Azərbaycan ordusunun yaz əks-hücumu və Ukrayna ordusunun “Anakonda” planı...

7-02-2017, 17:33           
Azərbaycan ordusunun yaz əks-hücumu və Ukrayna ordusunun “Anakonda” planı...
Artıq ikinci həftədir ki, Ukraynanın cənub-şərqində döyüşlər yenidən qızışıb. Döyüşləri hansı tərəfin birinci başladığı haqda əlbətdə, mübahisələr gedir.

Donetsk separatçıları iddia edir ki, Ukrayna ordusu birinci başlayıb. Ukrayna tərəf isə rusiyameylli separatçıların Avdeyevka qəsəbəsinə güclü artilleriya-raket zərbələri endirməsinə dair sübutları təqdim edir. Bununla belə Ukrayna komandanlığı bildirir ki, silahlı qüvvələr əks hücuma keçərək separatçıları bir neçə istiqamətdə geri oturdublar, yeni mövqelər tutublar.

Bəs Donetsk hərbi əməliyyatlar teatrında əslində nə baş verir?

Virtualaz.org xəbər verir ki, Rusiyanın “Hərbi-sənaye kuryeri” nəşri (“Voenno-promışlennoy kuryer”) bu məsələni təhlil edib və baş verənləri ötən il aprelin 2-də Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi əks-hücum əməliyyatı ilə müqayisə edib.

Nəşr bildirir ki, Ukrayna silahlı qüvvələri “Anakonda” planını həyata keçirərək neçə vaxtdır “sürünən hücum” əməliyyatı aparırdı. Və vəziyyətin kəskinləşməsi qəfildən baş verməmişdi. Ukrayna silahlı qüvvələri təmas xəttini lokal səviyyədə öz xeyrinə dəyişmək üçün ötən ilin martından cəhdlər edir. Əvvəlcə Ukrayna ordusu artilleriyanı təmas xəttinə yaxınlaşdırıb, o cümlədən ABŞ-dan aldığı antibateriya radarlarını təmas xəttinə yaxın yerləşdirib. Ukrayna ordusunun 25-ci hava-desant, 79-cu, 80-ci və 81-ci aeromobil briqadaları təmas xəttinə yaxın mövqe tutub. Lakin Donetsk separatçıları bundan xəbər tutaraq qoşunların cəmləşdirildiyi nöqtələrə artilleriya zərbələri endirib. Bu, ötən ilin may ayında baş vermişdi. Həmin zərbələr zamanı Ukrayna ordusu ciddi itki verib. Separatçıların artilleriya zərbələri nəticəsində məhv edilmiş kontrbatareya radarının, 2S1 “Qiatsint” özüyeriyən artilleriya sistemlərinin və sursat anbarının görüntüləri sonradan internetdə yayılıb.

Şübhəsiz ki, separatçıların Ukrayna ordusunun cəmləşdirildiyi nöqtələrə zərbələr endirməsi Rusiyanın kəşfiyyat dəstəyi olmadan baş tuta bilməzdi. Rusiya separatçıları pilotsuz kəşfiyyat təyyarələri və uzaq məsafədən hərbi texnikanı aşkar edən sistemlərlə təchiz edib.

Yayın ortalarından başlayaraq Ukrayna ordusu taktikanı dəyişib. Silahlı qüvvələrin kiçik bölmələri neytral zolaqda mövqelərini irəli çəkərək daha əlverişli mövqelər tutublar. Bu zaman artilleriyadan istifadə məhdudlaşdırılıb. Nəşr hesab edir ki, Ukrayna ordusunun bu taktikası xeyli ölçüdə Azərbaycan ordusunun Qarabağdakı yaz əməliyyatlarını xatırladır.

Separatçılar Ukrayna ordusunun mövqelərini irəli çəkməsinə sakit reaksiya verməyiblər, onlar Debaltsovo və Mariupl istqiqamətlərində həmlələr edərək yeni mövqelər ələ keçiriblər.

