BAXC-dən siyasi şok: Qüdrət Həsənquliyev komandası prezidentə və dövlətə qarşı
22-09-2017, 08:58
Milli Şuranın sentyabrın 23-nə təyin etdiyi mitinqlə bağlı maraqlı məqamlar müşahidə olunur. Müxalifətin Milli Şuradan kənar kəsimi bununla bağlı susqunluq nümayiş etdirdiyi halda hakimiyyətin yan qanadları müəmmalı mövqe göstərirlər. Məsələn sabiq YAP üzvü və bir zamanlar bu hakimiyyətdə baş prokuror kimi təmsil olunan Əli Ömərovun mitinqi dolayısı ilə dəstəkləməsi çoxları üçün sürpriz oldu. Amma maraqlı reaksiyalar bununla bitmədi. Ən sensasion açıqlama millət vəkili Qüdrət Həsənquliyevin sədr olduğu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıdan gəldi. Müəyyən siyasi məqamlara da işıq salmaq üçün cumhuriyyet.az olaraq həmin açıqlamaya diqqət ayırdıq.
BAXCP sədrinin müavini, bir çox olaylara dərhal açıqlama verməsiylə məşhur olan Niyaməddin Orduxanlı Musavat.com saytına 23 sentyabr mitinqi ilə bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, Əli Kərimlinin keçirdiyi mitinq bu gün hakmiyyətin maraqları üçün atılan addımdır: “Əli Kərimli üçün əsas maddi qazancdır. O, hər zaman aldığı pulun müqabilində hakmiyyətin sifarişlərini də yerinə yetirib. Hakmiyyətin yuxarı təmsilçiləri, Milli Məclisin komitə sədri səviyyəsində təsdiq olunub ki, Əli Kərimli hakmiyyətə xidmət edirmiş və mərhum Heydər Əliyevin köməkçisi vasitəsi ilə bütün tapşırıqları yerinə yetirirmiş. Bundan artıq sübuta ehtiyac varmı! Bu gün isə məndə olan məlumata görə, Əli Kərimli növbəti dəfə pulun müqabilində hakmiyyətin tapşırıqlarını yerinə yetirir. Bilirsiniz, demokratik cəmiyyətin ən böyük atributlarından biri həmin ölkədə müxtəlif aksiyaların, o cümlədən kütləvi etiraz aksiyalarının keçirilməsidir”.
Biz Ə.Kərimlinin satqınlığı və ya 23 sentyabr mitinqinin məqsədi haqda müzakirə açmaq niyyətində deyilik. Kərimlinin ən yaxın tariximizdıki siyasi separatizmi və bu kimi mitinqlərin siyasi kəsərsizliyi təsdiqlənmiş faktdır. Sadəcə, məlum açıqlama ilə bağlı cumhuriyyet.az olaraq üzərində dayanmaq istədiyimiz məqamlar başqadır. Danışan parlamentdə təmsil olunan, hakim komandanın fövqəl şəxsinə bağlılığı deyilən partiyanın rəhbərlərindən biridir və adam dolayısı ilə iddia edir ki, 23 sentyabr mitinqi hakimiyyətin sifarişidir. Mitinqin məzmunu və gedişi bəllidir. Həmin aksiyada dövlət başçısına və digər yüksək vəzifəli şəxslərə qarşı ittihamları, şüarları indidən təxmin etmək olar. Bu ittihamların səslənəcəyi mitinqin hakimiyyətin öz daxilindən sifariş verilməsini iddia edən BAXCP yetkilisi nəyə işarə edir? Yoxsa , bu da dövlət başçısına ölkə daxilindən göstərilən güc nümayişidir? Bəlkə Qüdrət Həsənquliyevinrəhbərlik etdiyi təşkilatın bağlılığı iddia olunan fövqəlgüc bu yolla “yuxarılar”a öz hədə mesajını çatdırır?
Suallar çoxdur. Amma daha bir müəmmalı məqam var. Bir müddət öncə BAXCP sədri siyasi məhbuslarla bağlı mövqe bildirmişdi. Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında qeyd edib ki, rəsmi elan olunmuş ittihamlara görə onun həbs olunması doğru deyil və seçilmiş həbs qəti imkan tədbiri dəyişdirilməlidir: “İqtidar ölkənin imici barədə də düşünməli, yalnız Mehman Əliyevi yox, xüsusilə ağır dövləti cinayətlər törətmiş şəxslər istisna olmaqla, beynəlxalq təşkilatların mövqeyinin nə dərəcədə əsaslı, yaxud əsassız olduğundan asılı olmayaraq, onların siyasi məhbus hesab etdiyi digər məhbusları da azad etməlidir. Bizim Qarabağın azadlığı üçün beynəlxalq dəstəyə böyük ehtiyacımız var”. Hər zaman siyasi məhbus məsələsində ehtiyyatlı mövqe nümayiş etdirən partiya sədrinin bu açıqlaması böyük maraqla qarşılandı. Bu fikir dolayısı ilə, Qərbin Azərbaycan hökumətinə qarşı təzyiqlərinə haqq qazandırmaq idi. Bu Q.Həsənquliyevin rəyi, indi isə cumhuriyyet.az olaraq partiya sədrinin müavini Niyaməddin Orduxanlının “kəşf”inə diqqət edək: “Milli Şuranın təyin etdiyi mitinq Azərbaycanın da, iqtidarın da maraqlarına uyğundur. Çünki hal-hazırda Azərbaycana qərbin müxtəlif dairələri tərəfindən hücumlar təşkil olunur, ölkəmizi bəzən hətta “diktatura” olmaqda belə ittiham edirlər. Qarayaxma kampaniyası aparırlar. İddia edirlər ki, Azərbaycanda guya insanlar öz fikirlərini sərbəst şəkildə yaymaq imkanına malik deyillər. Guya hakimiyyət “sonuncu azad mətbuat”ın fəaliyyətini dayandırmaq barədə düşünür və s. Bütün bu iddiaları aradan qaldırmaq üçün Əli Kərimli mitinq edir…” Məntiqi nəticə çıxarmaq çətin deyil. Demək, Əli Kərimli Azərbaycana qarşı xarici təzyiqlərin qarşısını almağa çalışdığı halda, Q.Həsənquliyev siyasi məhbus etirafı ilə ikili standartlara dəstək verir…
Elçin Əmirov, cumhuriyyet.az