Kommunal xidmətlər sektorunda 6650-yə yaxınyeni iş yeri yaradılacaq
28-12-2016, 21:29
Azərbaycanda kommunal xidmətlərin inkişafı üzrə strateji hədəflər müəyyən edilib.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.
Qeyd olunur ki, 2025-ci il və ondan sonrakı dövr üçün kommunal xidmətlər sektoruna daxil olan elektrik enerjisi, təbii qaz, su və istilik təchizatı istiqamətləri üzrə istehlakçıların tələblərini keyfiyyətli, səmərəli və günün tələblərinə uyğun şəkildə qarşılamaq məqsədilə bir sıra kompleks islahatların aparılması tələb olunur. Qeyd olunan dövrdə dayanıqlı inkişafın təmin edilməsi, sahə üzrə infrastrukturun genişlənməsi və rentabelliliyin təmin edilməsi üçün diversifikasiya olunmuş istehsalın və paylanma şəbəkəsinin formalaşması və səmərəli idarəetmə sisteminin qurulması vacibdir. Sahə üzrə kompleks islahatlar qısa, orta və uzunmüddətli dövrlərdə pilləli şəkildə həyata keçirilməlidir.
Kommunal xidmətlərin inkişafı üzrə strateji hədəflər aşağıdakılardır:
– Kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi;
– Tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi;
– Dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması;
– Səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması;
– Yüksəksəviyyəli su idarəetmə strukturunun yaradılması;
– Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi;
– Dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması
Bildirilir ki, 2025-ci ildən sonrakı dövrdə Azərbaycan Respublikasının milli portfelində elektrik enerjisi istehsalının səmərəliliyinin ən yüksək səviyyəyə çatdırılması hədəflənir. Bu məqsəd iki komponentdən ibarətdir:
– mövcud olan bütün təbii qaz və su əsaslı elektrik enerjisi istehsalı qurğularının tam modernləşdirilməsi;
– ən yüksək səmərəlilik göstəricilərinə malik yeni istehsal qurğularının (təbii qaz, su, külək və günəş enerjisinin istifadəsi ilə elektrik enerjisi istehsal edən qurğuların) tətbiqi.
Azərbaycanda elektrik verilişi və paylanması prosesinin uzunmüddətli perspektivi ilə bağlı iki mühüm məqsəd qarşıya qoyulub:
– 2025-ci ildən sonrakı dövr üçün elektrik verilişi və paylanmasında mövcud olan kommersiya və texniki itkiləri Avropa ölkələrinin müqayisəli göstəriciləri səviyyəsinə çatdırmaq;
– qabaqcıl ölkələrin təcrübələrindən istifadə edərək, elektrik enerjisi sektorunda mövcud çatışmazlıqları aradan qaldırmaq.
Bu məqsədlərə nail olmaq üçün infrastruktur tamamilə modernləşdiriləcək, köhnə və nasaz avadanlıq və qurğular ən müasir avadanlıq və qurğularla əvəz ediləcək (məsələn, ümumi şəbəkədə yüksəkgərginlikli yeraltı kabellərin payının artırılması). Daha sonra elektrik enerjisinin verilişi və paylanması xətlərinin uzaqməsafəli izlənilməsi və nəzarəti üçün rabitə kanalları vasitəsilə şifrələnmiş siqnallarla işləyən nəzarət və məlumatalma sistemi (SCADA sistemi) tam tətbiq ediləcək. SCADA sistemi mümkün müdaxilə və ya itkiləri tam müşahidə etməyə imkan yaradaraq, şəbəkənin ümumi keyfiyyət və səmərəliliyini yaxşılaşdıracaq.
Eyni zamanda, elektrik enerjisi sektorunun pərakəndə satış komponenti ilə bağlı iki mühüm məqsəd prioritetləşdirilir:
– sənaye və kommersiya sahəsində Avropanın enerji səmərəliliyi səviyyələrinə çatmaq – hər iki sahədə dövlət müxtəlif enerji səmərəlilik metodologiyalarını stimullaşdıracaqdır (məsələn, enerjidən səmərəli istifadə edən binaların və məhsulların təbliği);
– elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün tələb olunan infrastrukturu qurmaq – 2020-ci ildən etibarən respublikada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir. Azərbaycan Respublikasında bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir.
Qaz təchizatında isə Bakı şəhərində itkilərin azaldılaraq Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulur. Qazın paylanması zamanı baş verən itkilərdən əlavə, mövcud qazpaylama sistemində həmin dövrdə bütün istifadəçilərin sayğaclardan istifadə etməsi ilə səmərəli fəaliyyət tam təmin ediləcək. Bu, daha ətraflı məlumat əsasında şəbəkəyə effektiv nəzarət etmək, habelə yığım səviyyələrinin artımına nail olmaq imkanı qazandıracaq.
İçməli və tullantı suları sahəsində infrastrukturun və keyfiyyətli xidmətlərin əhatə dairəsinin ölkə miqyasında genişləndirilməsinə nail olmaq məqsədi müəyyən edilib. Su sərfiyyatının səmərəli izlənilməsi və qiymətinin hesablanması üçün şəbəkəyə qoşulmuş bütün ev təsərrüfatlarında və kommersiya təşkilatlarında rəqəmsal sayğaclardan istifadəyə keçid təmin ediləcək.
Kommunal xidmətlər sektoru üzrə nəzərdə tutulmuş prioritetlərin icrası nəticəsində 2020-ci ildə real ÜDM 832 milyon manat artacaq, kommunal xidmətlər sektorunda bütün dəyər zəncirində 6645 yeni iş yeri yaradılacaq.
Bu, 2020-ci ildən sonrakı dövrdə Azərbaycan Respublikasında iqtisadi dayaqların və kommunal xidmət sektorunun gücləndirilməsinə imkan verəcək.