Bu il yanvarın ortalarından etibarən isə vəziyyət kəskin şəkildə gərginləşib, mövqe döyüşləri dəfələrlə artıb. Ukrayna ordusunun əsas qüvvələri Avdeyevka qəsəbəsinin sənaye zonasında və Mariupol ətrafında cəmləşib. Ukrayna ordusunun əsas qüvvələri Avdeyevkanın sənaye zonasına cəmləşdirməsi onunla bağlıdır ki, şəhər şəraitində separatçıların artilleriyası qoşunların cəmləşmə nöqtələrinə ötən ilki kimi sərrast zərbələr endirə bilməsin. Yanvarın 28-də başlayan şiddətli döyüşlər zamanı Ukrayna desantçıları və dəniz piyadaları Avdeyevka istiqamətində irəliləməyi planlaşdırsalar da separatçıların ciddi müqaviməti ilə qarşılaşıblar. Nəticədə hər iki tərəf ciddi itkilər verib, hücum əməliyyatı tezliklə yerini mövqe döyüşlərinə, qarşılıqlı artilleriya zərbələrinə buraxıb.

Mariupol istiqamətində döyüşlər o qədər də şiddətli olmayıb və həmin istiqamətdə də təmas xətti dəyişməyib. Həmin istiqamətdə Ukrayna ordusunun irəliləməsi daha çətindir, çünki şəhər qəsəbələri qurtaran kimi geniş düzənlik başlayır və hücum edən qoşunların irəliləməsi çox çətindir. Onları asanlıqla artilleriya zərbələrinə məruz qoymaq olar.

Doğrudur, Ukrayna komandanlığı Avdeyevka istiqamətində irəlilədiklərini və daha əlverişli mövqelər tutduqlarını bildirib. Lakin müstəqil mənbələr təmas xəttində ciddi dəyişiklərin olmadığını təsdiq edir. Hazırda gərginlik azalsa da tərəflər uzaqvuran artilleriyadan istifadəni davam etdirirlər. Ukrayna ordusu “Uraqan” reaktiv yaylım atəşi sistemlərini, özüyeriyən artilleriya qurğularını , o cümlədən 2S7 “Pion” uzaqvuran toplarını istifadə edir. Separatçılar buna əsasən “Qrad” qurğularından yaylım atəşləri ilə cavab verir.

Ukrayna artilleriyasının məqsədi separatçıların ön xətdəki mövqelərini təcrid etmək, onların təchizat kanallarını kəsmək və ehtiyat qüvvələrin irəli çəkilməsinə mane olmaqdır. Rusiya hərbi nəşri bildirir ki, Ukrayna ordusu hələlik bu istiqamətdə ciddi nəticə əldə edə bilməyib. Müqayisə üçün qeyd olunur ki, ötən ilin yazında Azərbaycan ordusunun hissələri və bölmələri Qarabağda hərbi əməliyyatların birinci gecəsində hiss olunacaq nəticələr əldə etmişdilər.

Ukrayna ordusu isə hazırda mövqe döyüşlərinə cəlb olunub, separatçılar isə belə görünür ki, hərbi sursat və ehtiyat qüvvələr sarıdan korluq çəkmir. Hərçənd Donetsk separatçılarının bir çox mövqeləri artilleriya zərbələri ilə dağıdılıb. Bununla belə Ukrayna kəşfiyyatının zəif işi haqda çoxlu tənqidlər eşidilir. Çünki Ukrayna kəşfiyyatı separatçıların bütün mövqelərinin yerini müəyyən edə, onların hərəkətlərinin mümkün xarakterini proqnozlaşdıra bilməyib. Bu da Ukrayna ordusunun son döyüşlərdə verdiyi itkilərin əsas səbəblərindən biridir.

Vəziyyətin bundan sonra necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Separatçılar iddia edir ki, Ukrayna ordusu təmas xəttinə böyük sayda qüvvələr və hərbi texnika cəmləşdirib, irimiqyaslı hücum əməliyyatlarına hazırlaşır. Ukrayna tərəfi isə separatçıları Minsk razılaşmasını pozaraq vəziyyəti gərginləşdirməkdə günahlandırır. Hərbi cəhətdən Ukrayna ordusu 2014-cü ildə məruz qaldığı ciddi məğlubiyyətlərdən sonra qismən özünə gələ bilib, ancaq belə görünür ki, Kiyevin vəziyyəti öz xeyrinə dəyişmək və rusiyameylli qüvvələrin nəzarətində olan cənub-şərq regionlarını geri qaytarmaq üçün qüvvələri kifayət deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.