İki deputat Artur Rəsizadəyə müraciət etdi
19-09-2017, 09:48
ütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Qafqaz İslam Ordusunun komandanı Nuri Paşaya Bakı şəhərində abidə ücaldılması məqsədi ilə müvafiq yerin ayrılması üçün Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadəyə müraciət ediblər. Müraciətdə deyilir:
“Hörmətli cənab Baş nazir!
2018-ci il sentyabrın 15-də Osmanlı ordusunun komandanı Nuri Paşanın (Nuri Killigil) rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 100-cü ildönümüdür. Bu əlamətdar hadisə Bakı da daxil olmaqla indiki Azərbaycan ərazilərini işğaldan azad edən, xalqımıza qarşı həyata keçirilən soyqırımın qarşısını alan, Azərbaycan xalqının yaddaşında xilaskar kimi yaşatdığı qəhrəmanların – Nuri Paşanın və Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsinin onlara layiq bir şəkildə əziz tutulması zərurətini ortaya qoyur.
Qeyd edək ki, 1918-ci il avqust ayının əvvəllərindən sentyabrın 15-dək Bakı uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusu 1130-dək şəhid verib. Ümumilikdə 1918-ci il iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun 4 mindən çox əsgər və zabiti şəhid olub.
1918-ci il mayın 28-də elan edilmiş və müsəlman şərqinin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət kimi yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuri Paşa və Qafqaz İslam Ordusunun xidmətləri əvəzsizdir. Bütün bunlara görə bizim Nuri Paşaya və Qafqaz İslam Ordusunun xilaskar əsgər və zabitlərinə vəfa borcumuz var.
Hörmətli cənab Baş nazir,
Uzun illərdir ki, Azərbaycanda ən müxtəlif səviyyələrdə Qafqaz İslam Ordusunun komandanı Nuri paşaya Bakı şəhərində abidə qoyulması ilə bağlı məsələ qaldırılır. Nuri paşa və Qafqaz İslam Ordusunun əsgər və zabitləri Azərbaycanda, sadəcə ölkəmizi və onun paytaxtını işğaldan azad edən qəhrəmanlar kimi deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının rəmzi kimi qəbul olunurlar. Türkiyə bu gün də 99 il öncə olduğu kimi Azərbaycanın yanındadır, ölkəmizin ən böyük dəstəkçisidir və Ermənistanla sərhədlərini bağlı saxlayan yeganə dövlətdir. Bu baxımdan, şübhə etmirik ki, Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın xatirəsinin əbədiləşdirilməsi Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin qarşısında vəfa borcumuzun yerinə yetirilməsi ilə yanaşı həm də Azərbaycan-Türkiyə qardaşlığına ucaldılan abidə kimi qəbul olunacaq.
Hörmətli cənab Baş nazir,
Neftin qiymətinin aşağı düşməsi ilə bağlı büdcədə müəyyən xərclərin azaldıldığını bilirik. Nuri paşaya abidənin ucaldılması üçün dövlətin vəsait ayırmasını istəmirik. Bununla bağlı imkanlı Azərbaycan vətəndaşlarına müraciət edəcəyik və əminik ki, Nuri paşanın, Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin xatirəsini əziz tutan həmvətənlərimiz dəstəklərini əsirgəməyəcəklər.
Sizdən isə yeganə xahişimiz, sadəcə Nuri paşanın büstünün, yaxud abidəsinin ucaldılması üçün müvafiq yerin ayrılması məqsədilə qərar verməyinizlə bağlıdır.
Hesab edirik ki, Şəhidlər Xiyabanında, Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin olduğu ərazidə, yaxud Qafqaz İslam Ordusunun Bakıya daxil olduğu Biləcəri və ya “Qurd qapısı” istiqamətlərində, eləcə də “Sovetski” ərazisində, hələ abadlaşdırılmamış bir məkanda Nuri paşanın büstünün, yaxud abidəsinin ucaldılması məqsədəuyğun olar”.