Hüquq müdafiəsi biznesi, miqrant alveri...
19-07-2015, 20:57
Vahid Avropa təhlükə qarşısındadır. Və söhbət yalnız bir çox ölkənin maliyyəçilərini gərginlikdə saxlayan Yunanıstan böhranından getmir. Əksər KİV-in qeyd etdiyi kimi, Danimarka hökuməti Şengen razılaşması üzrə qonşuları olan Almaniya və İsveçrə ilə sərhədlərə nəzarəti bərpa etmək niyyətini açıqlayıb. Kopenhagen bu qərara gəlməsinin səbəbini gizlətmir - danimarkalılar arzuolunmaz miqrant axınının qarşısını almağa çalışırlar. Danimarkanın qeyri-leqal miqrasiya və qaçaqmalçılıqla mübarizə məqsədilə sərhədlərinə nəzarəti bərpa etmək niyyətində olduğunu ölkənin yeni xarici işlər naziri Kristian Yensen yerli "Ritzau" informasiya agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, sərhədə nəzarət Avropa qanunvericiliyilə ziddiyyət təşkil etməyəcək və qonşu ölkələrlə razılaşdırılacaq.
Ekspertlər xatırladır ki, hələ 2011-ci ildə Aİ-də miqrasiya böhranının dərinləşməsi fonunda Danimarka Şengen zonası daxilində sərhədlərə nəzarətin bərpa olunacağını bəyan etmişdi. Blokpostların qurulmasını nəzərdə tutan bu işə hökumət 36 milyon avro ayırmağa hazır idi. Doğrudur, o zaman bu qərar bir neçə ay sonra ləğv edilmişdi. Buna həm də Aİ-nin sərt reaksiyası səbəb olmuşdu. Aİ üzvləri danimarkalıların yeniliyini Şengen razılaşmasının pozulması kimi qiymətləndirmişdilər. Qeyd edək ki, razılaşmanın ikinci bəndi Şengen zonası daxilində sərhəd və gömrük nəzarətinin ləğvini nəzərdə tutur.
Danimarka hökumətinin qərarını əksər ekspertlər ölkədəki daxili siyasi problemlərlə əlaqələndirir. Həqiqətən də, Danimarkanın hakim koalisiyasına "Venstre" partiyası da daxil olub. Bu siyasi təşkilat hər zaman antiimmiqrasiya ritorikasından fəal şəkildə yararlanıb. Seçkiqabağı təbliğat zamanı ən geniş müzakirə edilən mövzulardan biri Danimarkanın Aİ-də oğurluq hadisələrinin sayına görə ilk yerlərdən birini tutması olub. Əksəriyyət hesab edir ki, bu oğurluq hadisələrinin çoxu Şərqi Avropadan olan və məhz bu niyyətlə Danimarkaya üz tutmuş miqrantların işidir. Statistikanın və təcrübənin təhlili isə bu cür ksenofobiya stereotiplərinin heç də hər zaman əsaslı olmadığını göstərir. Bununla yanaşı, miqrasiya probleminin Avropa üçün getdikcə daha ciddi başağrısına çevrildiyinə şübhə yoxdur. Ekspertlərin fikrincə, bu problem getdikcə dərinləşəcək. Hər halda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının illik məruzəsində bildirilir ki, müharibə və təqiblər, təxminən, 60 milyon insanın evini tərk etməsinə səbəb olub. Bu, BMT-nin mövcud olduğu dövrdə rekord rəqəmdir.
O da qeyd olunmalıdır ki, bir çox miqrantlar qarşılarına qoyduqları hədəfə çatmadan dünyalarını dəyişirlər: onlar nəzərdə tutduqları ünvanlara çatmaq üçün tez-tez səhraları, dənizləri keçməli olurlar. Bu mənada xüsusilə Avropanı Afrikadan ayıran Aralıq dənizi problemdir. Son illərdə o, 10 minlərlə qaçqın üçün, sanki, qardaşlıq məzarına çevrilib. BMT ekspertləri bildirir ki, batan gəminin anbarlarını tərk edə bilməyən 10 minlərlə miqrant Aralıq dənizinin sularına qərq olur. "Görünməmiş kütləvi köçkün olduğu dövrdə bizə görünməmiş humanitar yanaşma lazımdır", - deyə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutterş məruzənin təqdimatındakı çıxışında bildirib: "Bununla yanaşı, münaqişələrdən, zülmdən qaçan insanların müdafiəsi, tolerantlıq sahəsində qlobal öhdəliklər yenilənməlidir".
