Mehman Əliyev ev dustağı deyil

13-09-2017, 09:26           
Mehman Əliyev ev dustağı deyil
“Turan” agentliyinin rəhbərinin həbsdən azad edilməsinə reaksiyalar...

Sentyabrın 11-də azadlığa buraxılmış “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin ev dustağı olması ilə bağlı xəbərlər yayılıb. Buna aydınlıq gətirən vəkili Fuad Ağayev bildirib ki, bu, yanlış məlumatdır. Belə ki, M.Əliyevdən başqa yerə getməmək haqqında iltizam alınıb.

Azadlıqda olan baş redaktor isə hələ rəhbəri olduğu agentliyin taleyi ilə bağlı qərar verməyib. Hesabları bağlı olan və ofisdən çıxan agentlik üçün yeni fəaliyyət planı müəyyənləşməyib.

Amerikalı senator Riçard Durbin Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıb.

“Müstəqil xəbərlər agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıram”, - R.Durbin twitter sosial şəbəkəsində yazıb.

Sonra o, əlavə edib: “Ümid edirəm ki, bu addım onun üzərindən bütün ittihamların götürülməsi və həbs-qətimkan tədbirinin dayandırılması ilə müşayiət olunacaq”.

Yada salaq ki, sentyabrın 7-də R.Durbin M.Əliyevin həbsində əli olanlara qarşı sanksiyaların tətbiqi ilə bağlı qanunverici təşəbbüslə çıxış edib.
Onun təşəbbüsü ABŞ-ın 2018-i il üçün xarici ayırmalar proqramı üzrə qanun layihəsinə düzəliş kimi ABŞ Senatının Təsisatlar Komitəsində qeydə alınıb.

ABŞ, İsveç, ATƏT yenidən Azərbaycan hakimiyyətini Mehman Əliyevin üzərindən siyasi motivli verigidən yayınma ittihamlarının götürülməsinə çağırıblar.

“Biz Mehman Əliyevin azadlığa buraxılmasını nəzərə alırıq, ancaq təəssüf edirik ki, o, indiyədək ev həbsindədir”, - İsveçin insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə səfiri Annika Ben Devid sentyabrın 11-də Varşavada ATƏT-in insan inkişafı üzrə konfransında deyib.

ABŞ nümayəndə heyətinin rəhbəri Devid Killion “Turan”a qarşı cinayət işindən və siyasi motivli ittihamlardan narahatlığını bildirib.
O, diqqəti ona yönəldib ki, Azərbaycanda bir neçə informasiya saytı bloklanıb. Bunların arasında AzadlıqRadiosu da var. Öz növbəsində ATƏT-in mətbuat üzrə xüsusi nümayəndəsi Harlem Dezir hakimiyyəti “Turan” agentliyinin fəaliyyətinin bərpası üçün şərait yaradılmasına çağırıb.
Konqresmen Steni Oer Mehman Əliyevin üzərindən bütün ittihamların götürülməsinə çağırıb.

“Turan agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıram. Onu ev həbsindən də azad etmək və bütün ittihamları götürmək lazımdır. Azad və müstəqil mətbuat istənilən demokratiya üçün çox vacibdir”, - konqresmen twitter-də yazıb.
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir M.Əliyevin azadlığa buraxılmasını alqışlayıb. Bu barədə ATƏT-in yaydığı press-relizdə bildirilir. “Mən hakimiyyət tərəfindən atılan bu müsbət addımı alqışlayıram və Azərbaycanla media problemlərinin həlli üzrə aparılan dialoqu qiymətləndirirəm. Bu fəaliyyət davam etdirilməlidir” deyə, o bildirib.

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyev barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib. M.Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

M.Əliyev jurnalistlərə açıqlamasında deyib ki, barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi xahişi ilə prezidentə müraciət edib.
Xatırladaq ki, Vergilər Nazirliyi “Turan İnformasiya Agentliyi” MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.