Bakı “sexovşik”inin oğlu Moskva milyonçusuna necə çevrildi, “AST Telman”ın həyat hekayəsi - Həmid Herisçi yazır
16-01-2017, 10:17
Moskvanı atom sığınacaqlarından məhrum edən, MOSSAD-ın siyahısına “Sayan” ləqəbli ilə düşən Telman İsmayılov barədə sensasion faktlar
Sovet vaxtları Azərbaycan SSR ərazisində siyasi dissidentlər vardı. Ancaq onlar sayca çox az idi. Əvəzində iqtisadi dissidentlər - kölgə iqtisadiyyatı üzvləri itinətök qədər çox idi bizim günəşli ölkəmizdə.
Siyasi dissidentləri o vaxtkı DTK-nın, yəni Dövlət Təhlükəsizlik Komitəsinin 5-ci şöbəsi nəzarətdə saxlayırdı, iqtisadi dissidentləri isə qonşuluqdakı 6-cı şöbə. Misal üçün, Stalin komandasının “qara maskalısı” sayılan Sudoplatov öz xatirələrində qeyd edir: “1942-ci ildə Gürcüstanın almanlar tərəfindən işğalı bizə qaçınılmaz göründü. Qərara gəldik hadisələri qabaqlayaq. Qondarma bir Gürcüstan Milli Komitəsi yaratdıq. Zviad Qamsaxurdianın atası Konstantin Qamsaxurdiyanı - xüsusi məxfi agentimizi, gətirib bu quruma başçı təyin etdik. İxtiyarına böyük miqdarda maliyyə, brilyant daş-qaş verib qeyd etdik ki, işğal zamanı o, almanlarla üzdə sıx əməkdaşlıq etməlidir, gizlində isə bizimlə”.
SSRİ dağıldıqdan sonra həmin köhnə xətlər yenidən canlanır. Konstantinin oğlu Zviad Qamsaxurdia köhnə ssenarini təkmilləşdirdikdən sonra Gürcüstan prezidenti seçilir.
***
Oxşar xəttə, strateji at gedişlərinə 1960-cı illərdən sonra iqtisadi dissidentlər də dəvət edildi. 6-cı şöbənin sönməyən nəzarəti altında iqtisadi dissidentlər Moskva, Leninqrad, Yerevan, Odessa, Rostov, Daşkənd, Tiflis və nəhayət, Bakıda müxtəlif sexlər-filan yaradıb başlayırlar durmadan sürətlə varlanmağa.
Gəlirlər artdıqca qır-qızıla, brilyant daş-qaşlara ciddi tələbat yarandığını görən DTK rəhbərliyi “əməliyyat zəncirinə” məxfi bir bank da əlavə etmək qərarını verir lap axırda. Ümumittifaq “Bilik” cəmiyyəti, dönür bu siyasi-iqtisadi eksperimentin əsl məxfi “sınaq meydançası”na. Kuryerlər Moskvadan Bakıya məruzəçi adıyla gəlib, burda çantalarını brilyant daş-qaşlarla, digər zinət əşyalarıy ilə doldurub, yallah, necə deyərlər “daban 56", Moskvaya qayıdırlar.
O zaman bu xəttə düşənlər sırasında kimlər yoxdu ki... İşbazlar siyahısında azərbaycanlılar çoxluqdaydı. Sonra gəlirdi ermənilər, aysorlar, ruslar, nəhayət, həm Avropa, həm də dağ yəhudiləri. Özlərinə “alpinist” deyən bu kiçik zümrə arasında Telman İsmailov adlı birisi, elə bəribaşdan digərlərindən, hətta doğma atası Mərdandan da çox-çox seçilirdi. Mərdan kişi, Bakıdakı ilk kooperativ dükanlar zəncirinin sahibi kimi tanınsa da, oğlu Telmanı özü kimi savadsız, təhsilsiz görmək istəmirdi.
O, əvvəlcə Telmanı göndərir “Narxoz”da təhsilini artırmağa. Sonra təhsil ünvanını Moskvaya köçürür. Telman, Plexanov adına Moskva Xalq Təsərrüfatı institutuna transfer olunub gününü Bakı-Moskva reysi ilə uçan təyyarələrdə keçirir. Əlindəki diplomat çantası bəzən dolu olur o vaxtlar, bəzən bomboş.
Hadisə iştirakçılarından birisi o vaxtkı xatirələrini mənlə bax bu cür bölüşür indi: “Bank binalarını bilirsiniz də necə tikirlər?
Bünövrəsinə, zirzəmisinə ağır İsveçrə seyfləri yerləşdirib binanı mərtəbə-mərtəbə yuxarı qaldırırlar. Bakıda belə köhnə bank binası çoxdan, hələ Nikolay zamanından mövcuddur. Ağır, kodlu-açarlı bu İsveçrə seyfləri həm şəhər lombardının ixtiyarındaydı, həm də kölgə iqtisadiyyatı üzvlərinin. İstifadəçilərdən biri Telmanın atası olub. Kölgə iqtisadiyyatından gələn pullar burda seyfdəki lombard əmanətləri ilə əvəzlənir. Göndərilirdi birbaş Moskvaya. Çamadan daşıyanlar arasında Mərdanın oğlu Telman da vardı”.
