Rəsmi Bakının bir gündə iki mühüm qərarı

9-02-2017, 10:36           
Rəsmi Bakının bir gündə iki mühüm qərarı
Lapşinin ekstradisiyası ilə eyni gündə girovluqdakı şəhidimizə Milli Qəhrəman adının verilməsi təkcə işğalçıya ünvanlı mesaj deyil; düşmən belə presedentlərin təkrarlanacağından yana xofdadır; Ermənistandan xaricə mühacirət axını güclənir; sıra “patriot” kəsimə də çatıb...

Meyiti 39 gün düşmən Ermənistanda girov saxlanılan Çingiz Qurbanov Azərbaycan prezidentinin sərəncamı ilə Milli Qəhrəman adına layiq görüldü. Bu, şübhəsiz ki, ermənilərin acığına edilən jest deyil, Azərbaycanın öz şəhid hərbçisinə hər zaman verdiyi dəyərdir. Analoji qiymətə 7 il öncə Mübariz İbrahimov layiq görülmüşdü. Şəhidinə, əsgərinə yüksək dəyər verən xalq isə məğlub sayıla bilməz - savaşı müvəqqəti uduzsa da.

Prezidentin sərəncamı da ən əvvəl o deməkdir ki, biz gec-tez, mütləq işğal altındakı torpaqlarımızı azad edəcək və ora qayıdacağıq. Bu xüsusda Çocuq Mərcanlıya qayıdış planı böyük yolun yalnız başlanğıcıdır. Proses artıq başlayıb və getdikcə böyüyən qar topası kimi o da böyüyərək, daha geniş vüsət alacaq.

*****

Şəhid Çingiz Qurbanova Milli Qəhrəman adı verildiyi gündə Qarabağa birbaşa dəxli olan daha bir mühüm olay baş verdi - işğal altındakı Dağlıq Qarabağa dəfələrlə və nümayişkaranə şəkildə, qanunsuz səfər etmiş, üstəlik, separatçı qurumu “müstəqil dövlət” kimi təbliğ eləmiş blogger Aleksandr Lapşin Azərbaycana təhvil verildi. Ermənistanın havadarı Rusiyanın ciddi cəhdlərinə baxmayaraq, ölkəmizin qanunlarını pozmuş və ona həqarət etmiş cinayətkar Azərbaycana gətirildi.

Yeri gəlmişkən, bu olay işğalçı tərəfdə ciddi əndişə və xof yaradıb. Ermənilər belə bir insidentdən sonra separatçı bölgəyə səfər etmək istəyən əcnəbilərin olmayacağından narahat olmağa başlayıblar. Musavat.com-un məlumatına görə, bu xüsusda tanınmış iqtidaryönlü politoloq, İrəvandakı Beynəlxalq Əlaqələr və Təhlükəsizlik İnstitutunun rəhbəri Stepan Safaryan özünün facebook səhifəsində yazdığı statusda Ermənistanın Belarusdakı səfirinin təcili geri çağırılmasını tələb edib.

“Ermənistanın Belarusdakı səfiri rüsvayçılıqla qovulmalıdır. AŞ PA-nın yanvar sessiyasında iştirak edən erməni nümayəndə heyəti isə bu mövzuda özünə rəva bilmədi ki, Azərbaycan və Belarusda insan haqlarının kobud pozulması ilə bağlı çıxış etsin. Parlament rəhbərliyi tərəfindən bizim nümayəndə heyətinə ciddi xəbərdarlıq elan edilməlidir. Yerdə qalan məmurlar haqda mən susuram”, - deyə erməni politoloq qəzəbini və təlaşını gizlətməyib.

“Lapşinin Azərbaycana təhvil verilməsindən sonra heç bir ağlı başında olan əcnəbi Dağlıq Qarabağa səfər etməyəcək”. Bunu isə jurnalistlərə açıqlamasında Ermənistanın İrs Partiyasının mətbuat katibi David Sanasaryan söyləyib (axar.az). “Lukaşenkonun Lapşini Azərbaycana verməsi sübut edir ki, bizim heç bir diplomatik rıçaqımız Belarus prezidentinin qarşısını ala bilmədi. Xaricilər daha yeni ”lapşinlərə" çevrilməmək üçün Qarabağa səfər etməyəcəklər. Belarusun bu cür hərəkəti yeni xəbər deyil. Bu ölkə hər zaman Azərbaycanın müttəfiqi olub. Nədənsə Ermənistan hələ də heç bir müttəfiqinin olmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqında öz üzvlüyünü saxlayır", - Sanasaryan bildirib.

