"Azərbaycan Qarabağı addım-addım geri qaytarır" - ABŞ kəşfiyyatı
9-02-2017, 12:20
ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi Azərbaycan Ordusunun Odundağ strateji yüksəkliyini ələ keçirməsi haqda yazıb.
teref.az publika.az-a istinadən xəbər verir ki, mərkəz mümkün Dağlıq Qarabağ müharibəsində bunu Azərbaycanın üstünlüyü olaraq qeyd edir. “Dağlıq Qarabağ regionunda son günlər Azərbaycan və Ermənistan arasında toqquşmalar güclənib. Eyni zamanda, gərginlik iki ölkənin sərhədyanı ərazilərində də müşahidə olunur. 2015-ci ilin sonunda Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş vilayəti sərhədindəki hərbi toqquşmalar Dağlıq Qarabağ cəbhəsindəki toqquşmaların sayı qədər olub. Sərhədlərin kobud relyefi və ərazidəki minalar ətraf rayonlarda təhlükəni artırır. Sərhəd ərazilərində bəzən toqquşmalar daha çox olur. Lakin bura Dağlıq Qarabağ münaqişəsinin birbaşa komponenti olmadığı üçün bu ərazilərdə mütəmadi monitorinqlər aparılmır”, - deyə mərkəz bildirir.
“Stratfor” əlavə edir ki, Azərbaycan Ordusu sərhəd boyunca hərbi nəzarəti ələ alır: “Azərbaycan tərəfi yanvarın sonunda Odundağ strateji yüksəkliyində nəzarəti yenidən ələ aldı. Belə görünür ki, Azərbaycan Ordusu fəal şəkildə Ermənistanı geri çəkilməyə məcbur edir. Xüsusilə Qazax rayonu boyunca sərhəd xətlərində üstünlüyü ələ almağı bacarıb. Odundağ yüksəkliyində nəzarəti ələ almaq Ermənistanla müharibədə kiçik də olsa mühüm üstünlükdür”.
Mərkəz əlavə edir ki, Azərbaycan Qarabağı addım-addım geri qaytarır.
“Cəbhədə və sərhədyanı ərazilərdə baş verənlər bunu göstərir. Azərbaycan tərəfinin nəzarəti ələ aldığı ərazilər kiçik görünə bilər. Amma bu, faktiki olaraq münaqişədə ciddi fərqlə üstünlük deməkdir. Bu üstünlük Azərbaycana danışıqlar masasında da kömək edə bilər”, - deyə məqalədə qeyd olunur.