Ermənistan xilaskarını satır? - işğalçı ölkədən hiyləgər gediş
20-07-2017, 10:05

Gürcüstandakı NATO təlimlərində Azərbaycanın iştirak etməməsinə maraqlı yanaşma; ekspert: “Torpaqlarımızı işğalda saxlayan bir ölkə heç vaxt “layiqli tərəfdaş” ola bilməz və Azərbaycan düz edib qatılmayıb...”
Ermənistan rəhbərliyinin ikili oyun oynadığı, Rusiya və Qərb arasında “şpaqat vəziyyəti”ndə qaldığı növbəti dəfə sübut olundu. Belə ki, İrəvan iyulun 30-da Gürcüstanda start veriləcək NATO hərbi təlimlərinə qatılmağa qərar verib.
Məlumata görə, “Layiqli tərəfdaş 2017" kod adlı təlimlər avqustun 12-dək davam edəcək. Paytaxt Tiflisin yaxınlığındakı Vaziani aerodromunda start götürəcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2.8 min hərbçinin iştirak edəcəyi gözlənilir. Açıqlamalardan bəlli olur ki, təlimlərin açılışında məxsusən ABŞ-ın vitse-prezidenti Mayk Pensin iştirakı gözlənilir.
KTMT, Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinin üzvü olan, quru və hava sərhədlərini Rusiyanın ixtiyarına verən, öz ərazisində Rusiya hərbi bazasının, birgə hərbi birləşmələrin mövcudluğu ilə barışmağa vadar olan işğalçı ölkənin birdən-birə NATO təlimlərində görünməsi səbəbsiz ola bilməz. Bir sıra hallarda Ermənistan Rusiyanı şantaj məqsədilə Avropa Birliyi və NATO ilə əməkdaşlıq məsələlərini qabardır, üstəlik, ölkədə anti-Rusiya bəyanatları daha ucadan səslənməyə başlayır. Bu mənada son təlimlərin Kremlə ünvanlı şantaj məqsədli olduğunu güman etmək olar.
Ermənistan prezidenti son müsahibəsində Rusiyanın Azərbaycana silah satmasından dolayı narahatlığını ifadə etmişdi. Lakin prosesləri daha dərindən təhlil edəndə İrəvanın bu “cəsarəti”nin arxasında əslində Kremlin iradəsinin dayandığını söyləmək mümkündür. Hazırda Rusiya Gürcüstanı bölüb-keçməklə Ermənistana quru yolla dəhliz açmağı hədəfləyib, bu, həm də işğalçı ölkənin blokadadan çıxarılmasına, eyni zamanda Qarabağda müharibənin başlanacağı təqdirdə onu xilas etməyə xidmət edir. Belə bir vəziyyətdə İrəvanın Moskvadan qopması onun intiharı demək olar.
NATO ilə münasibətlərə üstünlük verən Azərbaycanın bu təlimlərə qatılmaması da sual doğurur. Onu da xatırladaq ki, Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov may ayında Brüsseldə NATO-nun mənzil qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak etmişdi. Lakin Azərbaycan ordusunun Gürcüstandakı NATO təlimlərinə qatılmamasının səbəbləri barədə hələlik rəsmi izahat yoxdur.
Politoloq Elçin Mirzəbəyli qəzetimizə dedi ki, NATO rəsmilərinin bu ilin mart ayında “Layiqli tərəfdaş 2017" təlimləri ilə bağlı verdikləri açıqlamada iştirakçı ölkələrin sırasında Azərbaycanın da adı çəkilirdi: ”Son məlumatlardan isə bəlli olur ki, hərbçilərimiz bu təlimlərdə iştirak etməyəcək. Bu təlimlərdə ölkəmizin iştirak etməməsinin səbəbi barədə məlumatım yoxdur". Ermənistanın NATO-nun təlimlərində iştirakına gəldikdə isə Mirzəbəyli dedi ki, işğalçı ölkə bir qayda olaraq alyansın bütün tədbirlərində fəal iştirak edir: “NATO ilə Ermənistanın əməkdaşlığı bəzi digər tərəfdaş ölkələrlə müqayisədə kifayət qədər yüksək səviyyədədir. Ermənistanın NATO ilə yaxından əməkdaşlıq etməsinin Rusiyanın razılığı ilə baş tutduğunu deyə bilmərəm. Ola bilsin ki, hansısa ortaq razılaşma var. Yaxud Moskva bu əməkdaşlığı Rusiyanın Ermənistandakı hərbi-siyasi mövcudluğuna təhlükə saymır və forpostunun bəzi manevr xarakterli hərəkətlərinə göz yumur. Zənnimcə, burada ittiham olunası tərəf daha çox NATO-dur. Çünki başqa bir hərbi-siyasi blokda təmsil olunan ölkənin ”layiqli tərəfdaş" adlanan təlimlərə cəlb edilməsi simasız və riyakar yanaşmadır".