Əlbəttə, Avropa sahillərində bitmək bilməyən faciələr Aİ ölkələrini təcili tədbirlər görməyə vadar edib. KİV-də yer almış məlumatlara görə, Avropanın bir sıra ölkələrinin hərbi dəniz qüvvələri Aralıq dənizində ciddi xilasetmə əməliyyatları keçiriblər. Lakin miqrantların yalnız coğrafi baxımdan insanlarla dolu gəmiləri ilk qarşılayan ölkələrdə deyil, digər dövlətlərdə də yerləşdirilməsinə dair təklif ciddi mübahisələrə yol açıb: Avropada Şimali Afrikadan gələn "çağırılmamış qonaqlar" heç də hər kəsin ürəyincə deyil. Mətbuatda isə yeni "insidentlər" haqda xəbərlər ara vermir.
La-Manşın altındakı tuneldə qatarların hərəkəti müvəqqəti dayandırılıb. Region prefekturasının nümayəndəsi bildirib ki, buna səbəb xeyli sayda miqrantın bu yoldan istifadə etməsinə çalışmasıdır. Onun sözlərinə görə, "150-dək miqrant maneələri aşaraq tunel vasitəsilə avtomobil daşıyan xüsusi qatarların hərəkətə başladığı platformaya çıxıblar". Yalnız 3 saat sonra polisin müdaxiləsi nəticəsində vəziyyəti normallaşdırmaq mümkün olub. Asayiş keşikçiləri ərazidəki bütün vaqonları yoxlamaq məcburiyyətində qalıblar.
Kale departamentinin prefekturasından verilən məlumata görə, hazırda ərazidə, təxminən, 3 min "qeyri-leqal" var. Onların əksəriyyəti Efiopiyadan, Eriteriyadan, Sudan və Afrikadan gələnlərdir. Ən pisi isə odur ki, miqrasiya ilə bağlı problemin dəqiq həlli mexanizminə heç kəs malik deyil. Aİ-nin hazırda etdiyi kimi, ərazi sularında patrul xidməti çəkmək? Ekspertlər əmindirlər ki, bu "palliativ tədbir" sadəcə problemin daha ağrılı tərəflərini bir qədər "boyayacaq". Miqrantları Avropa sahillərinə gətirən gəmiləri məhv etmək? Bu da həll variantı deyil. Avropa sahillərinə, sadəcə, məhvinin heç kəsi heyifsiləndirməyəcəyi gəmilər göndəriləcək. Üstəlik, istənilən limanda sizə "canlı mal" alverçilərinin patrul katerini görər-görməz bu "mal"dan necə xilas olduqlarına dair onlarla tarixçə danışa bilərlər.
Əsas məqam isə Avropaya qeyri-leqal miqrant axınının çoxdan gəlirli, çiçəklənən biznesə çevrilməsidir.
Dünya bu biznesdən ilk dəfə ABŞ-Meksika sərhədi örnəyilə məlumatlanıb. Məlum olduğu kimi, Latın Amerikasından olan qeyri-leqal miqrantlar ABŞ-da iş tapmaq niyyətilə daim bu sərhədi keçməyə çalışırlar. İnsanlara bu sərhədi gizli və təmənnasız keçmək vədi verənləri Rio-Qrande çayının hər iki sahilində hörmətsizcəsinə "koyot" adlandırırlar.
Avropa KİV-i isə yazır: bir sıra hallarda Avropa sahillərinə çata bilməyən qayıqlarda bir yer 3-5 min avroya başa gəlir. Bu, yoxsul Şimali Afrika ölkəsi üçün ciddi məbləğdir. Bu qayıqlarda Əfqanıstan və ya Banqladeş sakinlərinə də rast gəlinir: onlar əvvəlcə hələ Liviyanın Missurat şəhərinə də gedib çıxmalıdırlar.
Daha bir həqiqət var. Bir çox qaçqın Avropaya kifayət qədər rahat şəraitdə yetişir. Onlar yalnız buraya çatdıqdan sonra sığınacaq üçün müxtəlif dairələrə üz tutmalı olurlar. Məhz bu məqamda ən əsas məsələ - açıq danışsaq, xoş olmayan mərhələ başlayır.
Doğrudur, siyasi sığınacaq hüququ dünyada əsas hüquqlardan biri sayılır. Amma eyni zamanda daha bir prinsip hər kəsə məlumdur. Xüsusilə indiki miqrant axını fonunda belə sığınacaq "avtomatik" şəkildə verilmir. Bu sığınacağın əldə edilməsilə bağlı müraciət dərhal müəyyən mexanizmin işə düşməsinə səbəb olur. Bu mexanizm hansı miqrantın vətənində həqiqətən siyasi, milli, irqi və s. təqibə məruz qaldığını, hansıların sadəcə tox və firavan Avropaya can atan "iqtisadi" miqrant olduğunu üzə çıxarmalıdır. Aydındır ki, siyasi təqiblərlə bağlı əfsanələrə hər kəs malikdir. SSRİ-nin mövcud olduğu illərdə qaçqın statusu geri dönmək istəməyən hər bir şəxsə verilirdi. Sonradan qaydalar tədricən sərtləşdirildi. Bu gün bu statusun verilməsi proseduru illərlə uzana bilər. İndi siyasi sığınacaq istəyənin ərizəsi son dərəcə ciddi, dəqiq araşdırılır. Bir neçə il əvvəl İsveçin miqrasiya xidmətinin əməkdaşları Bakıya səfər etmişdilər. Burada onlar yalnız məmurlarla deyil, jurnalistlərlə də görüşmüşdülər. Qonaqlardan biri bu məqalənin müəllifi ilə söhbəti zamanı təqiblər və s. ilə bağlı bütün müraciətlərin ciddi şəkildə araşdırıldığını demiş, gülümsəyərək fikrini belə davam etdirmişdi: "Çoxlarının düşündüyünün əksinə olaraq, biz axmaq sarışınlar deyilik".