Məşhur “Brilyant əl” filminə layiq bu süjet xətti, Telmanı öz ağuşuna alaraq onu birdəfəlik Moskvaya dartıb sürükləyir. Telman, əvvəlcə Ticarət Nazirliyində kiçik inspektor vəzifəsini qazanır, sonra “Vostokintorq”un aparıcı ekspert titulunu. 1989-cu ildə o, burda “AST” şirkətini qeydiyyata aldıraraq başlayır ildırım sürəti ilə Moskva Olimpinin zenit nöqtəsinə doğru durmadan dırmaşmağa. “Alpinist” adını ilk dəfə, bax, burda doğruldur.
“Mosqorispolkom”un “Kooperativlər” şöbəsi sədri, gələcək Moskva meri Yuriy Lujkov, öz müavini, arvadı Yelena Baturina ilə birgə bu “alpinist”ə xüsusi simpatiya ilə yanaşıb, tezliklə onu öz bizneslərinə ortaq edirlər.
Moskvadakı 1993-cü il qanlı hadisələri, Telman üçün əsl dönüş nöqtəsinə çevrilir birdən-birə. Yeltsin, Lujkov o vaxt Rusiya Baş Ordu Qərargahını “suiqəsdçilərlə əlaqə” ittihamı ilə cəzalandırmaq istəyərkən qəfildən gözlərini açıb qarşılarında Telmanı görürlər. Qərara gəlirlər, bəs bu guya göydəndüşmə rəmzdi. Bəs guya sovet ordusunun mal-mülkünü, restoranlarını, hərbi dükanlarını bu alpinistə versək, əla olar.
Rus generallarının keyf çəkdiyi “Praqa” restoranı o dövrdə keçir Telmanın ixtiyarına. Lakin siyahını təkcə elə bu restoranla məhdudlaşmaq düzgün olmaz. Siyahıda həm ordu dükanlar zənciri vardı, həm də atom zərbəsindən qorunma sığınacaqları. Telman İsmayılov tezliklə belə məxfi ünvanlardan birində “Çerkiz bazarı”nı açıb Moskvanı öz rahat atom sığınacağından birdəfəlik məhrum edir. Vyetnamlılardan tutmuş, zəncilərə qədər 72 milləti bu əraziyə sığışdırdıb milyardlar qazanmağa başlayır.
***
Arada o, Bakını da unutmur. Tanış İçsveçrə seyflərinə öz dollarlarını yığıb Bakı valyuta bazarını nəzarətə götürür. Bakıya axan dollar kütləsi əvvəl həmin Nikolaydanqalma seyflərə doldurulur, burdan başqa ünvanlara. O vaxt da, Telman İsrailin kəşfiyyat orqanı olan MOSSAD-ın siyahısında özünə “Sayan” adını qazanır.
“Sayan” sözünün, MOSSAD-ın lüğətində “müstəqil hizmətçi” mənasını verdiyi, görünür, çoxlarına hələ bəlli deyil. “Sayan” kateqoriyasına daxil olmaq yəhudi biznesmenlərə MOSSAD tərəfindən qayğı, kömək vəd edir, bəli, bu “iki vur iki bərabərdi dörd” düsturu qədər banaldı hamı, o cümlədən bizim üçün. Lakin bu proses bir tərəfli deyil. Qarşılıqlıdı, biləsiz.
***
Bu cür şübhəli əlaqələr, ordu mülkiyyətinin qəpik-quruşa özəlləşməsi prosesi tezliklə Kreml rəhbərlərinin, dəqiq desək, Putinin diqqətini özünə cəlb edir. Vəziyyəti rusca görən MOSSAD dərhal geri çəkilir. Telman qalır Moskvada tam köməksiz, əlacsız. Rusiya Baş Ordu Qərargahı generalları öz köhnə xoş günlərini xatırlayıb, “Praqa” restoranını, atom sığınacaqlarını, ordu univermaqlarını geri qaytarıb Telmanı düzdə qoyurlar. Sonra, Putin “Bəziləri, Kalininqrad azad iqtisadi bölgəsindən istifadə etməklə 2 milyard dollarlıq malı gömrüksüz-filansız Moskvaya gətirməyə cəhd göstəriblər” deyərək üzünü Çerkiz bazarına doğru tuşlayır.
