Nazirin qəbulu və yaxud “kəndə naçalnik gəlir”

10-02-2017, 09:20           


Son illər nazirlərin, komitə və xidmət rəhbərlərinin rayonlarda vətəndaşları qəbul etməsi adi bir hala çevrilib. Doğrudur, bu Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir. Belə olmasaydı, bu nazirlərin bir çoxu mübarək qədəmlərini rayonlara basmazdılar. Əslində bir nazirin rayona gəlib vətəndaşları qəbul etməsi üçün heç prezidentin göstərişinə ehtiyac da yoxdur. Amma bizdə gərək nazirləri yerindən dövlət başçısı tərpədə. Prezident onlara deyə ki, xalqın xidmətçisi olun, vətəndaşa xidmət, kömək göstərin, yekəxanalıq etməyin, özünüzü təvazökar aparın. Nə isə. Onların gəlişi ilə işim yoxdur. Bir tərəfdən də yaxşı haldır. Heç olmasa üç-beş nəfər dərdini deyə bilir. Amma olmazmı ki, bu cənabların hərəsi vaxtaşırı rayonlara səfər edib öz rəhbərlik etdikləri sahələrdə olan vəziyyətlə maraqlansınlar. Oxucular mənə irad tuta bilər ki, hörmətli nazirlərimizin paytaxtda işi-gücü çoxdur... Ona görə də rayonlara gəlib palçığa batmaq istəmirlər...

Xaçmaz rayonuna gələn nazir, komitə sədri və xidmət rəislərinin əksəriyyəti qəbulu tarix diyarşünaslıq muzeyində keçirir. İnsafən, bu yeni və gözəl, müasir üslubda tikilmiş binada hər cür şərait var. İclas da keçirmək olar, vətəndaşları qəbul etmək də. Özü də həmin bina redaksiyamızın lap yaxınlığında yerləşir. Elə gördüklərim və müşahidələrim bu yazını yazmağa mənə bəs edir.

Günlərin birində xəbər yayıldı ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeyin binasında qəbul keçirəcək. Səhər işə gələndə bildim ki, camaat düz deyir, rayona yenə də kimsə gəlib. Yol patrul maşınlarının səsi ətrafı basmışdı. Banka, kafeyə və digər obyektlərə gələn maşınları və yaxınlıqda dayanan taksiləri qovurdular. Kimsə sürətlə “Şəxsiyyətlər muzeyi”nin girişindəki dirəyi rəngləyirdi. Bir maşın isə xarab olub yerindən tərpənmirdi. İş o yerə çatdı ki, polislər bir-iki nəfərin köməyi ilə maşını bir təhər ərazidən uzaqlaşdırdılar. Sonra da qaçhaqaç başladı. Nazir gələndə artıq ətraf tərtəmiz idi. Muzeyin qarşısında bir-iki qoca xala qalmışdı, onları da kənarlaşdırdılar. Mən sadəcə bir şeyi anlamaq istəyirdim: Axı bu həngamə kimə lazımdır? Mədəniyyət və turizm nazirini Xaçmazda hansı təhlükə gözləyirdi ki? Bu qədər polis iş-gücünü buraxıb cənab naziri kimdən və nədən qoruyurdu? İkinci bir tərəfdən, qoy elə Əbülfəs Qarayev qapısının qıfılı paslı, amma “fəaliyyətdə” olan kənd klublarını gəzərdi, kitabxanaların vəziyyəti ilə maraqlanardı və s. Bir də ki, qışda qapıları açılmayan, yazda ucuz boyalarla rənglənən Nabrandakı bəzi natəmiz istirahət mərkəzlərinə baxış keçirəydi, qiymətlərlə maraqlanaydı. Təbii, bu mənim problemim deyil. Düzünü cənab nazir bilər. Elə zənn etməyin ki, yazdıqlarım təkcə Əbülfəs Qarayevə aiddir. Yox, bu bir adət halını alıb. Elə ki, səhər-səhər yol polisinin əməkdaşları muzeyin qarşısını cansız və canlı obyektlərdən təmizləməyə başlayırlar, deməli, rayona nazir və yaxud hansısa yüksək vəzifəli gəlir. Yadıma düşmüşkən birini də deyim, keçən söhbətdir. Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə də gələndə eyni mənzərə yaşandı. Əsl şikayətçilər qaldılar bir qırağa, nazir “kimlərisə” qəbul etdi. Heç yadımdan çıxmır. Qəbuldan sonra çayxanada oturmaqdan bezmiş qoca ər-arvad redaksiyamıza üz tutdular. Səhv etmirəmsə, ev telefonundan şikayətləri vardı. Amma cənab nazirlə Bakıdan gələnlər yaşları səksəni haqlamış ər-arvadı qəbula buraxmayıblarmış. Düzünü Allah bilir. Bizə belə dedilər və suları süzülə-süzülə evə qayıtdılar. Əgər cənab nazir Xaçmaz şəhərinin mərkəzində dayanıb yoldan ötənlərlə adi bir söhbət etsəydi çox şey öyrənərdi. Ona deyəcəkdilər ki, Sovetlər Birliyindən qalma xətlər camaatı zinhara gətirib, internet bərbad vəziyyətdədir, bəzi yerlərdə telefon dirəkləri çürüyüb sallanır və s. Görün mən nə qədər problem saydım. Bir şeyi də başa düşmürəm. Niyə bu nazirlər rayona gələndə tabeliyindəkiləri mütləq xəbərdar etməlidirlər. Mən qəbul günlərini nəzərdə tutmuram. Olmazmı ki, hansısa iş günü bir nazir qəflətən rayona gəlib rəhbərlik etdiyi sahədəki vəziyyətlə maraqlansın.

