“Azərbaycan gənci və əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq” - Prezident

9-02-2017, 17:36           
“Azərbaycan gənci və əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq” - Prezident
“Keçən il dekabrın 29-da Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olub. Çingiz Qurbanov böyük qəhrəmanlıq, igidlik göstərib”.

APA-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə söyləyib.

Dövlət başçısı bildirib ki, Ç. Qurbanov düşmənlə üzbəüz qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərib: “Təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalsa da, geri çəkilmədi, qorxmadı. Çingiz Qurbanov son nəfəsinə qədər vuruşub, bir neçə işğalçını məhv edib, şəhidlik zirvəsinə ucalıb. Biz Çingiz Qurbanovla fəxr edirik. Bütün Azərbaycan Çingiz Qurbanovla fəxr edir. Bu, bir daha göstərir ki, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgəri var. Çingiz Qurbanov böyük vətənpərvərlik, rəşadətlik göstərib”.

Prezident İlham Əliyev deyib ki, mənfur düşmən bu dəfə də öz qeyri-insani sifətini bütün dünyaya göstərib: “Bir aydan çox müddət Çingiz Qurbanovun nəşini qaytarmaq istəmirdilər. Azərbaycan dövləti Çingiz Qurbanovun nəşinin qaytarılması üçün çox böyük səylər göstərib. Eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmayıb. Biz birgə səylərlə Çingiz Qurbanovun nəşini vətənə qaytarmağa nail olduq. Bakıda təntənəli vida mərasimi keçirilib, daha sonra doğulduğu Qusar rayonuna aparılıb və orada da təntənəli mərasimdən sonra dəfn edilib. Fürsətdən istifadə edərək Qusar rayon sakinlərinə hörmətimi bir daha ifadə edirəm. Qusarlılar Çingiz Qurbanov kimi qəhrəman övladı Azərbaycana bəxş edib”.

Dövlət başçısı qeyd edib ki, dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi: “Çünki keçən ili aprel ayında Ermənistan Silahlı Qüvvələri silahlı təxribat törətməyə cəhd etmişdilər. Ancaq onlar özləri bu təxribat nəticəsində peşman olublar. Azərbaycan ordusu onlara elə zərbə vurmuşdu ki, bu günə qədər özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələnib. Generallar paqonlarını, vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində panika, təşviş hökm sürür. Azərbaycan ordusu, dövləti işğal edilmiş torpaqların bir hissəsini işğaldan azad edib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.