“Dilqəm deyir ki, mən Şuşadayam, bəs siz hardasınız?"

11-07-2015, 15:42           
“Dilqəm deyir ki, mən Şuşadayam, bəs siz hardasınız?"
“Dilqəm Əsgərovla Şahbaz Quliyevin öz dədə-baba torpaqlarında girov götürülmələrindən artıq bir il ötdü. İndi onları bu ölkədə tanımayan çətin tapılsın. Onlar insan haqqı deyərək bar-bar bağıran bəlli çevrələri tanımayanlara bir daha tanıtdılar”.

Hafta.az-ın məlumatına görə, bu fikri millət vəkili Sahib Alıyev deyib. O bildirib ki, bəzi dairələr insan haqlarını özlərinə lazım olduqda xatırlayırlar:

“Öz torpağında anasının məzarını ziyarətə gedərkən tutulub işgəncə verilən, dəmir barmaqlıqlar arasına atılanlara gəldikdə isə insanlıq və haqq unudulur. Bunun üçün unutmalı olmayanların özləri insan olmalıdırlar axı. Amma insandırlarmı? İnsandırlarsa, bəs niyə səslərini çıxarmırlar? Niyə yalandan da olsa, özlərini darda olanların halına acıyırmış kimi göstərmirlər? İstəyəndə axı bunu yaxşı bacarırlar? Məsələ burasındadır ki, onlar Dilqəmlə Şahbazın buraxılmalarına sadəcə, erməni vəhşiliyi və özbaşınalığıyla üzləşmiş iki azərbaycanlının azadlığa çıxması kimi yanaşmırlar. Belədə bəlkə də, hərbi xuntandan girovların buraxılmasını tələb edərdilər. Dilucu yox, necə lazımdır o cür. Fəqət ona görə etmirlər ki, 10-larla, yüzlərlə, minlərlə həsənlər, dilqəmlər, şahbazlar öz yurd yerlərinə getmək həvəsinə düşə bilərlər. Yaxın Şərqdən ermənilərin gətirilib həmin Həsənin, Dilqəmin, Şahbazın dədə-baba torpaqlarına yerləşdirilməsi onlara əl verir, amma bu torpaqda yaşamağa haqqı olanların ora qayıtması yox. Budur reallıq.

Bilirsiniz, başqa bir reallıq da var. Həmin reallıq Dilqəmin sonuncu məktubunda da öz əksini tapıb. Onun yazdıqlarından da aydınca görünür ki, bütün dünya bir olsa, azərbaycanlını Qarabağsızlığa alışdıra bilməyəcəklər. Sonuncu məktubda Dilqəm "Mən Şuşadayam" yazır. Bunun nə demək olduğunu nə erməni nəzarətçiləri, nə də Qızıl Xaçdakılar anlamayıblar. Anlasaydılar, həmin sözü məktubdan sildirərdilər. Anlamaq üçünsə, azərbaycanlı olasan gərək. Ancaq azərbaycanlı dəmir barmaqlıqlar arxasında saxlansa belə, bu gün Şuşada olmaq istərdi. Ancaq azərbaycanlı bununla fəxr edə bilərdi ki, məncə, Dilqəmin "Mən Şuşadayam" yazması da elə bu deməkdir. Həm də o deməkdir ki, mən Şuşadayam, bəs siz hardasınız?”.

Qeyd edək ki, bu gün Azərbaycan ərazilərini işğal etmiş Erməni Silahlı Qüvvələrinin Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürməsinin bir ili tamam olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.