Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21-09-2017, 08:01           
Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"
“Azərbaycan bizim köhnə dostumuzdur. Azərbaycan çox böyük və faydalı işlər görür, təşəbbüslər və tədbirlər həyata keçirir”.
Bunu BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib.
Antonio Quterreş Azərbaycan ilə BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib, qarşılıqlı anlaşmanın mövcudluğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan BMT-nin layihələrində fəal iştirak edir. Qurumun baş katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edib, münaqişənin həlli ilə bağlı həmsədrlərin əllərindən gələni edəcəklərinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü deyib. Dövlət başçısı BMT-nin Sivilizasiyalar Alyansının qlobal forumları, mədəniyyətlərarası dialoq forumları, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən tədbirlərdən danışdı və bu cür layihələrin ölkəmizdə davam etdiyini dedi.
Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, yoxsulluğun aşağı səviyyədə olduğunu, savadlılığın 100 faizə yaxınlaşdığını vurğuladı. Prezident İlham Əliyev Ermənistan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara mane olduğunu və münaqişənin həllinin uzadılmasına çalışdığını bildirdi.
Azərbaycan Prezidenti qeyd etdi ki, ölkəmiz bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ancaq bu istiqamətdə təşəbbüslər göstərilsə də nəticə yoxdur. Dövlətimizin başçısı dedi ki, biz istəyirik insanlarımız öz dədə-baba yurdlarına qayıdıb orada rahat yaşasınlar.
Prezident İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası barədə də danışdı. Bildirdi ki, bu kənddə bütün lazımı infrastruktur yaradılıb. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistan qondarma xəritələr icad edir, Dağlıq Qarabağı oraya daxil edir və bir çox ölkələrdən erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir. Azərbaycan Prezidenti vurğuladı ki, BMT bütün bunları nəzərə almalı və həmsədrlərə mesaj göndərməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.