Məleykə Abbaszadənin şok imtahan tələsi: 80 min abituriyentin pulu hara gedəcək? - Detallar
10-02-2017, 09:50
Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları qaydalarına dəyişikliyin gerçək səbəbləri üzə çıxıb
DİM sədri Məleykə Abbaszadənin məqsədi maliyyə itkilərini abituriyentlərlə bərpa etməkdir.
Hər il ali məktəblərə qəbul imtahanlarında 80 minə yaxın abituriyentin iştirak etdiyini nəzərə alsaq, DİM bu proseslə öz maliyyə sıxıntısını həll edə biləcək. Yəni azı beş dəfə sınaq, iki dəfə qəbul imtahanı keçirməklə özünə lazım olan vəsaiti əldə etmiş olacaq.
Yeni qərara əsasən, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilib.
Dövlət İmtahan Mərkəzinin il ərzində abituriyentlərin bir neçə dəfə qəbul imtahanını keçirmək təklifini verməsinə səbəb onun publik şəxs olması nəticəsində dövlət büdcəsinin vəsaitlərindən məhrum edilməsi və maliyyə gəlirlərinin az olması ilə bağlıdır.
DİM sədri Məleykə Abbaszadə islahat adı ilə işin maliyyə tərəfini hesablayıb. Tarif Şurası qəbul imtahanı verəcək abituriyentlərə şok yaşatmağa hazırlaşır. Yayda imtahanların qiyməti açıqlanacaq.
İqtisadi şərait getdikcə pisləşir və valideynlərin tələbə olmaq istəyən övladları üçün imtahan pulunu ödəmək imkanı olmayacaq. İnsanlar iş yerlərini itirir, əmək haqları azalır, təhsil haqlarını ödəmək çətinləşir.
Belə olan halda qəbul imtahanını da ödənişli etmək ikiqat yük olacaq. Tarif Şurası isə əhalinin imkanlarını nəzərə alaraq tarifləri müəyyən etməlidir.
Məlumdur ki, Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edib.
Dövlət İmtahan Mərkəzi də bu tariflərə uyğun ödənişli əsasda bu ildən başlayaraq orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi və dövlət qulluğu üzrə test imtahanlarını təşkil edəcək.
Gələn son xəbərlərdə bəzi universitetlərdə təhsil haqlarının artırılacağı bildirilir. Sentyabrdan etibarən özəl və dövlət ali məktəblərində təhsil haqlarının tariflərinə baxılacağı deyilir.