"Telefon danışıqları Eldar Mahmudovun tapşırığı əsasında dinlənilib" - Natəvan Mirvətova
30-12-2016, 13:01
Bir müddət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat Texniki İdarəsinin keçmiş rəisi, bir sıra vəzifə səlahiyyətlərində təqsirləndirilən general-mayor Natəvan Mirvətovanın istintaq zamanı verdiyi ifadə məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, N. Mirvətova özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməsə də, ifadələrində cinayət əməllərini faktiki olaraq etiraf edərək göstərib ki, ləğv edilmiş MTN-in Əməliyyat Texniki İdarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunu, MTN naziri tərəfindən təsdiq edilmiş Əməliyyat-texniki idarənin Əsasnaməsini və idarənin vəzifə təlimatlarını rəhbər tutublar.
O bildirib ki, rəhbəri olduğu Əməliyyat-Texniki İdarəsində telefon danışıqlarına qulaq asma əməliyyat idarələrindən verilərək nazir tərəfindən təsdiq olunmuş tapşırıqlar əsasında həyata keçirilib. Bəzi hallarda idarələrdən tapşırıqlar daxil olanda o, tapşırıqda tədbirin əsaslandırılması qrafasında məhkəmənin qərarı qeyd olunmadığını görüb, tapşırığı verən idarənin rəhbərliyi ilə əlaqə saxlayaraq məhkəmə qərarını onlardan istəyib. Lakin həmin idarələrdən ona məhkəmə qərarının olacağını desələr də, sonradan həmin qərarı verməyib. Rəhbərlik etdiyi idarəyə daxil olan tapşırıqların düzgün tərtibatına fikir verib və tapşırıq tam doldurulmadıqda tapşırığı verən idarənin rəhbərliyi ilə danışıb bu barədə məlumat verib. Lakin hərdən elə olub ki, həmin idarələrin rəhbərləri ona tapşırıqda olan nöqsanları aradan qaldıracaqlarına və qulaq asma ilə bağlı məhkəmə qərarı olmasını desələr də, sonradan həmin nöqsanları aradan qaldırmayıblar.
O, da tapşırıqda nazirin icazəsi barədə imzasının olduğunu görüb məcbur olaraq həmin tapşırıqların icrasına göstəriş verib. Rəhbərlik etdiyi idarədə telefon danışıqlarına qulaq asma texniki tədbir həyata keçirilərkən müstəsna hallarda icraçı tərəfindən təşəbbüskara birbaşa obyektin hansı ərazidə olması, telefonla kiminlə, hansı danışıqları aparması barədə məlumatlar verilib. Bu təşəbbüskarların xahişi əsasında əməliyyat tədbirləri keçirilərkən olub, lakin onlar belə hallarda işçilərə üstü örtülü, yəni açıq olmamaq şərti ilə məlumatların verilməsinə icazə veriblər. Məlumatlar da yalnız nazirliyin işçilərində olan daxili xidməti telefonlar vasitəsi ilə verilib, başqa telefonlarla məlumatların təşəbbüskara verilməsi qadağan olub.
N. Mirvətova Ələsgərov Şahin İsmayıl oğlunun, Sadıxov Akif Ənvər oğlunun, Əsgərov Həsən Məmməd oğlunun, Mehdiyev Adil Şamil oğlunun telefonlarını xatırlamadığını, həmin telefonlara Əməliyyat-Texniki İdarədə qulaq asma tədbirinə dair müvafiq sənədləşmə aparılmayıbsa, deməli həmin nömrələrə yalnız sabiq nazirin şifahi göstərişinə əsasən şifahi qaydada işçilərinə həmin telefonlara qulaq asılmasına dair göstəriş verdiyini bildirib: "Sabiq nazirin göstərişi olmadan, müvafiq sənədləşmə olmadan həmin telefonlarla aparılan danışıqlara qulaqasma tədbirinin həyata keçirilməsinə göstəriş verməzdim".
Bununla yanaşı, N. Mirvətova ifadələrində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin razılığı ilə MTN-in sabiq rəhbərliyinin şifahi tapşırıqları əsasında, hər hansı məhkəmə qərarları alınmadan abonentlərin şəhər telefon nömrələrinə Avtomatlaşdırılmış Telefon Stansiyaları vasitəsilə qanunsuz qulaq asılması faktlarını da ifadələrində faktiki təsdiq edib.