Şeyxin “vurulması”nın PƏRDƏARXASI – “Varis planı” Paşazadəni kimlərlə üz-üzə gətirdi?

18-09-2017, 22:43           

Son günlər Bütün Qafqazın Şeyxi hədəfdədir. Öncə Çexiyada biznesinə dair sənədlər (nə qədər dəqiq olduğu bilinmir) paylaşıldı, ardınca, oğlunun birdəfəlik ölkəni tərk etdiyi qeyd edildi. Prosesin bundan sonra da davam edəcəyi gözlənilir.
Əvvəlcə, Məhəmməd Paşazadənin ölkəni tərk etməsindən başlayaq. Söhbət hansısa müxalifətçidən və ya sıravi vətəndaşdan deyil, Şeyxin övladından gedir. Onsuz da istədiyi zaman hər tərəfə uçmaq imkanı olan şəxsin ölkəni birdəfəlik tərk etməsi məlumatının təsdiqlənməsi çox ciddi mətləblərdən xəbər verir.
Nəzərə alsaq ki, sadəcə bir ay öncə, Məhəmməd Paşazadənin gələcək Şeyxülislam olması gündəmdəydi. Onun atasından sonra Bütün Qafqazın Şeyxi ola bilməsi ilə bağlı geniş müzakirələr aparılırdı. Ölkə mediasının “Şeyxin varisinin adı açıqlandı” şəklində verdiyi xəbərdə, A. Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə “”Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram: o da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur – atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxülislamı olsun” deyərək, Allahşükür dönəminə hazırlıqdan bəhs edirdi.
Necə oldu ki, bir ayın içərisində varislikdən “ölkəni birdəfəlik tərk” etmək mövzusuna gəldik?
Yenicag.az məsələni araşdırdığı zaman maraqlı məqamlar ortaya çıxdı. Bunlardan birincisi odur ki, Məhəmməd Paşazadənin ölkəni birdəfəlik tərk etməsi xəbərinin qaynağı Şeyxin yaxın çevrəsidir. Səbəb isə onun ətrafında dolaşan “varis” söz-söhbətlərinə bir daha açılmayacaq şəkildə son qoymaqdır.
Mənbə bildirir ki, Məhəmməd Paşazadənin şeyx olması atasının arzusu imiş. Ancaq məsələ gündəmə gəldikdən sonra çox ciddi müxalifətlə üzləşib. Daxildə şeyx olmaq istəyənlərlə yanaşı İranın sərt reaksiyası ilə qarşı-qarşıya qalmaq Allahşükür Paşazadəni belə bir addım atmağa vadar edib. Belə ki, İran məşhur iş adamı Əli Evsenin qızı ilə evləndikdən bir müddət sonra sünniliyi qəbul etdiyi söylənilən Məhəmməd Paşazadənin varisliyini heç bir şəkildə qəbul etmədiyini, QMİ sədri bu fikrində israr edərsə, məsələnin heç də müsbət nəticələnməyəcəyini Bakıdakı emissarı, İran Mədəniyyət Mərkəzinin rəhbəri, höccətülislam Ocaq Nejat vasitəsi ilə şeyxə çatdırıb.
Ard-arda “partlayan” “bomba”ların qarşısını kəsmək üçün Paşazadə məsələyə birdəfəlik nöqtə qoyub. Oğlunun təməlli olaraq, İstanbulda yaşayacağı barədə “yuxarılar”dan icazə aldıqdan sonra xəbər mediaya ötürülüb.
Maraqlıdır ki, son bir ayda QMİ sədrliyi mövzusu ciddi şəkildə gündəmə gəlib və İranın istəmədiyi “varis” Məhəmməd Paşazadə də deyil. Şeyxin alternativ namizədi olan Hacı Fuad Nurullah da İranın “arzuolunmazları” siyahısındadır. Onun həyat yoldaşının sünni olması İran üçün qəbuledilməzdir.
Bir sıra din xadimlərinin də prosesin gedişatını görərək, şeyxlik uğrunda savaşa başladıqları vurğulanır.
Ancaq İranın da, Azərbaycanda bəzi dairələrin də Hacı Şahinin üzərində yekdilliklə dayandıqları vurğulanır.
Bu səbəbdən də, digər namizədlər çıxdaş edilirlər. Şeyxin yaxınlarından olan Hacı Surxay da şeyxliyə potensial namizəd sayılsa da, onun da dövlətçi mövqeyi İranı qane etmir. Hacı Şahinin isə həm dindarlar arasında nüfuzu, həm hazırda həbsdə olan “hacılar”ın yaxın dostu olması, həmçinin, Ocaq Nejat ilə yaxınlığı onun QMİ sədri postuna ən real namizəd ola bilmə ehtimalını gücləndirir.

Sosial şəbəkələrdə yayılan xəbərlərdə Hacı Şahinin şeyx olmasını təkcə Ocaq Nejatın deyil, İran İslam Qvardiyasının “Qüds dəstələri”nin rəhbəri Qasim Süleymaninin də dəstəklədiyi vurğulanır. Xamneyinin nümayəndəsi olaraq, İraq və Suriyada zəfərlərə imza atmış və şiələr arasında ciddi nüfuz sahibi olan Qasim Süleymani “şiə hilalı”nın yayılmasında rol oynayan şəxslərdən biridir. Üç qitədə İrana bağlı dini qruplaşmalar yaradan Süleymani Bəşər Əsədin hakimiyyətdə qalmasının əsas səbəbkarlarından biridir. Belə bir şəxsin dəstəkləməsi Hacı Şahini digərlərindən önə çıxarır.
Doğrudur, 2003-cü ildə QMİ Nizamnaməsinə dəyişiklik edilərək, Şeyx ömürlük sədr elan edilib. Ancaq kompromatlar savaşı davam edərsə, oğlunun varisliyi üzərindən xətt çəkən Paşazadənin “səhhəti ilə əlaqədar” istefa verməsi belə gündəmə gələ bilər.
Nəzərə alsaq ki, Şeyxin hakimiyyətdəki əzəli düşmənləri üçün də böyük fürsət yaranıb. O zaman yaxın günlərdə həm daxildən, həm də xaricdən “vurulan” Paşazadənin geri çəkiləcəyi, yaxud hücuma keçəcəyi maraqla gözlənilir.
P.S. Qeyd edək ki, QMİ bu gün Məhəmməd Paşazadənin ölkəni birdəfəlik tərk etməsi ilə bağlı xəbərləri yarıtəkzib edib. “Birmənalı şəkildə bildiririk ki, QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız Sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur”. Bu, həm də, oğlu həbs edilən Hacı Qalibə Şeyxin yerini bildirməsidir. Bəyanatın ruhundan da görünür ki, ortada çox ciddi savaş var və şeyx də susmaq niyyətində deyil. /Yenicag.Az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.