Ekspertlər Təhsil Nazirliyinin “Təfəkkür” Universiteti ilə bağlı qərarını əsasız sayırlar – Rəylər
19-09-2017, 14:25
"Təfəkkür” Universitetinin Təhsil Nazirliyinin məlum qərarına münasibət bildirərkən önəmli detala toxunulub. Bildirilib ki, univerisitet tələbələrinə köçürülmə üçün nazirlik tərəfindən şans verilməsi qanunsuzdur.Belə ki, qanunvericiliyə görə, tələbə köçürmələri tədris başlamadan həyata keçirilə bilər. Yəni, ya yay tətili zamanı, ya da qış tətili zamanı köçürmə üçün müraciət olunmalıdır. Lakin Təhsil Nazirliyi qanunun tələblərinə məhəl qoymayaraq bəyan edib ki, "Təfəkkür” Universitetinin tələbələri portalın müvafiq bölümünə girib köçürmə üçün müraciət edə bilərlər. Maraqlıdır, nazirliyin bu addımı nə qədər qanunidir?
Unikal.org olaraq təhsil ekspertlərinə müraciət edərək, nazirliyin bu qərarı ilə bağlı fikirlərini öyrəndik.
Bildergebnis für etibar əliyev"21-ci Əsr Təhsil Mərkəzi"nin rəhbəri, təhsil eksperti Etibar Əliyev Unikal.org-a açıqlamasında deyib ki, "Təfəkkür” Universitetinin tələbələri TQDK-nın keçirdiyi imtahanlarda müvafiq balı toplayaraq tələbə adını qazanıblar. Ona görə də həmin tələbələr tətil müddətində nazirliyin muvafiq əmrinə əsasən köçürülə bilərlər. Ekspertin sözlərinə görə, onlar mütləq şəkildə hansısa ali təhsil müəssisəsinə köçürülmək üçün müraciət edə bilərlər: "Hesab edirəm ki, bu proses əslində ali məktəblərdə köçürülmə prosesinə start verildiyi vaxt başlamalı idi. Həmin tələbələrə köçürmə haqqında təklifin gec verilməsini mən anlamıram. Köçürmələr müvafiq olaraq fərdi şəkildə trasfer.edu.gov.az saytında həyata keçirilir”.
Bildergebnis für kamran əsədovTəhsil üzrə ekspert Kamran Əsədov Unikal.org-a açıqlamasında deyib ki, Azərbaycan Boloniya təhsil sisteminə qoşulub və bu zaman tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi heç bir bürokratik əngəllər olmadan, sadəcə təhsili üzrə lazimi sənədləri köçürmə etmək üçün müvafiq portala daxil edib istəyini yerinə yetirilməsi mümkündür. Onun sözlərinə görə, bizdə bu sistemin tətbiqi müəyyən qədər məhdudiyyət qoyulması ilə həyata keçirilir: "Belə ki, köçürülmə edilməsi üçün tələbənin ali məktəblərə qəbul imtahanlarında topladığı bal əsas götürülür. Bundan başqa, Təfəkkür Universitetinə qarşı qanunvericiliklə müəyyən edilmiş qayda və müddətin uzadılması, onlara qarşı xüsusi diqqət və güzəştlərin edilməsi düzgün deyil. Birincisi ona görə ki, ilkin məlumata görə, hətta Təfəkkür Universitetinin tələbələri dövlət universitetlərinə köçürülür. Bu düzgün yanaşma tərzi deyil. Ona görə ki, onların arasında heç də yüksək bal toplayan abituriyent - tələbələr çox olmayıb. Reallıq odur ki, Təfəkkür Universitetini seçən abituriyentlər qəbul imtahanlarında minimum bal toplayan şəxslər olub. Bunun müqabilində onların dövlət universitetlərinə köçürülməsi başadüşülən deyil. İkincisi, Təhsil Nazirliyinin hansısa ali təhsil müəssisəsinin fəaliyyəti, onların taleyi ilə bağlı bu qədər canfəşanlığı anlaşılan deyil. Çünki biz bunu fəaliyyəti dayandırılan, bağlanan universitetlərə münasibətdə görməmişik. Bilirsiz, qanunvericilikdə köçürülmələrlə bağlı vaxt və şərtlər toplu müəyyən olunmuşdur. Bunun üçün tələbələr təhsil aldıqları Universitetdən akademik transkript yəni, qiymət cədvəli almalıdırlar. Amma Təfəkkür Universiteti bəyan edir ki, biz bu günə qədər heç kimə bu sənədi təqdim etməmişik. Bəs, Təhsil Nazirliyi necə bu köçürülməni həyata keçirib? Simvolik xarakter daşıyan müraciətlə? Hesab edirəm ki, Təfəkkür Universitetini bağlamaq, onların tələbələrinin taleyini gərginlikdə saxlamaqdansa, ali təhsil müəssisələrinin keyfiyyətinin yüksəldilməsi üçün fəaliyyət göstərmək lazımdır”.
Sonda onu bir daha vurğulayaq ki, hazırkı proses Təhsil Nazirliyinin tələbələrin digər təhsil müəssisələrinə köçürülmələri ilə bağlı Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 saylı qərarı ilə, Təhsil Nazirliyinin 24 iyul 2017-ci il tarixli 212 saylı əmri ilə təsdiq olunmuş qaydalara əsasən həyata keçirilmir. O zaman nazirlik hazırda hansı əsasa söykənərək tədris ilinin başlanmasından bir neçə gün sonra köçürmə həyata keçirmək istəyir? Bu suala isə nazirlik rəsmiləri cavab verməlidirlər.