“Əli Həsənovu ədalətsizlikdə suçlayanlar...” – EV ALMAYAN JURNALİST HƏMKARLARINA SƏSLƏNDİ

21-07-2017, 13:48           

Dünən Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısına məlumat verərək bildirib ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Azərbaycan Respublikası prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var.

Jurnalistlərin mənzillə təmin edilməsi sözün elə hər mənasında möhtəşəm addımdır. Bu günə qədər yüzlərlə həmkarımız ev sahibi olmaq sevincini yaşayıbdır. Yalnız məni incidən, ağrıdan məsələnin başqa tərəfidir. Sosial mediada jurnalistlərin ev məsələsi ilə bağlı narazılıqlar artmaqdadır. İttihamlar, tənqidlər, şəxsi yanaşmaları normal qəbul etmək olar. Ancaq bəzi həmkarlarımız Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ədalətsiz bölgü etdiyini qeyd edibdir. Hətta bəziləri ərinməyib Əli müəllimlə bağlı heç bir yükü olmayan bəyanatlar da hazırlayıblar. Mən hər zaman bütün həmkarlarımın fikrinə hörmətlə yanaşmışam, ancaq bu dəfə bir sıra məqamlara toxunmağı, həmkarlarımın diqqətinə çatdırmağı vacib bilirəm. Əli Həsənovu ədalətsizlikdə suçlayanlar məsələnin başqa tərəfini də mütləq şəkildə görməlidirlər. Əvvəla hər kəs iki mindən artıq jurnalistin ev üçün sənəd verdiyini bilirdi. Sizcə ölkənin strateji istiqamətinə məsul olan bir şəxs bu qısa zaman kəsiyində bu qədər jurnalistin sənədlərini birə-bir yoxlama imkanına malik ola bilərdimi? Bu nəinki texniki, heç fiziki cəhətdən də mümkün deyildi. İkinci bir tərəfdən dünyada analoqu olmayan bu layihənin reallaşması üçün Əli Həsənovun əziyyətini, rolunu nə tez unutdunuz? Sosial şəbəkələrdə aksiya halında başlayan narazılıqların əsas mövzusu mediada heç kimə tanış gəlməyən adların siyahıda olmasıdırsa, digər tərəfdən bəzi tanınmış imzaların kənarda qalması ilə bağlıdır. Sizcə bunu daha sivil şəkildə etmək olmazdımı? Qrup, koalisiya formatında Əli Həsənova obyektiv araşdırma üçün müraciət etmək daha effektiv, daha ədalətli yol deyilmi? Əgər iddia etdiyiniz kimi siyahıda olanların arasında onlarla sürücü, katibə, texniki işçi və heç kimə tanış gəlməyən, kriteriyaya zidd olaraq heç yerdə işləməyən adlar vardırsa faktlarla birlikdə koalisiya şəklində Əli Həsənova müraciət etsəniz, Sizi əmin edirəm ki, ancaq təşəkkür qazanacaqsınız. Hər kəs öz vicdanı qaşısında gec-tez cavab verəcək. Əgər dedikləriniz öz təsdiqini taparsa Əli müəllimi aldadaraq saxta sənədlər qəbul edən bütün məsul şəxslər öz cəzalarını alacaqlar, BUNA HEÇ ŞÜBHƏNİZ OLMASIN...

Amma lütfən, heç bir halda həmkarlarınızı alçatmayın, tənqid etməyin. Jurnalistin jurnalistdən başqa arxa-dayağı varmı? Biri gənc dostumuzun fotosunu paylaşıb, yaşının az olması ilə bağlı suçlayıb, bir həmkarımızı da hər dəfə sosial mediada yazdığı statuslarda hərf səhfləri buraxması ilə bağlı suçlayıblar. Bununla nəyəsə nail olacağınızımı düşünürsünüz? Siz onların həyat hekayələrinə bələdsinizmi? Bəli, bir daha deyirəm, əgər siyahıda onlarla katibə, sürücü, texniki işçi varsa sivil şəkildə, qrup halında ümumi bir müraciət hazırlayın, ƏDALƏTİN BƏRPASINI ƏLİ HƏSƏNOVDAN İSTƏYİN, XAHİŞ EDİN, AMMA HEÇ BİR HALDA ONU ƏDALƏTSİZLİKDƏ GÜNAHLANDIRMAYIN...BU SADƏCƏ BİR HƏMKAR XAHİŞİDİR, AXI NÖVBƏTİ BİNADAN SONRA DA QƏLBİNDƏ MƏNZİL ALMAQ ÜMİDİ İLƏ YAŞAYAN HƏMKARLARIMIZ OLACAQ...BU LAYİHƏNİ NİYƏ TÜKƏDƏK Kİ...

Bu dəfə mən də müraciət etmişdim. Niyə, nə üçün, hansı səbəbdən müraciət ehtiyacımın yarandığını dostlarım məndən də yaxşı bilirdi. Özümü haqqı çatan kimi görürdüm, görürəm də. 12 ildən artıq mediada akademik fəaliyyət göstərmişəm, Bakı Slavyan Universitetində Jurnalistika şöbəsinin müdiri vəzifəsinə qədər icra etmişəm. Dövlətimiz, dövlətimizin rəhbərini müdafiə etdiyimə görə illərdir söyüldüm, təhqir olundum, ailələrimiz təqib olundu, profillərimiz sındırıldı, saytlarımız dağıdıldı, milli maraqlarımıza təhdid edənlərin qarşısında ilk duranlardan oldum. Ancaq alınmadı, deməli qismətdə yoxdu. Deməli heç mənim sənədlərim Əli müəllimin stoluna gedib çatmayıb. Buna görə mövqeyimi dəyişməliyəmmi? Əsla yox, biz bu yola ev verəcəklər deyə çıxmadıq ki... Amma dostlarım aldı, həmkarlarım, əziyyətlərinə yaxından bələd olduğum jurnalistlər bu sevinci yaşadılar. Bəli, mən də razıyam ki, bir çox istedadlı qələm sahibləri kənarda qaldılar. Bir çoxları əsəbləşərək iş yerlərini tərk ediblər, bir çoxları bütün körpüləri yandıracaq bəyanatlar veriblər.

DOSTLAR LÜTFƏN İŞ YERLƏRİNİZDƏN AYRILMAYIN, KÖRPÜLƏRİ YANDIRMAYIN, BİRAZ DA ÖZÜNÜZDƏ GÜC TAPIN, TƏMKİNLİ OLUN, HAQQINIZI SİVİL ŞƏKİLDƏ TƏLƏB EDİN. EVİNİZDƏ SİZİN ÇALIŞMAĞINIZA, HƏR AY MƏVACİB ALMAĞINIZA SİZDƏN ÇOX EHTİYACI OLAN SEVDİKLƏRİNİZ VAR AXI...CƏNAB PREZİDENTƏ JURNALİSTLƏRƏ VERDİYİNİ XÜSUSİ QİYMƏTƏ GÖRƏ SADƏCƏ TƏŞƏKKÜR ETMƏK ETMƏK İSTƏYİRƏM...

Səbuhi ABBASOV

7NEWS.az saytının baş redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.