Ramzan Kadırov necə şişibsə... – Özbəkistana əl və dil uzadır
Dünən, 17:49
Çeçenistanın rəhbəri Ramzan Kadırov Özbəkistan rəsmilərinə sui-qəsd hazırlamaqda şübhəli bilinən iki yerli Çeçenistan vətəndaşının axtarışa verilməsi ilə bağlı xəbərləri şərh edib.
Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, Kadırov sui-qəsdin özünü şübhə altına alıb, qurbanları hədələyib və bütün bunların Qərbin pərdəarxası oyunu olduğunu irəli sürüb.
Kadırov qeyd edib ki, Özbəkistan Prezident Administrasiyasının informasiya siyasəti şöbəsinin keçmiş rəhbəri Komil Allamjonovun avtomobilinin atəşə tutulmasını “sui-qəsd adlandırmaq çətindir”. Bundan əlavə, o, iş üzrə məhkəmə prosesinin başlanmasından iki ay sonra birdən-birə “eyni “cəhd”in digər uğursuz qurbanı rolunda üzə çıxan Qabaqcıl Layihələr üzrə Milli Agentliyin rəhbəri Dmitri Li haqqında danışıb.
Çeçenistan rəhbəri bu işlə məşğul olan müstəntiqlər barədə daxili yoxlama aparmağa çağırıb. O, həmçinin Allamjonov və Liyə qurban rolunu oynamamağı tövsiyə edib.
“Əks təqdirdə, bütün intriqalara, böhtanlara və spekulyasiyalara görə cavab verməli olacaqsınız, indi isə adət-ənənələrimizə uyğun olaraq cavabdan danışıram”, - Kadırov onları təhdid edib.
Bundan əlavə, Kadırov bu işdə “çeçen izi” ilə bağlı fərziyyələri bir daha rədd edərək deyib: “O zaman dedim, indi də deyirəm: bunu hazırlasaydım, işi elə həmin gündə bitirərdim, mənim haqqımda belə pis fikirdə olmamalı idiniz”.
Onun sözlərinə görə, Özbəkistanda nüfuz qazanmaq üçün heç nə etməyə ehtiyac yoxdur.
Xatırladaq ki, Allamjonovun avtomobilinin atəşə tutulması ilə bağlı insident oktyabrın 26-da Daşkəndin ətrafı Qibrayda baş verib. Heç kim xəsarət almayıb. Daha sonra təhlükəsizlik qüvvələri bir neçə şübhəlini saxlayıb.
Bir ay sonra Çeçenistandan olan Bislan Rasayev və Şamil Temirxanov bu işlə bağlı beynəlxalq axtarışa verilib.
Kadırov bu hekayəni “pərdəarxası oyunlar” adlandırıb. Onun sözlərinə görə, bu fonda “qərbyönlü media” Özbəkistan prezidenti Şavkat Mirziyoyevin ailəsi daxilində hansısa konfliktdən danışmağa başlayıb.
“Cəhd”lə bağlı yaranan səs-küy fonunda bəzi media qurumları ehtiyatla prezidentin qızı və kürəkəninin hakimiyyətə iddialı ola biləcəyi ilə bağlı başqa bir xəbər hazırlayıb”, - Kadırov yazıb.
Kadırov vurğulayıb ki, Mirziyoyevin qızı bu “o qədər də axmaq deyil” ki, bu söhbət gerçək olsun və Özbəkistan rəhbərinin kürəkəni “inanılmaz dərəcədə sadiq” insandır.
“Aydındır ki, kimsə yaxşı komandanı sıradan çıxarmağa, sistemi sındırmağa prezidenti etibarlı çevrəsindən məhrum etməyə çalışır.”, - Kadırov qeyd edib.
Sonda Çeçenistan rəhbəri Mirziyoyev ailəsini “bəyanat verməyə və bütün çirkin şayiələri dağıtmağa” çağırıb.
Araz Altaylı, Musavat.com