Ölümdən betər sığınacaq: düşmən qoltuğuna gedən Şahin Mirzəyev kimdir?
13-02-2017, 09:24
Talış Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü Şahin Mirzəyev Ermənistandan “müvəqqəti sığınacaq” alıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, “Tolişi Sədo” qəzetinin jurnalisti və “Talış azadlıq hərəkatı”nın üzvü müraciətində “Azərbaycanın etnik və dini azlıqları təqib etdiyinə və onların hüquqlarını kobud şəkildə pozduğuna” görə ölkəni tərk etməyə “məcbur olub”. Həmçinin bildirilir ki, o, Azərbaycanı ailəsi ilə birlikdə tərk edib.
Aztoday.az saytı yazır ki, 21 mart 1960-cı il təvəllüdlü Şahin Mirzəyev əslən Lerik rayonun Kəlvəz kəndindəndir. Həmin kənddə isə ümumiyyətlə, talış yaşamayıb. Əvvəllər Müsavat Partiyasının üzvü olan Şahin Mirzəyev partiyadan ayrılması səbəbini guya etnik ayrı-seçkiliklə üzləşməsi kimi izah edib. Daha sonralar Talış Mədəniyyət Mərkəzinə qoşulan Şahin Mirzəyev özünü separatçı adlandırmaqdan belə çəkinməyib.
Onun Talış Mədəniyyət Mərkəzində fəaliyyəti də əsaslı şübhələrə səbəb olub. Zaman-zaman onun fəallığının arxasında qara niyyətinin durması ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. Şahin Mirzəyev Azərbaycan vətəndaşlığından çıxarılan Ələkrəm Hümbətovun yaxın adamı kimi tanınır. Onun “Tolişi Sədo” qəzetinin əməkdaşı olduğu bildirilsə də, adıçəkilən mətbu orqanın baş redaktoru Hilal Məmmədov bu faktı təsdiqləməyib.
Şahin Mirzəyev
H. Məmmədov “Yeni Müsavat”a bildirib ki, ümumiyyətlə, belə bir adamı tanımır: “Qəzetin elə bir əməkdaşı olmayıb. Onu tanımıram və nə üçün bu addımı atdığını da bilmirəm”. Ş.Mirzəyevin Müsavat Partiyasının üzvü olduğu ilə bağlı iddiaları bu partiyanın funksioneri Yadigar Sadıqov “Yeni Müsavat”a təsdiqləyib: “Yanılmıramsa, 2014-cü ildə partiyadan xaric edilib. Hamı bilir ki, Müsavat Partiyasında etnik ayrı-seçkilik yoxdur. Talış, ləzgi və digər etnoslara aid olan minlərlə şəxs partiyada fəaliyyət göstərir, müxtəlif vəzifələrə seçilirlər və ya təyin olunurlar”.
Onu da qeyd edək ki, Şahin Mirzəyev ötən ilin 10 dekabr tarixində talish.org saytında problemləri ilə bağlı bəyanat yayıb. O iddia edib ki, guya ikinci qrup asma xəstəsi olmasına baxmayaraq, həkimlər hər dəfə ona yanlış diaqnoz qoyaraq onu “fiziki cəhətdən məhv etmək istəyiblər”.
Həyat yoldaşı isə xərçəng xəstəliyi olduğu halda, onu “AzərSuTikinti” xəstəxanasında yanlış diaqnozla əməliyyat ediblər. Ş.Musayev “bütün bunlar məni susdurmağa” yönəlib deyərək “dad çəkib”. Şahin Mirzəyevin düşmən dövlətə sığınması sosial şəbəkələrdə də ciddi qınanıb, “Ermənistana gedincə özünü öldürəydin” kimi şərhlər yazılıb.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanda milli azlıqlarla bağlı heç bir problem yoxdur: “Hətta dünyanın ən böyük ölkəsində milli azlıqlara yanaşma, Azərbaycandakı yanaşma ilə müqayisə olunmur. Düşünürəm ki, damarında azərbaycanlı qanı axan heç kim belə addım atmazdı”.Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu “Yeni Müsavat”a bildirib ki, bu hadisə Azərbaycanı sevməyənlərin bir oyunudur: “Bəzən deyirlər ki, heç bir millət tam pis və ya yaxşı ola bilməz. Ancaq bu, ermənilərə aid deyil. Bu millət bütövlükdə xəstə toplumdur. Ermənistana sığınan adama gəlincə, bu hadisə talış adına ləkədir. Bilirsizmi ki, Qarabağ savaşında nə qədər talış şəhid olub? Təkcə talış deyil, ləzgi və digər millətin oğulları da Azərbaycanın bütövlüyü uğrunda şəhid olublar. Kimliyindən asılı olmayaraq, düşməndən imdad diləmək yaraşmayan bir hərəkətdir. Belə başa düşürəm ki, erməniyə sığınan adam da xəstədir. Guya o, başqa yerə getsəydi sığınacaq alıb yaşaya bilməzdi? Bu, Azərbaycanı sevməyən, Ələkrəm Hümbətov kimilərin bir oyunudur”.