Manatı gözləyən təhlükə - FED dekabrda faiz artımına gedir
24-09-2017, 23:35
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin toplantısında uçot dərəcəsi 0,1-1,25 faiz səviyyəsində saxlanılıb.
Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də uçot dərəcəsini 0,75-1 faizdən 1-1,25 faizədək artırıb.
Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizədək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75 faiz artırılması barədə qərar qəbul edib.
İqtisadçı Natiq Cəfərli Modern.az-a dekabrda bir, 2018-ci ildə isə daha 3 dəfə faiz artımına gediləcəyini bildirib:
“Gələn aydan başlayaraq bazarlarda difisitliyin daralması proqramı start götürəcək. Bu da öz növbəsində dünya maliyyə, iqtisadi bazarlarına öz təsirlərini göstərəcək. Çünki FED-in özünün likvidliyi təqribən 4 trilyon dollardır. Əslində böyük imkanları olan FED ayda 20-25 milyard dollar azaltmağa çalışacaq. Əgər dekabrda faiz artımına gediləcəksə, bu, dünya bazarlarında dolların mövqeyini gücləndirəcək. Bu artım bütün ölkələrinə təsir edəcək. Sonuncu toplantıdan dərhal sonra rubl, lirə, avro dollar qarşısında cüzi də olsa ucuzlaşdı. Çox güman ki, dekabrda faiz artımını təxirə salacaq ciddi səbəb olmazsa, FED uçot dərəcəsini artıracaq. Bu da təqribən uçot dərəcəsinin 1, 5 faizə qədər qalxması deməkdir. Gələn il üçünsə 3 dəfə faiz artımının proqnozu daha çox təhlükəlidir. Bu qərardan anlaşılan odur ki, FED 2018-ci ildə bazarları öz təsiri altında saxlayacaq. Növbəti il üçün 2, 5 faiz artımı gözlənilir. İndidən dünya bazarını buna hazırlayırlar.”
Ekspert qeyd edib ki, manatla bağlı məsələ fərqlidir:
“Çünki bizdə qiymətli kağızlar bazarı, elektron birjalar yoxdur. Rublun, lirənin dollara dərhal reaksiya verməsi, həmin ölkələrdə “üzən məzənnə” rejiminin tətbiqindən irəli gəlir. Bütün alqı-satqı işləri birjalarda müəyyən olunur. Rusiyada gün ərzində 11 min fiziki və hüquqi şəxs valyuta bazarında fəaliyyət göstərir. Türkiyədə isə 100 min fiziki və hüquqi şəxs bu işlə məşğuldur. Azərbaycanın belə birjaları yoxdur. Mərkəzi Bank hər nə qədər məzənnənin bazar tərəfindən tənzimləndiyini desə də, bunun inzibati qaydalarla icra olunduğu hamımıza bəllidir. Manatın məzənnəsi nəzarət altındadır. Ona görə də FED kimi qurumların qərarları manata həmin an təsir etmir. Amma ümumilikdə Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün iqtisadi təsirlərdən kənarda qala bilməz. Dünyada gedən proseslər gec-tez bizə də təsir edəcək. Dünyada dollar bahalaşacaqsa, manata təsirlərini də hiss edəcəyik”.