Binə” ticarət mərkəzi “çökür”
9-02-2017, 10:10
Rəhbərlik isə ticarətçiləri “soyur”; Bazarda mağazaların yarıdan çoxu boşalıb; alıcılar yoxa çıxıb
“Binə” ticarət mərkəzində alış-veriş tamam “ölüb”. Son aylarda çox az sayda alıcı bu məkana üz tutur. Burada dəyişməyən bir şey var ki, o da ticarət mərkəzinin rəhbərliyinin ticarətçilərə qoyduğu maddi tələblərdir. Məhz elə bu hal rəhbərliklə ticarətçilər arasında narazılıq yaradır...
Əvvəlcə onu qeyd edək ki, “Binə” ticarət mərkəzinə gedən yol da çox bərbad vəziyyətdədir. Ticarət mərkəzinə işləyən azsaylı avtobusların sürücüləri ilə söhbətimiz zamanı onlar söylədilər ki, yol uzun müddətdir təmir olunmur. Buna görə də günü-gündən dağılıb gedir.
Biz də elə bu çalalı-çuxurlu yol vasitəsilə irəliləyib, nəhayət, ticarət mərkəzinə çatdıq.
Ticarət mərkəzinin müştərisiz qalması elə buranın girişindən də hiss olunur. Belə ki, ilk sıralarda demək olar ki, bütün mağazalar boş qalıb. Bu mağazaların bir qismi əvvəlcədən icarəyə götürülməyib, digər bir qisminin isə boş qalma səbəbi müştərinin olmamasıdır. Nəticədə bazarpulu, icarə haqqı və digər xərcləri ödəyə bilməyən satıcılar işləməkdən imtina ediblər. Orada olduğumuz zaman müşahidə etdik ki, əksər satıcılar mağazanın içərisində kompüter, yaxud da telefonla məşğuldurlar. Özləri də bildirdilər ki, müştəri olmadığı üçün başlarını bu cür qatırlar.
“Binə” ticarət mərkəzində brend mağazalardan tutmuş, ticarətin nisbətən yaxşı getdiyi söylənilən orta sıraları da gəzdik. Ancaq demək olar ki, müştəriyə rast gəlmədik.
Satıcı Əsgər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, vəziyyətləri getdikcə pisləşir. Rəhbərlik isə yer pulunda güzəştə getmək fikrində deyil:
“Özünüz gördüyünüz kimi iş getmir. Dolların hər gün bahalaşması isə bizi lap pis vəziyyətə salıb. Bu boyda ticarət mərkəzində alver az da olsa orta sıralarda gedir. Burada belə gün ərzində heç 50 manat xeyrimiz olmur. Buna baxmayaraq, icarə haqqı, bazarpulu dəyişmədən qalıb. Əksinə, rəhbərlik icarə haqqını artırıb. Belə ki, sıradan asılı olmayaraq buradan yer götürmək istəyirsənsə, 900 manat bazarpulu ödəməlisən. Bundan əlavə, 500 manat da mağazanın yiyəsinə icarə haqqı verməlisən. Məsələ bununla da bitmir. 250 manat vergiyə, 10 manat hər ay mühafizəyə, 20 manat da internetə veririk. Bütün bunlardan başqa işıq pulu, karqo pulu da var. Kondisioner işlədənlər 100 manatdan çox elektrik pulu ödəyirlər. Heç bir mağazada sayğac yoxdur. Bu isə az elektrik işlədənlə çox işlədənin arasında fərq qoymur. Dolların qiyməti qalxdıqdan sonra məcbur olub, malı baha satırıq. Onsuz da bura müştəri az gəlirdi, indi isə heç gəlmir. Bir sözlə, vəziyyət çox pisdir”.
“Binə”də maraqlı olan odur ki, digər sıralar boşalsa da, 4-cü, 5-ci sırada boş mağazaya rast gəlmədik. Satıcılar bildirdilər ki, elə ticarət mərkəzinin yalnız bu sıraları doludur. Ona görə də burada icarə haqqını aşağı salmırlar. Məsələ ondadır ki, bu sıralara malı zor-xoş “Binə” rəhbərliyi özü verir.
İcarə haqqının baha olmasına baxmayaraq, müşahidə etdik ki, ticarət mərkəzində təhlükəsizlik tədbirləri, təmizlik çox aşağı səviyyədədir. İlk sıralar demək olar ki, təmirsiz vəziyyətdədir. Bundan əlavə, ticarət mərkəzinə daxil olanlar heç bir xüsusi alətlər vasitəsilə yoxlanılmır. İçəridə də mühafizəçilərə rast gəlmədik. Əksər mağazalarda müşahidə kameraları da mövcud deyil. Bəlkə də buna görədir ki, ticarət mərkəzində tez-tez yanğınlar baş verir.
Satıcı Elxan bildirdi ki, dəfələrlə rəhbərliyə narazılıqlarını bildirsələr də faydası yoxdur: “Ötən ilin əvvəllərində satıcılar yığışdılar, aksiya keçirdilər. Deyirdik ki, ticarət yoxdur. Heç olmasa yer pulunu aşağı salın. Ancaq heç bir faydası olmadı. Deyirlər ki, istəmirsən çıx get. Bundan əlavə, ticarət mərkəzinə çox az sayda avtobus işləyir. Bütün avtobuslar ”Sədərək" ticarət mərkəzinə qədər gəlir, oradan da geri qayıdır. Son vaxtlar ümumiyyətlə alıcılar və ticarətçilər “Sədərək”ə üz tutur. Çünki orada həm alıcılar, həm tə satıcılar üçün əlverişli şərait var. Bura işləyənlərin hamısı mini avtobuslardır. Müştərilər aldıqları malları həmin avtobuslar vasitəsilə apara bilmirlər. Çünki tutumu azdır. Yəni bütün bu kimi hallar nəticəsində burada alver yoxdur, ölüb. Ona görə də buradan hər kəs çıxıb gedir. Elə mən də getməyi planlaşdırıram".
Onu da qeyd edək ki, paytaxtdadan ticarət mərkəzinə gələn “207" nömrəli marşrut xətti də artıq bağlanıb.