Mingəçevir Şəhər Polis Şöbəsindəki intihar hadisəsinə görə keçmiş polis zabiti həbs edilib
10-02-2017, 12:49
Şəki Apellyasiya Məhkəməsində Mingəçevir Şəhər Polis Şöbəsi Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahlar Şahlarzadənin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi baş çatıb.
“Report”un məlumatına görə, hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun apellyasiya protesti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Ş.Şahlarzadənin Cinayət Məcəlləsinin (CM) 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə bəraət verilməsi və onun CM-in 314.2-ci 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2016-cı il tarixli hökmü qismən, yəni onun CM-in 314.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində ləğv edilib və həmin hissə üzrə yeni hökm çıxarılıb. Hökmə əsasən, təqsirləndirilən şəxs CM-in 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinib 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum edilib.
Bundan başqa, məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 22 avqust 2015-ci ildən hesablanması barədə hökm çıxarıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2016-cı il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Bəhruz Hacıyev narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib. Daha sonra B.Hacıyev özünü pəncərədən atıb. Mingəçevir Şəhər Polis Şöbəsində faktı üzrə cinayət işi başlanıb və 22 avqust 2015-ci ildə isə 1991-ci il təvəllüdlü Ş.Şahlarzadə həbs edilib.
Müəyyən edilib ki, həmin orqanın cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Ş.Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq B.Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub.
Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Ş.Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Eyni zamanda, tabeliyindəki xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir şəhər polis şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlova “şiddətli töhmət” elan olunub.
İstintaq orqanı Ş.Şahlarzadə barəsində CM-in 125-ci və 308.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsində, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə CM-nin 125-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə Ş.Şahlarzadəyə bəraət verilib, ona qarşı CM-nin 308.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməli isə CM-nin 314.2-ci maddəsinə tövsif edilib. Hökmə əsasən, Ş.Şahlarzadə 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməkməsi barədə hökm çıxrıb.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, Ş.Şahlarzadənin cəzasının ağırlaşdırılmasını tələb edib.