Sizə ən maraqlısını danışım. 2015-ci ilin dekabrında nəqliyyat naziri cənab Ziya Məmmədov Xaçmaza təşrif buyurdu. Yenə də əvvəlki kimi muzeyin qarşısında aləm bir-birinə dəydi. Amma bu dəfə fərqli idi. Ona görə də hamı niyə muzeyin qarşısına bu qədər adamın yığılmasına təəccüblə baxırdı. Bir az keçəndən sonra hər şey aydın oldu. Muzeyin içindən hündürboylu və arıq bir kişi çıxıb redaksiyanın qarşısında dayanan CİP-ə yaxınlaşdı. İçəridən bir ayaqqabı qutusu götürdü. Muzeyin qabağında nə qədər adam vardısa tökülüşdülər bu kişinin üstünə. O da sürətli addımlarla muzeyin sol tərəfinə keçib başladı qutudan dollar çıxarıb paylamağa. Kiminə yüz, kiminə iki yüz... Cəld tərpənib dörd yüz qoparanlar da oldu. Adamlar yalnız “pul ver” deyib qışqırırdılar. Deyəsən axırda pul qurtardı. Kişi(öyrəndik ki nazirlik rəsmisidir) güclə kütlənin əlindən qaçıb özünü maşına dürtüşdürdü və aradan çıxdı. Polis də bir-iki nəfəri yaxalayıb şöbəyə apardı. Yalan-doğru nazirlə Bakıdan gələn tanımadığımız bir nəfər fəxrlə dedi ki, kişi(Ziya Məmmədovu nəzərdə tuturdu) camaata 35 000 dollar pul payladı. Sonra cənab nazir asta addımlarla binadan çıxıb maşınına yaxınlaşdı. Paltodaşıyanı onu geyindirib xidməti maşınına əyləşdirdi. Bu da növbəti nazirin qəbulu. Hökumət üzvünün vətəndaşları dilənçi yerinə qoyaraq pul paylaması hamını şoka salmışdı. Əhaliyə niyə pul paylanırdı? Əgər cənab nazirin şəxsi pulu idisə, olmazdımı ki, elə şəhid ailələrini və kimsəsizləri yığıb bu pulu mədəni formada onlara verəydi. Yox şəxsi pulu deyilsə, kim ixtiyar verib ki, dövlətin pulunu belə səpələyəsən? Yəqin ki, məni qınayanlar və nəqliyyat nazirinin tərəfini saxlayanlar da olacaq. Deyəcəklər ki, nə pislik edib ki, pul paylatdırıb da. Məsələ bunda deyil. Söhbət dövləti təmsil edən nazirdən və onun insanlarla davranışından gedir. Yadımdan çıxmamış onu da deyim ki, bu hadisə baş verəndə devalvasiyaya təxminən iki aydan da az vaxt qalmışdı...

Eyni vəziyyətdir. Elə ki, yol patrul xidmətinin əməkdaşları “Şəxsiyyətlər muzeyi”nin qarşısında(tarix diyarşünaslıq muzeyi də burada yerləşir) hay-küy qoparıb maşınları qovmağa başlayırlar, deməli rayona nazir gəlir. Rəhmətlik Mirzə Cəlil demişkən, “kəndə naçalnik gəlir”.

Müqəddəs Mehdiyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.