Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Dünən, 18:10
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.
Rusiya tərfi "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
Avialeynerin ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdırsa da, qəzadan qaçmaq mümkün olmayıb.
Belə ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi edib. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i azərbaycanlıdır.
Baş verən hadisə bütün Azərbaycanı sarsıdıb. Ölkə ictimaiyyəti eyni zamanda Rusiya tərəfinin hərəkətlərindən hiddətlənib. Sosial şəbəkələrdə Rusiyanın Azərbaycandan üzr istəməsi tələb olunur.
Tanınmış simalar da bununla bağlı mövqe nümayiş etdirirlər.
Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli fikirlərini Modern.az-a açıqlayıb.
Təyyarə qəzasından təəssüfləndiyini bildirən bəstəkar, insanların ölümündə rol oynamış günahkar şəxslərin üzr istəməli olduğunu vurğulayıb:
“Bunun ayrı yolu yoxdur, Rusiya tərəfi üzr istəməlidirlər. Qəza səbəbindən dəyən bütün ziyana görə kompensasiya ödəməlidirlər. Necə ki biz 2020-ci ildə məlum helikopter məsələsində davrandıq, onlar da eynisini indi etməlidirlər. Etməsələr, bütün dünya onların üzünə tüpürəcək”.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də eyni mövqedən çıxış edib. O bildirib ki, Rusiya tərəfi təhlükəsiz olmayan hava yolu barədə Azərbaycanı məlumatlandırmadığına, təyyarəni vurduqdan sonra təcili enişə icazə vermədiyinə görə kübar şəkildə üzr istəməlidir.