Tiflisdə azərbaycanlı “vorzakon”ların savaşı HAQDA: - “Gürcüstanda bir oğru var, o da baş nazirdir”
19-09-2017, 11:39
Bir neçə gün bundan əvvəl Tbilisidə qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi barədə məlumat verilmişdi.
Məlumata görə, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur. Həmçinin, Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb. Güllələnən Məmmədov 2015-ci ildən Rusiyada axtarışda imiş.
Yayılan xəbərə görə, Elçin Məmmədov kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun sağ əli olub.
Ümumiyyətlə, son zamanlar azərbaycanlı “vorzakon”ların Gürcüstanda aktivləşməsi barədə xəbərlər yayılır.
Kriminal aləmdə “qanuni oğru” kimi tanınan azərbaycanlılar Gürcüstanda necə tanınır? Onların kimliyi bəllidirmi?
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında deyib ki, Gürcüstanda “qanuni oğru”lar yoxdur.
“Gürcüstanda “qanuni oğru”larla bağlı məsələ çoxdan yığışdırılıb. Hələ 2003-cü ildə, Mixail Saakaşvilinin zamanında onların tamamilə aradan qaldırılması prosesi həyata keçirilib.
Həmin vaxtdan sonra oğruların bir çoxu həbs olundu, yerdə qalanlar isə Gürcüstanı tərk etdilər. Dünyada 400-ə yaxın “qanuni oğru” var ki, onların 180 nəfəri Gürcüstanın payına düşür.
Amma həmin oğruların heç biri Gürcüstanda deyil. Rusiyada olan gürcü oğruların statistikasını apara bilmirik. Çünki Rusiya ilə Gürcüstan arasında viza əlaqələri mövcuddur”.
Azərbaycanlı deputat, hazırda Gürcüstan hökumətində təmsil olunanları da “vorzakonlar” adlandırıb.
“Gürcüstan hüquqi dövlətdir. Gürcüstanı oğrular yox, dövlət idarə etməlidir. Təəssüf ki, son zamanlar qanunlarda müəyyən boşluqlar var. Bu boşluqların olması səbəbindən Gürcüstanda müəyyən məsələlər baş qaldırıb. Bütün bunlara baxmayaraq Gürcüstanda qanunlar işləkdir.
Gürcüstanda oğruları görmək qeyri-mümkündür. Əgər Gürcüstanda kimsə oğru aləminə baş vurursa, onun yolunu yalnız həbsxana gözləyir.
Gürcüstanda bir oğru, var. O da baş nazir və onun komandasıdır. Bir müxalifətçi olaraq yalnız bunu deyə bilərəm”.