*****

Şübhə yox ki, yəhudi bloggerin Azərbaycana gətirilməsi Sərkisyan rejiminin Qarabağ mövzusunda seçki təbliğatına da güclü zərbədir. Eyni zamanda dövlətimizin öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacağının növbəti təsdiqidir. Təkcə təsdiqi deyil, eyni zamanda düşmənə və onun arxasında duranlara, dünyaya xəbərdarlıq mesajıdır. Belə mesajlar isə, əlbəttə ki, sonsuza qədər verilməyəcək. Ötən ilin aprelində kimi, günün birində real işə çevrilib təcavüzkara sarsıdıcı hərbi zərbələr şəklini alacaq.

Qısası, işğalçı əmin ola bilər ki, Azərbaycan torpaqlarında ləngidikcə bu torpaqlar onun əsgərləri üçün yalnız məzara çevriləcəkə, yadellilərin altında torpaq yanacaq. Azərbaycan bu yöndə gərəkən hərbi, siyasi addımları atır və qurtuluş yetişənə kimi atmaqda davam edəcək...

Bu arada illərlə həlli uzanan Dağlıq Qarabağ məsələsi, davam edən müharibə qorxusu və izolyasiya səbəbindən işğalçı Ermənistanda miqrasiya ilə bağlı göstəricilər faciəvi həddə çatmaqdadır (virtualaz.org). Belə ki, hər ay on minlərlə vətəndaş ölkəni tərk edir. Serj Sərkisyanın iki müddətlik prezidentliyi dövründə, yalnız rəsmi məlumatlara görə, Ermənistanı hər yeddi nəfərdən biri tərk edib.

İşsizlik, siyasi repressiyalar, Qarabağda müharibə - bütün bunlar insanları ölkə xaricində daha sakit və ləyaqətli həyat axtarmağa məcbur edir. Yüksək vəzifəli, özü də kifayət qədər kapital yığmış məmurların başlanmış qaçışı ölkənin həm iqtisadi, həm də siyasi cəhətdən sərfəli olmamasının danılmaz sübutudur.

Bir az əvvəl KİV-ə informasiya sızmışdı ki, sabiq maliyyə naziri Qaqik Xaçatryan ailəsi ilə birlikdə ABŞ-a gedib. Ona qədər yenə ailəsi ilə birgə ölkənin təhlükəsizlik idarəsinin rəisi, eyni zamanda Respublika partiyası Vardenis rayon təşkilatı qərargahının başçısı ölkəni tərk etmişdi. İndi isə mühacirlərin sırasına “Azadlıq” radiosu erməni filialının sabiq-direktoru, politoloq Aqasi Yenokyan da qoşulub. Bu yaxınlara qədər o həm də Ermənistan hökuməti yanında KİV-lə iş üzrə idarə rəisi idi. Deyilənə görə, o, San-Fransiskoda məskən salıb.
Yenokyanın facebookdakı son yazısı xüsusi diqqət çəkir. Görünür, indiki Ermənistan üçün dəqiq təyinlər tapmadığından, o, Lermontovun məşhur şeirindən bir misranı misal gətirib: “Bağışla, yuyulmamış Rusiya!” Hərçənd istisna edilmir ki, bununla o, həm də özünün Rusiyadan olan himayədarlarına təşəkkürünü çatdırıb...

*****

Beləcə, düşmən ölkədən xaricə emiqrasiya ən “patriot” kəsimə də çatıb. Bu da öz növbəsində Ermənistanda ənənəvi problemin - orduya çağırış probleminin daha da kəskinləşəcəyi deməkdir. Çünki daha əvvəlki kimi “miatsum” ideyası populyar olmayacaq. Zatən, onsuz da Sərkisyan hakimiyyətinə etibar sarsılmışdı. Bu yandan onun siyasətinə dəstək verənlərin də yorulub kənara çəkilməsi və ya ölkən tərk eləməsi əlbəttə ki, ölkədən mühacir axınını bir qədər də sürətləndirəcək. Təəssüf ki, 19 ildir Ermənistanda hakimiyyəti qəsb eləmiş “Qarabağ klanı” bu proseslərin, Qarabağ məsələsində təxribatçı mövqe tutmağın ölkəni hara apardığının fərqində deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.