Şeyxin “vurulmasında” Rusiya izi iddiaları
22-09-2017, 10:03
Tanınmış partiya sədri QMİ-nin ləğvi üçün müraciət etdi
Politoloq Zərdüşt Əlizadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bağlı son zamanlar mətbuatda yazılan məlumatlar barədə modern.az saytına müsahibə verib. Müsahibəsində Z.Əlizadə deyib ki, kimlər Allahşükür Paşazadəyə qarşı danışır, ona qarşı olan proseslərin içində yer alırsa, onlar Rusiyanın agentləridir: “O adamlar Rusiyaya işləyir ki, Azərbaycanı içəridən dağıtsınlar, milli zəmində qarşıdurma yaratsınlar. Mən yüz faiz əminəm ki, Azərbaycanda xarici qüvvələrə işləyən adamlar məhz indi sabitliyi pozmaq üçün Allahşükür Paşazadəyə qarşı hücumlar təşkil edirlər”.
Z.Əlizadə həmçinin bildirib ki, Allahşükür Paşazadə Azərbaycandakı sabitliyin təminatçılarından biridir. Şeyxin tutduğu məqam çox hörmətli və nüfuzlu məqamdır: “Nə qədər ki, Allahşükür Paşazadə şeyxülislamdır, o, Azərbaycan dövlətinə sadiqdir. Siz mənə deyin görüm, indi hansı məmur korrupsiyaya bulaşmayıb? Allahşükür Paşazadəyə hücumlar başlayıbsa, bunun bir səbəbi var. Hansısa xarici qüvvələr Azərbaycanda sabitliyi pozmaq istəyirlər. Xarici qüvvələr çalışırlar ki, talışları Azərbaycana qarşı qaldırsınlar. Şeyx barışdırıcı, mötədil bir insandır”.
ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında Zərdüşt Əlizadənin Şeyxin Rusiyaya işləyən adamlar tərəfindən hədəfə alındığı barədə dediklərinin xalqda yanlış təsəvvür yaratmaq məqsədi daşıdığını bildirib: “Zərdüşt Əlizadə yaxşı bilir ki, Allahşükür Paşazadə həmişə Rusiyaya bağlı adam olub. Eyni zamanda bir sıra rəsmi dövlət qurumları ilə sıx işləyib. ”Talış-Muğan respublikası" elan olunanda Ələkrəm Hümmətov Lənkəranda bir toplantı keçirirdi. Bəzi talış dostlarımız məni dəvət etmişdilər ki, Ələkrəmlə şəxsi münasibətlərimdən istifadə edim və onu separatçı yoldan çəkinməyə dəvət edim. Mən bu məqsədlə getdim və həmin toplantıda Allahşükür Paşazadənin Ələkrəm Hümmətovun sağ tərəfində oturduğunu gördüm. O dəqiqə məndə belə bir əminlik yarandı ki, baş verən bu haqq-hesab xüsusi xidmət orqanlarının, hakimiyyətin nəzarəti altındadır, idarə olunan proses gedir. Toplantıda Allahşükür Paşazadə çıxış edərək Ələkrəm Hümmətovu təriflədi, talışların hüquqlarının pozulduğundan danışdı və “Talış Muğan respublikası”nın yaradılmasını müsbət bir hadisə kimi xarakterizə elədi. Mən oradaca talış dostlarıma dedim ki, Şeyx buradadırsa, bu o deməkdir ki, “Talış Muğan respublikası” xüsusi xidmət orqanlarının oyunudur və idarə olunan işdir, Allahşükür Paşazadə digər halda burada iştirak eləməz. Zərdüşt Əlizadə özünü görməməzliyə vuraraq danışır və xalqda yanlış təsəvvür yaradan fikirlər işlədir. Allahşükür Paşazadə dəfələrlə deyib ki, mən Putinə sədaqətliyəm. O, hətta Putin tərəfindən ordenlə mükafatlandırılıb. Hamı bilir ki, Allahşükür Paşazadə həmişə Rusiyaya yaxın olub. Qudası da deyir ki, Şeyxin ən çox gedib-gəldiyi şəhər Moskvadır. İndi necə ola bilər ki, bu adam rusiyapərəst qüvvələr tərəfindən sıxışdırılır?! Şeyx məgər qərbpərəstdir ki, rusiyayönümlü qüvvələr onu sıxışıdırır!? Zərdüşt Əlizadə bu xalqı avam yerinə qoymasın.
Zərdüştlə bir məsələdə razıyam ki, Allahşükür Paşazadə əlinə o qədər vəsait toplayıb ki, o qədər dərinə gedən əlaqələr yaradıb ki, istənilən vaxt ölkədə destablizasiya yaratmaq imkanındadır. Bu baxımdan, bəli, Allahşükür Paşazadə sabitliyin “qarantı” sayıla bilər.
Şeyx Rusiya tərəfindən necə sıxışdırıla bilər ki, Qafqaz Müsəlmanları İdarəsi və birbaşa onun vəzifəsi Çar Rusiyası tərəfindən yaradılıb və bu gün də yaşadılır".
S.Cəlaloğlu onu da bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsi ləğv olunmalıdır: “Qafqaz Müsəlmanları İdarəsi nə üçün Bakıda yerləşir? Bunun bizə nə aidiyyəti? Məgər Azərbaycan Qafqazda yerləşir? Azərbaycan Zaqafqaziya respublikasıdır. Qafqaz Dağıstan, Çeçenistan, Stavropol, İnquşetiyadır. Bakıda Qafqaz Müsəlmanları İdarəsinin nə işi var?! Azərbaycan Konstitusiyasına görə, Azərbaycanda fəaliyyət göstərən hər hansı bir ictimai-siyasi təşkilat başqa dövlətlərin vətəndaşlarını öz sıralarına cəlb eləyə bilməz. Bəs bu Qafqaz Müsəlmanları İdarəsi Qafqazda yaşayan Rusiya vətəndaşlarını öz sıralarında necə birləşdirir?! Açıq-aşkar Azərbaycan Konstitusiyasına zidd fəaliyyətdir.
Allahşükür Paşazadənin son illərdə İslam dini ilə, Quranla bağlı efirə, xalqın qarşısına çıxıb çıxışlar etdiyini görmüsünüz!? Din xadimi kimi üzərinə düşən maarifləndirmək işini yerinə yetirib!? Bu vəziyyət Allahşükür Paşazadənin və onun rəhbərlik etdiyi qurumun fəaliyyətinə güzgü salır".
ADP sədrinin sözlərinə görə, çoxlu sayda QHT-lər vergi vermədikləri ittihamı ilə məsuliyyətə cəlb olublar. Qafqaz Müsəlmanları İdarəsi də QHT kimi vergi ödəməyə borcludur: “Gəlin görək Qafqaz Müsəlmanları İdarəsi vergi verib? Halbuki yüz milyonlarla manat vəsait orada dövr edir. Bu, İdarənin fəaliyyəti prokurorluq tərəfindən yoxlanmalıdır”.