Hafiz Hacıyev qızının “avtoş”luğundan danışdı: - “Nə maşın, heç eşşək arabamız da yoxdur”
23-09-2017, 13:35
Qızının avtoxuliqanlığına dair xəbəri Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev özünə qarşı təxribat kimi qiymətləndirib.
Bu barədə Yenicag.az-a danışan Hafiz Hacıyev bildirib ki, qızı ilə bağlı “avtoş”luq xəbərinin dövriyyəyə buraxılması bəzi məmurların onu susdurmaq niyyətindən irəli gəlir.
Partiya sədri deyib ki, “avtoş”luq etdiyi iddia olunan qızı hazırda Bakıda deyil və onun maşını yoxdur:
“Belə xəbərlərə əhəmiyyət verməyin, boş-boş söhbətlərdir. Mənim qızım hazırda Xanlardadır (Göygöl rayonu – red.), onun maşını yoxdur.
Bu məlumatın yayılması mənim tənqidlərimdən narahat olan məmurların işidir, onlar bu yolla məni susdurmaq istəyirlər. Ancaq məqsədlərinə çatmayacaqlar.
Bizim nəinki maşınımız, heç eşşək arabamız da yoxdur. O xəbərləri yayanlar heç olmasa bu məsələni dəqiqləşdirəydilər, ancaq ağılları ora qədər çatmayıb”.
H. Hacıyev qızı ilə bağlı yayılmış məlumatı təkzib etsə də, “dezinformasiya”ya görə məhkəməyə müraciət etmək fikrində deyil:
“Yox, məhkəməyə üz tutmağa ehtiyac yoxdur, mən belə hallara dözümlü yanaşmağı bacarıram.
Biz hansısa gözükölgəli məmur deyilik ki, bir şey olan kimi təngnəfəs məhkəməyə qaçaq. Buna ehtiyac yoxdur”.
Qeyd edək ki, MMP sədri Hafiz Hacıyevin 20 yaşlı qızı Fatimənin bu gün gecə saatlarında idarə etdiyi qara rəngli “Hyundai İX-35” markalı avtomobillə restoranlardan birindən çıxaraq, “Azneft” dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən “Toyota Avalon” və “Niva” markalı avtomobillərlə ötüşməyə başladığı haqda xəbər yayılıb.
Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişini verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb. Hər üç maşın cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Fatimə Hacıyevayanın cəzasını məhkəmə müəyyənləşdirəcək.