Şərəfsizlərin qisası haqqında
13-02-2017, 09:17
Adətən, mərd adamlardan ən “posledni” tiplərin əliylə qisas alırlar…
Şərəfli insanların da intiqam hissi olur. Amma bu hissi kişi kimi, mərdi-mərdanə yaşayarlar. Hətta onu deyim ki, şərəfli və vicdanlı insanlarda kin-küdurət o qədər güclü olmadığından, qisas almaq, heyif çıxmaq həvəsi də o dərəcədə olmur.
Şərəfli insanlar üçün ən önəmli olan işləri, mübarizələridir.
Lakin kişilik heysiyyəti zəif olan adamlar hər fürsətdə “xətrinə dəyənlər”dən acıq çıxmağa, qisas almağa çalışarlar.
Bunun üçün, onlar hər vasitəni yoxlamağa hazırdırlar.
Dünən duz-çörək kəsdiyin, “qardaş” dediyin adamı təhqir və təhdid etməyə də, ona söz verib sözünü danmağa da, üzünə durmağa da… Hətta müxtəlif mövqelərdə, müxtəlif cəbhələrdə görünüb əl-qol biçməyə də.
Şərəfdən qıt adamlar həyatda hər hansı fəlsəfə, prinsiplə yaşamazlar. Onlar üçün önəmli olan qisas almaqdır. Əslində, söhbət heç qisasdan da getmir… Belələri həmişə komplekslidir, özlərini təsdiq etmək üçün vurnuxar, “nəyisə bacardım” demək üçün hər gün bir cildə girərlər.
Əlbəttə ki, uduzurlar, yenə uduzacaqlar… Uduza-uduza da gəbərəcəklər.
Mənlikdən, şərəfdən və kişilik hissindən məhrum olan məxluqlar üçün gələcəkdə yer yoxdur.
Gələcək daha dürüst, daha şərəfli olacaq. Gözəl günlər görəcəyik, uşaqlar!..
Amma bir az da vicdanınız olsun, həmrəyliyiniz olsun. İmkan verməyin ki, gözünüzün qabağında mərd insanları əzsinlər. Növbə sizə də çatar…
Rüfət Əhmədzadə