SOCAR rəsmisi qəza baş verən kəmərlərlə “Şahdəniz” və “Azəri-Çıraq”dan quruya qaz nəql olunduğunu açıqladı
30-12-2016, 09:52
Səngəçalda partlayan magistral qaz kəmərləri ilə bağlı sensasion etiraf
Xəbər verildiyi kimi, dekabrın 27-si səhər saatlarında Səngəçal qəsəbəsinin Əzimkənd ərazisində 125 atmosferlik 2 magistral qaz kəmərlərində güclü partlayış baş verib. Həmin magistral kəmərlərlə bağlı sensasion təfərrüat məlum olub.
SOCAR-ın rəsmi facebook səhifəsinə (https://www.facebook.com/SOCARofficial/) qurumun Qazixrac İdarəsinin rəis müavini Nazim Səmədzadənin videomüsahibəsi yerləşdirilib. N.Səmədzadənin sözlərindən aydın olub ki, partlayan Azərbaycan üçün iqtisadi və siyasi baxımdan çox önəmli olan Xəzər dənizindəki “Şahdəniz” və “Azəri-Çıraq” neft-qaz yataqlarından quruya qaz nəql olunan magistral kəmərlərdir.
Saytda yerləşdirilən videomüsahibə magistral qaz kəmərinin partlayan hissəsinin fonunda təqdim olunur. Görünür ki, N.Səmədzadə hadisə yerində olub və real vəziyyəti öyrəndikdən sonra vəziyyət haqda danışıb. Rəis müavininin dediklərindən sitat: “Vəziyyət belədir. Yanğın lokallaşdırılır. Yanğın 15-20 dəqiqəyə sönməlidir. Bundan sonra biz qəza-bərpa işlərimizə başlayacağıq. Hazırda respublika ərazisinə qəbul edilən qaz tam şəkildə qəbul olunur. Həm ”Şahdəniz", həm “Azəri-Çıraq” və “Nərimanov Ümid”dən qaz qəbul olunur, respublika ərazisində paylanması həyata keçirilir. Düzdür, bu 2-3 saat ərzində bizdə müəyyən çətinliklər yarandı. Boru xətlərini bağlayıb qazı digər xətlərlə yönəltməklə müəyyən bir vaxt keçdi, ancaq hazırda Bakı şəhəri tam qazla təmin olunur".
Məlumat üçün deyək ki, Azərbaycanın Xəzərdəki “Şahdəniz” yatağından (Faza-I) hasil edilən qazın bir hissəsi (təxminən ildə 7,7 milyard kubmetr) Bakıdan Türkiyənin Ərzurum şəhərinə nəql edilir.
Uzunluğu 970 kilometr, yükgötürmə qabiliyyəti isə ildə 30 milyard kubmetr olan kəmər Bakı-Tbilisi-Ceyhan kəmərinə paralel çəkilib. Türkiyə ilə bağlanmış müqaviləyə müvafiq olaraq, Türkiyə bu kəmər vasitəsilə 15 il ərzində 91,0 milyard kubmetr qaz almalıdır. 2007-ci il martın 13-də ilk “Şahdəniz” qazı bu kəmərə vurulub. Cənubi Qafqaz Neft Kəməri Azərbaycan qazının təkcə Türkiyə bazarlarına deyil, oradan Avropa bazarlarına nəqli üçün də imkanlar açır. Artıq Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan qazı Türkiyədən Yunanıstana nəql olunub. Bundan başqa, dənizdəki neft-qaz yataqları Azərbaycanın qazla təminatında idxaldan asılılığı tamamilə aradan qaldırıb. 2007-ci ildən bu yana Azərbaycan Rusiyadan qaz almağı dayandırıb və tələbatı bütünlüklə daxili mənbələr hesabına təmin etməyə başlayıb.
Partlayışdan sonra SOCAR-ın yaydığı xəbərə görə, ilkin baxış bir neçə versiyanı nəzərdən keçirməyə imkan verir: “2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, yaxud kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları nəzərdən keçirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir. Araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcək”.
15 ilə əvvəl istifadəyə verilmiş magistral qaz kəmərlərinin aşınmaya məruz qalması nə dərəcədə inandırıcıdır?
Hər halda, bu suallara mütəxəssislər aydınlıq gətirməlidirlər.
Qeyd edək ki, magistral qaz kəmərlərində baş verən yanğınla müşayiət olunan partlayışdan 1 gün əvvəl youtube kanalında bir İŞİD ardıcılı olan azərbaycanlının videomüraciəti yerləşdirilib. İŞİD-çi İraqın Mosul şəhərindən Azərbaycan xalqına müraciət edir. Müraciətində Azərbaycanı “darul-küfr” (küfr evi) adlandırıb.
Mətbuatda “Azərbaycanlı İŞİD-çi Azərbaycan xalqına müraciət etdi: Çıxın, vurun, öldürün, bıçaqlayın” başlığı ilə tirajlanan bu video Səngəçaldakı partlayışdan 1 gün əvvəl - 26 dekabr 2016-cı ildə yayılıb.
Azərbaycanlı olması şübhə doğurmayan şəxs Mosulun xarabalıqları fonunda bu təriqətin ölkəmizdəki ardıcıllarını küçələrə səsləyir, deyir ki, xəlfənin vəsiyyətinə əsasən hicrət edə bilməyənlər “onların (yəni Azərbaycanda yaşayan əhalinin - E.M.) gündüzlərini gecə, gecələrini gündüz edin”.
Artıq həmin video youtube kanalından silinib. Həmin videomüraciətlə partlayış arasında birbaşa əlaqənin olmasını iddia etmirik. Ötən yazımızda da qeyd etdiyimiz kimi, sadəcə, müraciətlə partlayışın üst-üstə düşməsi, müəyyən şübhələr yaradır.
Dekabrın 29-da Bakıda daha bir güclü partlayış olub, bu dəfə nazirlik əməkdaşları yaralanıb. Bakının Badamdar qəsəbəsində, Badamdar yolu 5 ünvanının qarşısındakı kanalizasiya quyusunda olan kabellərə texniki baxış keçirilən zaman quyuda yığılmış metan qazı partlayıb.
Nəticədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İB-nin mühəndisləri - 1963-cü il təvəllüdlü Qasımov Namiq Mirzə oğlu və Kazımov Fərman Ziyad oğlu yanıq xəsarətləri alıb. Hər iki şəxsə təcili tibbi yardım göstərilib. Vəziyyəti daha ciddi olan Fərman Kazımov Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bu arada Azərbaycanda polis gücləndirilmiş iş rejiminə keçib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 5-dək daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Xəbər verdiyimiz kimi Bakıda illərdir ki, dekabrın 31-də Yeni il bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda keçirilən ənənəvi konsert proqramı da ləğv olunub. Son məlumata görə, Bakı məktəblərində keçirilməsi planlaşdırılan Yeni il şənlikləri də təxirə salınıb.
Görünür, Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarında elə informasiyalar var ki, kütləvi tədbirlərin təxirə salınması vacib bilinib.
musavat.com