Azərbaycanda işsizlərə pul veriləcək- 4 min manat

25-09-2017, 20:28           

Söhbət, işsiz və iş axtaran, amma hökumətin fikrincə, iş qurmaq qabiliyyətinə malik insanlardan gedir. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə özünə məşğulluq proqramı başlanıb. Nazirliyin Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov layihənin detallarını açıqlayıb.

Biznes quran işsizləri necə seçirlər?

Plana görə, ölkə üzrə 1500 nəfər işsiz seçiləcək və onun biznes qurmasına dəstək veriləcək. İsa Həsənov bildirir ki, işsizlərin seçimi ilə bağlı bəzi tələblər var. Əvvəla bunlar avqust ayınadək, yəni layihə elan olunana qədər işsiz statusu alan şəxslər olmalıdır. Nazirliyin əməkdaşları həmin şəxslər barədə məlumatları – təhsili, bacarıqları, evdə əmək qabiliyətli uşaqların sayı, sosial statusu və s. təhlil edirlər. Uyğun (yəni biznes qura bilmə baxımından) hesab edilənlər yerli məşğulluq idarələrinə dəvət edilirlər və burada təlimçilər onlarla söhbət apararaq seçim aparırlır. Yeri gəlmişkən, bu layihəyə qoşulmaq məcburi deyil. İ.Həsənovun sözlərinə görə, əgər söhbət əsnasında işsiz vətəndaş biznes qura bilməyəcəyini və əvvəlki kimi müavinət almaq istədiyini söyləyirsə, o yenidən müavinət almaqda davam edəcək.
Ümumilikdə 1500 nəfərin seçimi üçün əvvəlcə 3 min nəfər söhbətə cəlb olunacaq. Bunlardan 1950 nəfər isə kurslara dəvət olunacaq, onlardan öz layihələrini təqdim etmək tələb olunacaq, buradakı seçimlərdən sonra isə 1500 nəfərin biznesinə dəstək başlanacaq.

Əksəriyyət regionlarda işləyəcək

Dəstək veriləcək işsizlərin sayı rayonların sayından da asılı olacaq. Ümumilikdə 1500 nəfə işsizin 376 nəfəri Bakıda digər 1124 nəfəri rayonda olacaq. Belə ki, Abşeron İqtisad rayonunda (İR) 88 nəfər, Gəncə-Qazaxda 191 nəfər, Şəki-Zaqatalada 96 nəfər, Lənkəranda 120 nəfər, Quba-Xaçmazda 82 nəfər, Aran İqtisadi rayonunda 282 nəfər, Yuxarı Qarabağda 103 nəfər, Kəlbəcər-Laçında 40 nəfər, Dağlıq Şirvan 43 nəfər, Naxçıvan MR-da isə 82 nəfər işsizin işinə dəstək veriləcək. Bakının rayonlarında da seçim əhalini sayına uyğun olacaq. Məsələn, Binəqədidə 45 nəfər, Qaradağ rayonunda isə 19 nəfərin biznesinə dəstək göstəriləcək.

153 işsizin «bəxti açılıb»

Qeyd edək ki, birinci mərhələdə özünüməşğulluq proqramına cəlb olunan rayon sakinlərindən 171 nəfər biznes layihələrini təqdim ediblər. Onlardan 8 rayondan 153 fərdi biznes layihəsi maliyyələşdirilmək üçün seçilib. Həmin layihələr Beyləqan, Tərtər, Agcabədi, Salyan, Hacıqabul, Xocavənd, Laçın və Bərdə rayonlarından seçilib. Hər layihə üçün orta hesabla 4 min manat ayrılması nəzərdə tutulub: «Ağlabatan ideya olsa 4 min manatdan artıq vəsait də ayıra bilərik. Ancaq təqdim edilən layihələrin heç də hamısı bu qədər vəsait tələb etmir. Onların s ırasında 3 800 manat, 3 500 manat, hətta 2 700 manat tələb edənlər də var. Həmin layihələr 6 müxtəlif komissiyada dəyərləndirildikdən sonra maliyyələşməsinə qərar verilib».

Bu layihələrə vəsait ayrılacaq

İ.Həsənov bildirib ki, seçilən layihələrin 84 faizi heyvandarlıq sahələrinə aiddir. Müraciətlərin 5 faizi istixanaların yaradılması, 11 faizi isə müxtəlif xidmət sahələrinə – tikiş, kişi və qadın salonları, bəzək kursları və digər obyektlərin açılmasına aiddir.

İ.Həsənov bildirib ki, biznes layihələrdə damazlıq südlük və ətlik inəklərin saxlanması, süd məhsullarının istehsalı, damazlıq qoyunların saxlanması və dəri, yun emalı müəssisəsi, yun sap və dəri məmulatlarının, at yəhəri və digər aksesuarların istehsalı nəzərdə tutulur. Quşçuluq sektorunda biznes qurmaq istəyən şəxslər də var. Həmin layihədə qaz ciyərinin istehsalı nəzərdə tutulur. Bu məhsul əsasən, restoranlarda paşlet hazırlanması üçün istifadə edilir.

