Bəxtiyar Vahabzadənin kürəkənindən Zərdüşt Əlizadəyə sərt cavab - "...atasından danışsın"

16-02-2017, 09:51           
Bəxtiyar Vahabzadənin kürəkənindən Zərdüşt Əlizadəyə sərt cavab - "...atasından danışsın"
Politoloq Zərdüşt Əlizadə lent.az saytına müsahibəsində Azərbaycanın mərhum xalq şairləri Xəlil Rza Ulutürkü və Bəxtiyar Vahabzadəni tənqid edib. O bildirib ki, Bəxtiyar Vahabzadə türkçülük sevgisi ilə yaşamayıb, eşqdən, məhəbbətdən şeirlər yazıb, özü üçün, ailəsi üçün yaşayıb: “Bəxtiyar hələ cavan şair olanda görkəmli ədəbi tənqidçi kimi mənim atam Məmməd Mübariz Əlizadənin yanına gəlirdi. Biz Bəxtiyar Vahabzadə ilə 40 il qonşu olmuşuq. Xalq üçün yaşayan adam Bəxtiyar Vahabzadə kimi təminatlı yaşamazdı. Sadəcə, yaxşı yaşamaq üçün xalqa turançılıqdan, türkçülükdən şeirlər deyirdi. Bu da onun yaxşı çörək yeməyinə kömək eləyirdi. Xalqın hansısa sarı simini dınqıldadıb yaxşı yaşayan şairlərimiz, yazıçılarımız azmı olub?”

Xəlil Rza Ulutürk barəsində isə söyləyib ki, Xəlil Rza Ulutürk milli ədavəti qızışdıran bir adam olub: “Heç vaxt fikirləşmirdi ki, bu xalqın sonu nə olacaq? Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz erməniləri tüpürcəklə boğmalıyıq. Hansı tüpürcəklə? Hansı millətin tüpürcəyi ilə erməniləri qovmaq olardı? Sən görmürsən ki, KQB erməni və Azərbaycan xalqlarını vuruşdurur ki, ortaya bir qarmaq salsın? Xəlil Rza Ulutürk isə KQB-yə xidmət edib qışqırır ki, ermənilərə lənət olsun”.

Z.Əlizadənin bu fikirlərinə “Yeni Müsavat”a açıqlamasında Bəxtiyar Vahabzadənin kürəkəni, 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədov sərt cavab verib. O bildirib ki, Zərdüşt Əlizadə bir politoloq kimi böyük yanlışlıqlara yol verir: “Zərdüşt Əlizadənin söylədiyi fikirləri oxudum, çox təəssüf hissi ilə qeyd edirəm ki, bu adam Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün adını ağzına almaqdansa, türk dünyasına nifrətinin səbəbini desin. Zərdüşt Əlizadə türkçülük, azərbaycançılıq ideyasının düşməni olan atasından danışsın. Sovet hökuməti zamanında rus imperiyasının, İran dövləti ilə birlikdə gizli fəaliyyəti nəticəsində yeni nəsil yaranmışdı. Bu nəsli ”Bakinest" adlandırırdılar. Bu qrupa farslar, ermənilər, bəzi rusdilli azərbaycanlılar, kürdlər daxil idi. Həmin adamlar hər zaman türkçülüyün əleyhinə olublar. İndi də bu kimi əməllərindən əl çəkmirlər. MHP sədri Dövlət Bağçalı bu yaxınlarda çıxışı zamanı bildirdi ki, necə Türkiyənin Məhməd Akifi varsa, Azərbaycanın da Bəxtiyar Vahabzadəsi var. Təəssüf ki, bəzi televiziyalar da Zərdüşt Əlizadənin yolunu tutublar. Belə ki, Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar hazırlanan verilişlərin çoxunda onu eşq, təbiət şairi kimi qələmə verirlər. Onun millətçiliyindən, dövlətə, dilimizə, dinimizə olan münasibətindən danışmırlar. Bunu arxa plana çəkirlər. Zərdüşt Əlizadə də bütün bunları görərək, bir qədər də irəli gedir. Nə zaman Bəxtiyar Vahabzadə eşq şairi olub? O, ömrü boyu fəlsəfi şair adlanıb. Zərdüşt Əlizadənin atasından xəbəri varmı? Atası məhkəmədə Elçibəyin üzünə duran insanlardan biridir. Ona görə də məsləhət bilirəm ki, kökü kəsilməkdə olan Zərdüşt, Araz Əlizadələrə Azərbaycan xalqı fikir verməsin. Onsuz da bizim qeyrətli, savadlı rəhbərlərimiz, xalqımız belə insanları qəbul etmirlər".