Telmanın Türkiyəyə gedib, orda təntənəli şəkildə “Mərdan-Palaz” otelini açması və s. və ilaxır kimi uşaq hərəkətləri Putini əsəbiləşdirib cin atına mindirir lap axırda. Cəza tədbirləri bir ara səngimək nədi, bilmir. Müzakirələr, öz gizli pıçıltılarıyla yadda qalır. Rusiya Baş Ordu Kəşfiyyatı (QRU), fürsətdən istifadə edərək Yeltsin dövründə itirdiyi obyektlərini - “Praqa” restoranını, Hərbi Univermaq binasını, atom sığınacaqlarını geri tələb etməyə başlayanda bəlli olur ki, ay hay...yatıbsız fil qulağında, Telman Mardanoviçin çibində qara qəpiyi də yoxdur ki, sizə qaytarsın.
***
Telman Mardanoviç, müğənnilərin başına şabaş səpmək adətini unudub indi. Başı, saysız qalmaqallara qarışıb deyəsən. Ancaq imkan yaransa, mən ona şou-biznes ulduzlarının başına yüz, iki yüz min dollar pul səpdiyi gözəl günlərini xatırladaram. Belə məclislərin birinə özüm şahidəm. “Sokolnikova” bağındakı restorana Azərbaycan şou-biznes nümayəndələrini yığmış Telman, yadımdadı, oturduğu kreslodon qəfil dik yuxarı atıldı. Manısların birinə yaxınlaşıb, başı üzərinə on min dollar pul səpdi. “AST Telman”ın bazar ortaqları, mənzərəyə qarşı biganə qalmadılar. Yerlərindən növbəylə qalxıb Telmanın hərəkətlərini eynən təkrarladılar. Hərəsi, on min dollar pul səpələdi bu şabaş zamanı çox mənasız, şit bir müğənninin daz başına.
***
Telmana ən güclü zərbəni arxadan elə öz doğmaca qardaşı Rafiq vurdu.
Dövri mətbuatda yazılır: “Mənbə bildirib ki, öldürülən Vladimir Savkin Rafiq İsmayılovla birgə Moskvada iri ticarət-əyləncə mərkəzinin sahibi olub. İsmayılov biznesini satıb. 10 milyon dollar qazanc əldə edib. Bu məbləğdən İsmayılov Savkinə 5,5 milyon dollar verməliydi.
Lakin İsmayılov şərikinə çatacaq məbləği vermək istəməyib, Savkin isə ondan pulu almaq üçün cəhdlər göstərib. Belə görünür ki, İsmayılov pulu verməmək üçün ortağını aradan götürməyi qərara alıb".
Sonrakı cari hadisələr əsl dedektiv filmini xatırladır:
“Rafiq öz killerini - Mehman Kərimovu, qətl yerinə oğlu Raul İsmayılova məxsus ”Mercedes"də aparıb.
Vladimir Savkinlə görüş mayın 16-da Novorisk şosesində yerləşən BP yanacaqdoldurma məntəqəsinə təyin edilib. Təsadüfən Savkin “Lyublino Motors” şirkətinin direktoru Yuri Brilyovu da özüylə götürüb. Biznesmenlərin görüş yerinə çatmasına bir neçə dəqiqə qalmış, Telman İsmayılovun qohumu Raula məxsus “Mercedes” yanacaqdoldurma məntəqəsinə daxil olub. İstintaq müəyyən edib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da var idi. Bunu video-müşahidə kameraları qeydə alıb.
Video-görüntülərə əsasən “Mercedes” yanacaqdoldurma məntəqəsində bir qədər aralıda dayanıb ki, biznesmenlər salondakı Rafiq İsmayılovu görməsinlər.
Biznesmen Vladimir Savkinlə görüşə ancaq Mehman Kərimov çıxıb, qısa söhbətdən sonra killer biznesmenlərlə birgə “Toyota Land Cruiser” markalı cipə əyləşib. 40 saniyə sonra onun arxasınca Rafiq İsmayılovun olduğu “Mercedes” yola çıxıb. Yanacaqdoldurma məntəqəsindən bir neçə kilometr aralıda həmin “Toyota Land Cruiser”i, salonunda güllələnmiş biznesmenlərlə birlikdə tapıblar".
***
Necə deyərlər, “kəndir nə qədər uzun olsa da, doğanaqdan keçər”. Ancaq hər iki qardaşın pasport qeydlərində qəribə fərqlər var. Telmanın pasportunda “İsmailov” yazılıb, Rafiqinkində “İsmaylov”.
Çətin vəziyyətə düşüb müstəntiqlərlə təkbətək qalanda, qardaşlar qohum olduqlarını qəti inkar edirlər. Birinci dəfə deyil ki, bu, təkrarlanır.
Növbəti məhkəmə zamanı da vəziyyət bir də gördüz təzədən təkrarlandı. Telman İsmailov yerindən qalxıb dedi ki, “ay bədbəxtlər, məni niyə dartıb gətiribsiz bura? Rafiq axı mənim qardaşım deyil”...
Qısası, serial davam edir.
Son akkordlar, yaxın vaxtlar TV-lərdə göstəriləcək. Xahiş edirəm, bu səhnələri diqqətinizdən qaçırmayın.
musavat.com