Ziya Məmmədova həbs təhlükəsi: ADDIM-ADDIM

24-08-2017, 19:54           

Sabiq nazirə milyonluq korrupsiya ittihamı.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun başı üzərindən “qara bulud”lar keçmək bilmir. Nəqliyyat Nazirliyinin ləğvindən sonra bir sıra korrupsiya, yeyinti faktlarında adı hallanan sabiq nazir mətbuatın diqqətindən kənarda qalmışdı. Lakin o, bu günlərdə yenidən korrupsiya ittihamı ilə gündəmə gəlib. Belə ki, İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqat zamanı sabiq nazirə və onun müavini-“Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində olduğu zaman bu quruma rəhbərlik edən Arif Əsgərova 340 milyon dollarlıq korrupsiya ittihamı irəli sürüb.
Qeyd edək ki, İsveç prokurorluğu hələ ötən ildən Kanada şirkəti olan “Bombardier”in bu ölkədə olan törəməsi “Bombardier Transportattion” istintaqda adı çəkilən əməkdaşını həbs edib. Şirkətin rusiyalı əməkdaşının həbsindən sonra Ziya Məmmədov və digər adıçəkilən şəxslərin də məsuliyyətə cəlb olunacağı gözlənilirdi. Ancaq həmin zamanlarda Ziya Məmmədov nazir vəzifəsini daşıyırdı və kifayət qədər nüfuza sahib idi. Məhz bu səbəblərdən dolayı sabiq nazir bu məsələdən müəyyən qədər kənar qala bildi. Ancaq prosesin hazırkı mərhələsində yaranan vəziyyət heç də sabiq nazirin xeyrinə cərəyan etmir. Ehtimal olunur ki, İsveç Baş Prokurorluğu Ziya Məmmədovun başını hələ çox ağrıdacaq.
Nəzərə almaq lazımdır ki, Ziya Məmmədov haqqında səslənən korrupsiya ittihamları artan xətt üzrə gedir. Sabiq nazirin biznes imperiyasının- “Garant Holding”in çökməsi və məhz Ziya Məmmədovun bu biznes imperiyasını hansı resurslar hesabına əldə etdiyinin müzakirəyə çıxması bir sıra qaranlıq məqamları üzə çıxartdı. “Garant Holding”in ən böyük layihələrindən biri hesab olunan “Trump Tover”in 2 ildir fəaliyyətə tam hazır olmasına baxmayaraq istifadəyə verilməməsi və sonradan müqavilənin ləğv olunması da Ziya Məmmədovun nüfuzuna ağır zərbə vuran amillərdən biri oldu. Qeyd edək ki, müqavilə ABŞ prezidenti Donald Trampa məxsus “The Trump Organization” şirkəti tərəfindən pozuldu. “Garant Holding”in külli miqdarda bank borclarının olması da heç kimə sirr deyil. Şirkətin baş ofisinin 30 milyon manat bank borcuna qarşılıq olaraq alınması da bu faktı təsdiqləyən əsas amillərdəndir. Digər tərəfdən “Garant Holding”in balansında olan bir sıra iri hotellərin, restoranların və digər daşınmaz əmlakların satışa çıxarılması və ya satılması da yayılan xəbərlər arasındadır.
Əslində bütün bu baş verənlər sabiq nazirin həbsolunma ehtimalını daha da ciddiləşdirir. Ümumiyyətlə, Ziya Məmmədovun müəyyən mənada “cəza” alacağı ehtimal olunur. Ekspertlər hesab edir ki, Ziya Məmmədovun biznesində, siyasi karyerasında baş verən hadisələr, elə sabiq nazir üçün bir növ cəzadır. Son günlər Ziya Məmmədovun adının yenidən bu kimi işlərdə hallanması, dövlət əmlakının mənimsənilməsi ittihamları ilə gündəmə gəlməsi onun vəziyyətinin heç də yaxşı olmayacağına bir işarədir. Məlumdur ki, Ziya Məmmədov əvvəlki “nüfuza”, gücə sahib deyil. Bu baxımdan özünü qorumaq şansları da artıq minimuma enib. Digər tərəfdən, Ziya Məmmədov nazir olduğu zaman özünə kifayət qədər “düşmən” qazanıb. Onlar da əllərinə düşən bu şansdan maksimum dərəcədə istifadə etməyə cəhd göstərəcək. Əslində Ziya Məmmədov haqqında səslənən bir sıra ittihamların da məhz həmin şəxslər tərəfindən gündəmə gətirildiyi ehtimallar arasındadır.
turkustan.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.