Rusiya Krım körpüsündən istifadəni dayandırıb: Cəbhə xəttini hansı yolla təchiz edir?
8-05-2024, 08:54
Rusiya cəbhə xəttini təchiz etmək üçün Ukraynanın şərqindən keçən quru yollarından istifadə etməyə başlayıb və Kerç boğazı üzərindən körpüdən istifadəni dayandırıb.
Bu barədə “The Independent” nəşrində yazı dərc olunub.
Ukraynanın ən böyük özəl kəşfiyyat agentliyi olan “Molfar” tərəfindən təhlil edilən və nəşrə təqdim edilən peyk görüntüləri göstərib ki, son üç ay ərzində körpüdən heç bir hərbi yük qatarı keçməyib. Fevralın 29-dan bəri yalnız bir Rusiya yük qatarı müşahidə edilib ki, qatarda yanacaq daşıyan 55 vaqon olub.
Yazıda qeyd olunub ki, Moskva 2023-cü il iyunun 17-də baş verən hücumdan sonra Krım körpüsündən istifadəni əhəmiyyətli dərəcədə azaldıb. O zaman Ukrayna Hərbi Dəniz Qüvvələrinin dronları körpünün bir hissəsinə zərər verə bilmiş və hücum nəticəsində iki nəfər həlak olmuşdu.
“Molfar” şirkətinin baş direktoru Artyom Starosekin sözlərinə görə, Rusiya hakimiyyətinin körpüdən istifadəni dayandırmaq qərarı Rostov vilayətində Taman limanından yükdaşımalarının kəskin artması ilə üst-üstə düşüb. O bildirib ki, Rusiya Krımı “materik” Rusiya ilə birləşdirmək üçün işğal etdiyi ərazilərdə və məhz Melitopol, Berdyansk, Mariupolda yeni dəmir yolu xətləri çəkməyə başlayıb.
Nəşr qeyd edib ki, Melitopoldan Berdyansk və Mariupola, oradan isə Rostova uzanan yeni dəmir yolu xətti çox güman ki, Rusiya qoşunları tərəfindən bu yay başlaması gözlənilən yeni hücum üçün istifadə olunacaq.
Mənbə: Moscowtimes.ru