Politoloq hesab edir ki, Azərbaycanın NATO-nun Gürcüstanda keçiriləcək hərbi təlimlərində iştirak etməməsinin səbəblərindən biri ölkəmizin Qoşulmayanlar Hərəkatına üzvlüyü ilə bağlı ola bilər: “Ola bilsin ki, Bakı bununla kollektiv hərbi əməkdaşlıq modelindən birdəfəlik imtina etdiyini nümayiş etdirmək istəyir”.
Hərbi ekspert Üzeyir Cəfərov isə “Yeni Müsavat”a bildirdi ki, bir neçə gündən sonra Gürcüstanda start veriləcək budəfəki NATO hərbi təlimləri sayca üçüncü olsa da, bu tədbirin bəzi incə məqamları diqqəti cəlb etməkdədir: “”Layiqli tərəfdaş 2017" kod adlı təlimlər avqustun 12-dək davam edəcək və əvvəlki təlimlərdə aktiv iştirak edən Azərbaycan Silahlı Qüvvələri budəfəki təlimlərdə hələ ki iştirakçılar arasında yoxdur. Səbəblər müxtəlif göstərilsə də, məncə, burada Ermənistan tərəfinin birdən-birə NATO təlimlərinə maraq və həvəs göstərməsi faktoru da mövcuddur. Sözsüz ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla heç vaxt “layiqli tərəfdaş” ola bilməz və hesab edirəm ki, bizim tərəf düz edib ki, bu bədnam və hiyləgər oyunlar ustası olan ermənilərlə bir araya gəlməyə razılıq verməyib".
Ehtiyatda olan zabitin fikrincə, əslində NATO üçün bu çox göydəndüşmə bir fürsətdir ki, onlar Ermənistanı addım-addım, asta-asta Rusiyanın təsiri altından çıxartmaq siyasətlərini yürüdürlər: “Amma burda maraq doğuran başqa bir məsələ var. Ermənistan bu addımları razılaşdırıb atır, ya sərbəst şəkildə qərar verir? Məncə, rəsmi İrəvan burda daha çox ikibaşlı oyun oynamağa üstünlük verib. Və yaxın zamanlarda biz bunun bəzi nəticələrini də yəqin ki, görəcəyik. Burada daha çox şantaj elementləri görünür. Və yəqin ki, ermənilər bu minvalla bir neçə məqsədlərinə çatmaq istəyirlər. Həm Rusiyanı şantaj edir, həm də NATO-ya hardasa ümid verir ki, siz bizə bir az maddi dəstək olun, biz ola bilsin ki, gələcəkdə Rusiya ilə münasibətlərə nəzər salaq”.
Ü.Cəfərov inanmır ki, Ermənistanın bu özfəaliyyəti rəsmi Moskva tərəfindən müsbət qarşılansın: “Ən azından Rusiya ilə münasibətləri o qədər də isti olmayan Gürcüstan ərazisində keçirilən bu təlimlərdə KTMT üzvü olaraq Ermənistanın fəal iştirak arzusu Sərkisyan və ətrafı üçün yəqin ki, fəsadsız ötüşməyəcək. Həmçinin İrəvanın Rusiya üçün hər mənada problemləri olan Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Ukrayna kimi dövlətlərlə bir araya gəlib təlimlərdə iştirak etməsi heç də Moskva tərəfindən bəyənilməyəcək. Bir sözlə, Ermənistanın bu qərarı yaxın zamanlarda hansı nəticələrə gətirib çıxaracağının şahidi olacağıq. Şəxsən mən o qədər də yaxşı hal olacağını düşünmürəm. Bu, özünü cəbhə bölgəsində də yəqin ki, göstərəcək”.