan yaxşı fürsət ola bilməzdi. Necə və kimlərin əli ilə, bu sualın cavabı məhz Ə.Həsənovun şifrəli açıqlamasında açılırdı...

***

Hakimiyyət deputatın üzr istəməsindən fərqli olaraq bu məsələdə yubanmadı. Tələm-tələsik bəyanat səsləndi və Rusiyadakı azərbaycanlıları sakitləşdirməyə yönəlik plan işə düşdü.

Çünki danışığını bilməyən deputatın gəvəzəliyi ucbatından az qala Azərbaycan qarışacaqdı. Bu xaosu Rusiyanın yoxsa Cənubi Qafqazı, xüsusən də Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin edəcəyini söyləmək çətindir.

Lakin çox rahatlıqla Quba və İsmayıllı ssenarisinin Biləsuvarda təkrarlanması ehtimalı yüksək idi. Yenə də sərhədə yaxın bir region, yenə də əhalisi aktiv bir əyalət təsadüf etmişdi...

Sevindirici haldır ki, Rusiyadakı azərbaycanlıları və yerli camaatı iqtisadi böhranın ağır dönəmində ayağa qaldırmaq təxribatına cəhdi elə beşikdə boğuldu.

Sirr deyil ki, ölkəmizə qarşı qonşu dövlətlərdən zaman-zaman təhdidlər, təxribatlar olub, Qərb dairələri bu hadisələrdə öz maraqlarını güdüb, öz spekulyativ siyasətini reallaşdırıb.

Amma indi İlham Əliyev iqtidarı daha püxtələşmiş, gözüaçıq, “başına gələn başmqaçı olar” deyiminə uyğun olaraq hansı situasiyada hansı addım atmağın lazım olduğunu gözəl bilir.

Hakimiyyət kifayət qədər həssasdır və insanların heysiyyatı ilə oynayan məmurlara və övladlarına qarşı amansızdır.

Yaxın keçmişdə baş verənlər heç kəsin yadından çıxmayıb: Qubada icra başçısının təhqiramiz çıxışı, İsmayıllıda oxşar ssenari, Cəbrayıl və Salyan icra başçılarının qırmızı xətti keçməsi, deputat Hadı Rəcəbli və Hüseynbala Mirələmovun artıq-əskik danışması, ən nəhayət Astan Şahverdiyevin “otxod”, nəşəxor və s. ifadələri...

Ölkə rəhbərliyi ona göstərilən siyasi etimadı və işgüzar reputasiyasını itirmiş məmurları sistemdən kənarlaşdırmaq xəttini davam etdirir.

Ümumilikdə, İlham Əliyev MDB məkanı üçün cızılan yeni inqilab ssenarilərinə qarşı hərəkətə keçi. Yaxın vaxtlarda daha bir neçə iri ranqlı məmur vəzifədən çıxarılacaq. Bir müddət əvvəl prezident çıxışlarından birinə demişdi: “Hədəf mənəm”.

Bu dünyaya və daxili auditoriyaya bir ismarıc idi. Ümumiyyətlə, Azərbaycanda iqtisadi gərginliyi yaradan hansısa sirli və gizli əllər fəaliyyətdədir.

Onlar şəbəkələşmiş şəkildə ölkədə sosial vəziyyəti ağırlaşdırır və xalqla prezidenti üz-üzə qoymağa cəhd edir. Bu şəbəkənin məqsədi prezidentə təzyiq etmək, islahatları ləngitmək, antiböhran tədbirlərini tormozlamaq və ən əsası onları gözləyən istefaların vaxtını uzatmaqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.