Reallıqda isə bu dəqiq mexanizm bir sıra "çatlar" verir. Hələ 80-ci illərdə Türkiyə hökuməti müntəzəm olaraq Avropa ölkələrində məşhur PKK funksionerlərinə siyasi qaçqın statusu verilməsinə etirazını bildirirdi. Aİ ölkələrinin bəziləri bu təşkilatı terrorçu qurum kimi tanıyır, digərləri tanımır. Amma təşkilatın ayrı-ayrı üzvləri özünü "sıxışdırılan kürd xalqının hüquqlarının müdafiəçisi" kimi təqdim edir və asanlıqla siyasi qaçqın statusu alırdı. Hər halda, Türkiyədə terrorçuluq fəaliyyətində günahlandırılaraq axtarışda olan, Fransada isə siyasi qaçqın statusu daşıyan Səkinə Cansız adlı bir nəfərin Parisdə qətlə yetirilməsi çox şeydən xəbər verir.
Daha bir nümunəvi hadisə 1999-cu il fevralın 16-da baş vermişdi. Türkiyə xüsusi təyinatlıları Keniya paytaxtı Nayrobidə PKK terror təşkilatının lideri Abdullah Öcalanı həbs etmişdi. Bu fakt haqda informasiya mətbuatda çıxmamış PKK-nın daxili həyəcan sistemi işə düşmüş, Avropanın bir çox şəhərlərində PKK yaraqlıları Yunanıstan səfirliklərini ələ keçirməyə başlamışdı. "Etiraz aksiyaları" Marseli, Londonu, Bonnu, Frankfurtu, Haaqanı bürümüşdü. Ən ciddi aksiya isə BMT-nin Cenevrədəki mənzil-qərargahının ələ keçirilməsi olmuşdu - oraya 40 kürd yaraqlısından ibarət dəstə soxulmuşdu. O zaman baş verənlərdən sarsılmış avropalı jurnalistlərin bir faktı etiraf etməkdən başqa yolları qalmamışdı: "Biz PKK-nın əsl simasını yalnız indi gördük!" "Avropalılar" artıq etiraf etmək məcburiyyətində qalmışdılar ki, PKK yalnız siyasi sifariş yox, həm də pulun böyük rol oynadığı "mühacir dəhlizi"ni tam nəzarətə götürüb. Böyük həcmdə qanunsuz pulun olduğu yerdə isə hər zaman korrupsiyaya yer var. O cümlədən bu sahəni "monopoliyaya" götürmüş hüquq müdafiəçiləri üçün də.
Məlum səbəblərdən hazırkı "sığınacaq ticarəti"nin bütün incəliklərini üzə çıxarmaq üçün ən azı daha bir Snoudenə ehtiyac var. Lakin bu dəfə o, peşəkar "insan haqları müdafiəçiləri"nin sırasından çıxmalıdır. Məlumatlı mənbələr bir incə məqama diqqət çəkirlər: "Hər hansı subyekt Avropaya gəlir və vətənində demokratiya uğrunda mübarizə apardığı üçün təqiblərlə üzləşdiyini bildirir. Necə düşünürsünüz, miqrasiya xidməti onun doğru söyləyib-söyləmədiyini müəyyənləşdirmək üçün kimə müraciət edir? İnformasiya mənbəyi çox ola bilər. Onlar isə mütləq qaydada hüquq müdafiəçilərinə müraciət edirlər".
Azərbaycanda hüquq müdafiəçilərinin açıq maliyyə maxinasiyaları ilə "ilişdikləri" indiki şəraitdə "A" adlı vətəndaşın ölkəni tərk etməzdən əvvəl onun "təqibi" haqda iddiaları təsdiqləyəcək "B" adlı hüquq müdafiəçisi ilə hansısa məbləğ qarşısında razılığa gəldiyini kim istisna edə bilər? Bu gün "siyasi məhbuslar" siyahısını, demokratiyanın vəziyyətilə bağlı informasiyanı vətəndaş cəmiyyətinin fəallarından ibarət bir qrup hazırlayır. Onlar isə bu "informasiya monopoliya"sını qısa zamanda gəlirli biznesə çevirə biliblər.
Region Plyus