Akif Çovdarov: “Gömrük Komitəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti də bizə telefon dinləmələri ilə bağlı müraciətlər edib”
28-12-2016, 23:50
Dinləmə qalmaqalında Rüstəm Usubovun da adı hallanır
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi davam etdirilib.
Prosesdə MTN Monitorinq Mərkəzinin həbsdə olan rəisi Teymur Quliyev ifadə verib. O, heç bir qanun pozuntusuna yol vermədiyini, təlimata uyğun fəaliyyət göstərdiyini deyib. Bildirib ki, nazirin imzaladığı tələbnaməyə əsasən, telefon nömrələri dinlənilib: “Bizim idarənin hər hansı məhkəmə qərarı tələb etmək ixtiyarı olmayıb. Bir çox dövlət qurumu – Gömrük Komitəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti də bizə telefon dinləmələri ilə bağlı müraciətlər edib. Tağı Əhmədovun da telefonu nazirin tələbnaməsi əsasında dinlənilib”.
İclasda Akif Çovdarov da bununla bağlı arayış verib. Bildirib ki, baş prokurorun 1-ci müavini Rüstəm Usubov bəzi cinayət işlərinin araşdırılması üçün onlara müraciət edib. Həmin müraciət əsasında nazir tələbnamə yazıb. Buna əsasən həmin şəxslərin telefonlarının dinlənilməsi Monitorinq Mərkəzinə tapşırılıb.
Daha sonra iclasda A. Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev şahid qismində ifadə verib. O bildirib ki, ötən məhkəmə iclasında ifadə verdikdən sonra Dövlət Təhlükəsizlik Xidmətindəki işindən azad edilib. O, Tağı Əhmədovun epizodu üzrə ifadə verib. İttihama əsasən, T. Əhmədovun oğlu və qardaşı oğlu A. Çovdarova pul verən zaman N. Atakişiyev də orada olub. Lakin N. Atakişiyev bunu təkzib edib. Bildirib ki, istintaq zamanı T. Əhmədovun qardaşı oğlu ilə üzləşmə olub və bu zaman həmin şəxs onu tanımayıb. O bildirib ki, onların A. Çovdarova pul vermək məsələsi yalandır.
Proses yanvarın 9-da davam edəcək. (APA)