21-ci əsr: Bura Siyəzəndir... - FOTOLAR
30-08-2017, 12:49
Bu şəkillər Musavat.com-un əməkdaşı tərəfindən Siyəzən rayonunun Eynibulaq kəndində çəkilib. Bu kənd Qalaltı yolunun üstündədir. Kəndin içinə, şəkildə görünən bulağa qədər asfalt yol uzanır. Yəni kəndin yol problemi yoxdur. Amma Eynibulağın ciddi su problemi var.
Şəkillərdən də göründüyü kimi, kənd sakinləri 10, 20, 40 litrlik kanistləri cərgə ilə düzərək su növbəsinə durub.
Keçmiş vaxtlardan fərqli olaraq çeşmə və kəhriz başına gələnlər əsasən gənc oğlanlardır. Birincisi, bu kanistrlərə qız-qadın gücü çatan deyil. İkincisi, kənd cavanlarının çoxu işsizdir, gün ərzində gördükləri faydalı iş evlərinə su daşımaqdan ibarətdir.
Kənd sakinləri deyirlər ki, bu bulaq uzun illər öncə çəkilib və camaatın içməli suyla təminatı buradandır.
Ancaq su krantdan o qədər də iti şırnaqla axmır ki, kanistrləri tez doldursun. O üzdən su götürmək istəyənlər kanistrləri cərgə ilə düzərək, hövsələ ilə öz növbələrini gözləməkdədir.
Bəzi sakinlər şanslıdır, dolu kanistləri evlərinə köhnə sovet maşınları ilə daşıyırlar, bəziləri isə iki təkərli arabadan istifadə edir. Yerdə qalanlar kanistrləri evlərinə qol gücünə daşımağa məcburdur.
Qoy kimsə bu yazını və şəkilləri Siyəzən rayonunun rəhbərliyinin nəzərinə çatdırsın. 21-ci əsrin bu vədəsində insanları su
təminatı bu cür olmalı deyil.