Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi
25-09-2017, 12:54
Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib və “2 aprel” adlandırılıb.
“Report” məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) rəsmi açıqlama almaq istəyib. Lakin RİH-dən bildirilib ki, küçənin adının dəyişdirilməsi ilə bağlı sualı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavablandıra bilər. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə məsələdən xəbərsiz olduğunu, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.
QAZİLER.AZ-dan:
Xatırladaq ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsən iştirakı ilə “Azərbaycan Yazıçılar Birliyi”nin balansında olan ərazidə fəaliyyət göstərən “26-lar” kafesinin dağıdılmışdı. Heç bir məhkəmə qərarı olmadan qanunla fəaliyyət göstərən bir obyektin bu şəkildə dayandırılmasını yerli mətbuat, o cümlədən “ATV” kanalı kəskin şəkildə tənqid etmişdi. Kanal Sabunçu rayonunda “26 Bakı komissarı” adında küçə qaldığı halda qanun çərçivəsində fəaliyyət göstərən bir kafenin dayandırılmasını da demişdi. Bu süjetdən sonra Bakı meriyası hərəkət keçdi.
Küçənin adının “2 aprel” qoyulması isə, çox güman ki, 2016-cı il aprel döyüşləri ilə bağlıdır.