Professor Cahangir Məmmədli: “Cocuq Mərcanlı kənd orta məktəbində dərs deməyə hazıram”
14-02-2017, 09:36
Nəsir Əhmədli: “Burada professoruq, Cocuq Mərcanlıda ibtidai sinif müəllimi də işləyə bilərik”
Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamdan sonra yeni qəsəbənin inşası, kəndin abadlaşdırılması məsələsi müzakirə olunur.
Belə ki, fevralın 11-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə keçirilən müşavirədə bildirilib ki, birinci mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evi, 96 şagirdlik məktəb binası tikiləcək.
Bütün bunlarla bərabər, ölkə ziyalıları da kənd abadlaşdırıldıqdan sonra orada çalışacaqlarını, bu işə öz qatqılarını verəcəklərini bildiriblər.
Belə ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini dekanı, professor Cahangir Məmmədli “Yeni Müsavat”a bildirib ki, o, Cocuq Mərcanlıda məktəb tikildikdən sonra dərs deməyə hazırdır: “İxtisasım jurnalist olsa da ədəbiyyata, dilə meylim çox güclüdür. Hətta bəziləri məni ədəbiyyatşünas hesab edirlər. Azərbaycan, dünya ədəbiyyatını yaxşı səviyyədə bilən adamam. Mənim ədəbiyyatla bağlı təxminən beş kitabım var. Jurnalistika ilə ədəbiyyat birləşəndə şagirdləri daha yaxşı ədəbiyyata yönəltmək, onlara ədəbiyyatı daha mükəmməl öyrətmək olar. Arzum var ki, Cocuq Mərcanlı kəndində məktəb açılan zaman orada dərs deyim. Nazirimizdən xahiş edib, ora dil və ədəbiyyat müəllimi gedəcəm. Belə bir şey ürəyimdən keçir və bunu elan edirəm. Cocuq Mərcanlının bərpası məni çox sevindirir. Ermənilərdən torpaqlarımızı azad etdikcə, içimdə yaranan vətən sevgisi, torpaqlara məhəbbət sayəsində universitetdə müəllim olmaqdan, oranı daha üstün tuturam. Universitet mənim üçün müqəddəs bir yerdir, ancaq Cocuq Mərcanlı mənə daha əzizdir”.
C. Məmmədli cəmiyyətə də müraciət edib: “İnsanlarda bir ehtiyatlılıq məsələsi ortaya çıxa bilər. Düşünərlər ki, cəbhə xəttinə yaxındır və orada atışma baş verər. Azərbaycan cəmiyyətinə, həmyaşıdlarıma, cavan nəslə demək istəyirəm ki, biz aldığımız torpaqdan bir santimetr də geri çəkilməyəcəyik. Çünki bu inam bizdə var. Azərbaycan prezidenti, ordumuz bu inamı bizdə yaradıb. Azərbaycan ordusuna çox inanıram və düşünürəm ki, biz ancaq irəli gedəcəyik. Ona görə də orada ehtiyatlanmaq lazım deyil. Gedib, həmin torpaqları öpə-öpə orada qalaram. Kəndin bərpa olunması, orada görünən işlər bizdə inam yaradır. Təkcə kəndin bərpa olunması, orada yaşayan adamların geri qayıtması və digər bu kimi məsələlər əslində böyük qayıdışa inamın son dərəcə düzgün başlanğıcıdır. Bu başlanğıc məni çox fərəhləndirir. Bütün bunların nəticəsində orada dərs demək qərarına gəlmişəm. Böyük qayıdışın başlandığı nöqtəyə qurban olaram. Torpaq bizi özünə çağırır. Onsuz da o kəndin gəncləri, oranın müdrikləri qayıdıb, orada fəaliyyətlərini, işlərini quracaqlar. Ancaq bu cəmiyyətə bir mesaj da lazımdır ki, torpaqlar bizi gözləyir. O torpaqlar təkcə öz sakinlərini deyil, bundan da başqa bütöv bir Azərbaycanı gözləyir. Bu mənada əlbəttə ki, hər kəs oraya gedib, öz bacardığı işi görməlidir. Ola bilər ki, onların buna ehtiyacı olmayacaq. Ancaq bu, bir mənəvi ehtiyacdır. Mən bu mənəvi ehtiyacımı qarşılamaq üçün əlimdən gələni etməyə hazıram”.
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli də qəzetimizə açıqlamasında Cahangir Məmmədliyə dəstəyini ifadə edib. O da bildirib ki, Cocuq Mərcanlıya getməyə hazırdır: “Məlumdur ki, Cahangir Məmmədli Cocuq Mərcanlı ilə bağlı təşəbbüs qaldırıb. Mən də bu məsələdə Cahangir müəllimə qoşuluram və Cocuq Mərcanlıya getməyə hazıram. Cəmiyyətə də çağırış edirəm ki, ora getmək lazımdır. Əgər ehtiyac yaranarsa, Təhsil Nazirliyi tərəfindən bizə müraciət olarsa, ora getməyə hazırıq. Bəllidir ki, kənd yenidən qurulur və orada kadrlara ehtiyac var. Burada professoruq, Cocuq Mərcanlıda gedib ibtidai sinif müəllimi də işləyə bilərik. Eyni zamanda idman müəllimi, ümumiyyətlə, əlimizdən gələn hər bir işi görə bilərik. Təzə məskunlaşan yerə kadrlar lazım olur. Daha çox həkimə, müəllimə ehtiyac yaranır. Biz, bir vətəndaş, azərbaycanlı, türk olaraq, ora getməyə hazırıq”.