Nazirlər uşaqlarını ölkədən niyə çıxarır? – SENSASİON TƏFƏRRÜAT
25-09-2017, 10:45
zərbaycanın müasir burjua – oliqarxiyası dövlət vəzifəlilərindən təşəkkül tapıb. Ölkədə bir nəfə də olsun dövlət vəzifəsi daşımayan milyonçu yoxdur.Bu, özlüyündə dövlət aparatının korrupsiya piramidasından və iyerarxik sistemdən irəli gəldiyini xəbər verməkdədir.
Neftlə zəngin ölkənin quyularından çıxan qara qızıldan varlanan və milyarderə çevrilən məmurları indi qurduqları idarəetmənin verdiyi fəsadlarının quyusuna düşməyə başlayıblar. Postneft dövrü başlanıb, idarəetmə dibindən çat verib, saraydaxili çəkişmələr və merkantil mübarizə sərt xarakter alıb. Bu da ənənəvi burjua sistemlərinin çöküşündə tarixi qanunauyğunluqdur.
Orta əsrlər və XIX burjua rejimləri ilə müqayisədə bu gün Azərbaycanda siyasi hakimiyyətdə təmsil olunan məmurların fərqi həm banal, odioz olmalarıdırsa, digər amil onların ayıq-sayıqlığıdır.Elə onun nəticəsidir ki, 2018-ci il seçkilərinə qədər artıq həddi buluğa çatan nazir və məmur uşaqları ölkədən çıxarılıblar.
Bu, siyasi orqazmdır. Ölkəni siyasi fəallar, müxalifətçilər tərk etdikləri kimi, vəzifəlilərin uşaqları da gedirlər.
Onlar təhlükəsiz zonalara yerləşməklə həyati qarantiyaya sahiblənirlər. Atalar və oğullar nümunəsində birincilər öz odioz əməllərindən övladlarının əziyyət çəkməsini istəmirlər. Baş nazirin müavini Əli Həsənovun iki nəfəri qəza törədərək öldürməsi və həbs getməsi də göstərdi ki, Nail Allahverdiyev azadlığa çıxan kimi Azərbaycandan çıxacaq.
Çünki idarəetmədəki çatlar və bəzi məmur uşaqlarının hərəkətləri sosial partlayış üçün ideoloji zəminlər yetişdirməkdədir.
İkinci bir tərəfdən, fors-major vəziyyət yaransa, siyasi kataklizmlər başlansa, idarəolunmaz bir prosesin içərisində nazir uşaqlarının taleyi arzuolunmaz sonluqla nəticələnə bilər. Necə ki, bolşevik inqilabı zamanı çarın uşaqları, Liviyada Qəddafinin devrilməsi zamanı oğlanları həbs edildilər, girov götürüldülər…
Qafqazın şeyxi Allahşükür Paşazadənin oğlunun ölkəni ailəsi ilə birgə birdəfəlik tərk etməsi də açıq mesaj idi.
Sabaha təminat olmadığını yaxşı anlayan vəzifəlilər siyasi böhran zamanı balalarının buna hazır olmayacaqlarını bilirlər.
Şeyxin oğlu isə Azərbaycandan köçən ilk iqtidar adamının övladı deyildi. Mərhum energetika naziri Natiq Əliyevin oğlu, AZAL prezidenti Cahangir Əsgərovun övladları, (bu günlərdə kosmetik dükanı yandırıldı – müəllif), məhbus bankir Cahangir Hacıyevin ailəsi, MTN rəhbəri Eldar Mahmudovun ailəsi, nəqliyyat naziri olmuş Ziya Məmmədovun oğlu və nazir qudası Heydər Əsədovun qızı, mədəniyyət naziri Əbülfəs Qarayevin qızı, Baş nazirin müavini İsmət Abbasovun oğlu (Londonda), Mərkəzi Bank sədri Elman Rüstəmovun qızı Azərbaycandan çıxarılıblar. Bu, son da deyil və axarı olacağı şübhəsizdir.
Və burjuy həyatı yaşayan oliqarxlaşmış məmur zümrəsi öz övladları ilə paralel yeni bir nəslin yetişməkdə olduğunu görməkdədir. Sıçrayışlı neft və qaz gəlirləri hesabına şəhər tikinti bumu yaşayırdı.Xəzər dənizindəki ölkənin sərvətinin mənbəyi olan yeni neft istehsal edən mədənləri və 2006-cı ilin mayından tikilmiş Tiflisə və Türkiyənin Aralıq dənizi sahillərinə qədər uzanan 1776 km-lik borunu görmək olar. Təhsilli gənc azərbaycanlılar üçün bu sıçrayış çoxlu yeni imkanlar yaratmışdı.
Dağılmaqda olan kommunist sistemində doğulmuş, mürəkkəb keçid dövründə yaşayaraq xaricdə təhsil almaq və səyahət etmək kimi yeni imkanlardan yararlanan və geri döndükdən sonra gənclər beynəlxalq təşkilatlar, xarici şirkətlər və yaxud Azərbaycanın yerli təşkilatlarında çalışmaq imkanı əldə edirlər.
Azərbaycanın yeni qızıl əsrindəki artan qeyri bərabərliyə göz yummaq əvəzinə onlar ölkələri ilə Qərb arasındakı demokratik fərqlərdən narahat olmağa başladılar.
Hər şey Emin Milli və Adnan Hacızadənin yeni vətəndaş cəmiyyəti fəallığı hərəkatından başlamışdı.
Gənclərin həbsi ilə yeni dalğa start götürdü, sonra sosial şəbəkələr sürətlə təşkilatlanma və ideoloji birləşmə müstəvisinə çevrildi.
Bu günə qədər həbslər getməkdədir və paralel prostest gənclik yetişməkdədir. Deməli, proses dayanmır və məmur oliqarxiyası siyasi qarantiya olmadığı üçün övladlarını səssiz-səmirsiz ölkədən çıxarır.
Misir, Tunis və Orta Şərqdə baş verənlərin hamısını bir hadisə kimi qiymətləndirərkən Azərbaycandakı elitanın gücünün də onların özlərinin düşündükləri qədər güclü olmadığını təxmin etmək olar. Bu, onların yaratdığı parlaq görüntünün altında liderlərdən hüquqların əvəzində əl payı və demokratiya əvəzinə stabillikdən daha çox şey gözləyən bir nəsil yaşayır. Bu Azərbaycanın yaxın gələcəkdə Avropanın ən demokratik ölkəsinə çevriləcəyi ilə bağlı vədlərə ümidini itirməyən bir nəsildir. Misirdə olduğu kimi, Azərbaycanın da əhalisinin əksər hissəsi gənclərdən ibarətdir, 25 yaşdan aşağı olanların sayı 43 faizdir.
Azərbaycandakı vəziyyətlə tanış olan hər bir kəs üçün Qarton Eşin “donmuş göl” bənzətməsi həyəcan təbili olmalıdır. Azərbaycan üstü nazik buzdan örtülmüş gölü xatırladır. İqtidardakı nazir-məmur kontingenti də bu buzun qırılıb suya düşməsi və boğulma ehtimalının olmasına görə övladlarının sabaha olan həyati zəmanətini təmin edir. (Anaxeber.az)