Z. Əsədov bildirib ki, Jirinovskini Moskvada danışdıranlar Azərbaycanda da Zərdüşt Əlizadə kimi şəxslərə müvafiq tapşırıqlar veriblər:

“Jirinoviskini danışdıranlar Zərdüşt Əlizadəyə də tapşırıq veriblər”

“Jirinovski tələb edir ki, SSRİ-ni bərpa etmək lazımdır. Onu qışqırdan adam, bunlara da tapşırıq verir ki, siz də bu istiqamətdə danışın. Bunların arzusu sovet imperiyasını bərpa etməkdir. Deyir ki, rus qoşunları Azərbaycandan çıxmamalı idi. Azərbaycanın müstəqilliyinin ilk saniyəsində rus qoşunları Azərbaycandan çıxıb, rus valyutası ölkədə ləğv olunub. Böyük türk, Mustafa Kamal Atatürk yaxşı deyib ki, ”Türkün, türkdən başqa dostu yoxdur".

Zərdüşt Əlizadə də türk deyil. Ermənidir, farsdır, hər nədirsə bilmirəm, ancaq türk deyil. Zərdüşt Əlizadə Bəxtiyar Vahabzadəni istiqlal şairi kimi qəbul edə bilmədiyi üçün ona bu cür yanaşır. Bəxtiyar Vahabzadəni ona görə türk dünyasının ən önəmli şairlərindən biri hesab edirlər ki, o, türkçülüyü hər zaman qoruyub. Çox sevindirici haldır ki, saxtakar “bakinest”lər artıq tükənirlər. Zərdüşt Əlizadə və onun kimilərini qıcıqlandıran Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, “Latın dili” şeiri, “Göytürklər” kimi fəlsəfi əsərləridir. Çünki orada həm ruslara, həm də farslara sataşılır.

Zərdüşt Əlizadə isə həm rusun, həm də farsın dili ilə danışır. Əbülfəz Elçibəyə kürd deyirsə, öz türklüyünü boynuna alırmı?

Niyə deyir ki, azərbaycanlıyam? Deyir ki, Bəxtiyar Vahabzadə türkçülük sevgisi ilə yaşamayıb. Ona demək istəyirəm ki, məhz Bəxtiyar Vahabzadənin böyük xidməti nəticəsində indi Azərbaycanda yaşayan bütün türklər özlərinin türk olduqlarını anlayırlar. Bəxtiyar Vahabzadənin türk sevgisi olmasaydı, onun otağında, başının üzərində Mustafa Kamal Atatürkün portreti olmazdı. Bundan əlavə, onun kabinetində bütün türk dövlətlərinin bayrağı var idi. Zərdüşt Əlizadə buna görə də Bəxtiyar Vahabzadəni istəmir. Deyir ki, Əbülfəz Elçibəy ölmüş türk dünyasının siyasi Şeyx Nəsrullahı idi. Bil ki, türk dünyası heç zaman ölməyib. Sən özün ölü kimisən. Sən türkəm deyə bilərsənmi? Türklərin yer üzünün yarısını işğal etdikləri zamanı, tarixi, deyəsən, qəbul edə bilmirsən. Bu gün də Türkiyənin, Azərbaycanın müstəqilliyini gözün götürmür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.