«Heç kimə nağd pul verməyəcəyik»

İ.Həsənovun sözlərinə görə, biznes layihələri seçilən şəxslərə nağd pul yox, ancaq biznesini qurmaq üçün ilkin mərhələdə tələb olunan avadanlıqlar, materiallar, eləcə də heyvanlar alınıb veriləcək. Məsələn, heyvandarlıq və quşçuluqla məşğul olmaq istəyən şəxslərə heyvanlar və quşlar veriləcək.

Tikiş sexi qurmaq istəyənlər isə tələb etdikləri məbləğ həcmində maşınlar, parçalar, kəsici alətlər, digər aksesuarlar alacaqlar. İstixana qurmaq istəyənlərə orada istifadə olunacaq xüsusi yeşiklər, toxumlar, gübrələr veriləcək. Yun və dəri emalı ilə məşğul olmaq istəyənlərə təmizləyici və dəri aşılayan qurğuların, yunu darayan və əyirib ipə çevirən maşınların verilməsi nəzərdə tutulur. Gözəllik salonu işlədənlərə güzgü və stollar, stullar, şkaflar, xüsusi alətlər veriləcək.
Ayrılan avadanlığın və əşyaların təyinatı üzrə istifadəsinə ciddi nəzarət ediləcək: «Vaxtaşırı monitorinqlər aparılacaq. Əgər proqram çərçivəsində biznes qurmaq üçün maddi dəstək alan şəxslər vəsaitləri təyinatı üzrə istifadə etməsələr, görsək ki, alınan avadanlıqları öz bildikləri kimi istifadə edib heç bir iş görməyiblər, onda həmin avadanlıqlar geri alınacaq».

Bakı sakinləri də biznes qura biləcəklər

İ.Həsənov deyib ki, Bakının rayonlarından da biznes layihələr qəbul ediləcək. Artıq bununla bağlı paytaxtın rayonlarından seçilən vətəndaşlar üçün təlimlər keçirilməyə başlayıb. Eyni amanda biznes layihələri də qəbul olunub.

İ.Həsənov bildirib ki, Bakının Sabunçu, Suraxanı, Xəzər rayonlarından layihəyə cəlb olunan vətəndaşlardan gələn layihələrdə əsasən, heyvan saxlanması və istixanaların yaradılması üçün vəsait istəyirlər. Eyni zamanda foto və kompüter salonları, şirniyyat sexləri, ticarət obyekləri açmaq istəyənlər də var.

Yeri gəlmişkən, bu proqram çərçivəsində biznes quranlara vergi güzəştləri edilməyəcək. İ.Həsənovun sözlərinə görə, əslində layihələrnin 84%-i kənd təsərrüfatına aiddir və bu sahə əksər vergilərdən onsuz da azaddır. Digər sahələrdə çalışanlar isə sadələşdirilmiş vergi ödəyiciləri kimi qeydiyyatdan keçib vergiləri ödəməli olacaqlar.

Hökumət bu sahələrə pul ayıracaq

Nazirliyin priaritetlərinə gəlincə, şöbə müdiri bildirib ki, biznes planlar arasında heyvandarlıq, qəssabxana, istixana, emal müəssisələrinin yaradılması, meyvə-tərəvəz istehsalı və konservləşdirilməsi, eləcə də xalçaçılıq, oyma, suvenirlərin hazırlanması kimi layihələrə üstünlük veriləcək.

“Proqrama başlamamışdan öncə biz bazarda geniş araşdırma apardıq. Harda hansı məhsullara ehtiyac olduğunu araşdırdıq. Nəticələr barədə vəsaitlər çap olundu. İndi biznes planların seçilməsində həmin vəsaitlərdən istifadə olunur. Çalışırıq ki, bazarda tələbat olan sahələrdə iş qursunlar ki, biznesləri davamlı olsun”.

İ.Həsənov əlavə edib ki, ilkin mərhələdə büdcə vəsait hesabına qurulan kiçik biznes strukturlarına gələcdə də dəstək verilə bilər: “Əgər həmin şəxslər işlərini düzgün qurub qazanc əldə edə bilsələr, onların inkişafına yardım edə bilərik. 2017-ci ilin büdcəsində onlar üçün əlavə vəsait ayrıla bilər”.

Proqrama necə qoşulaq?

Bəs öz biznesini qurmaq istəyən digər işsizlər özünəməşğulluq proqramına necə qoşula bilərlər? İ.Həsənov deyir ki, həmin insanlar məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmalıdır.

“Özünüməşğulluq proqramının icrasına büdcədən 6 milyon manat vəsait ayrılıb. Bu da 1 500 nəfərin özünə iş qurmasını təmin etməyə imkan verir. Ona görə də bizim mütəxəssislər noyabrın 8-dək 61 rayondan 1190 nəfər vətəndaşı seçib. Onlara biznes qurmağın və inkişaf etdirməyin sirrlərini öyrədəcək təlimlər keçiriləcək. Artıq həmin şəxslərdən 340 nəfər təlimləri başa vurub. Onlardan 171 nəfər öz biznes layihəsini hazılayaraq Nazirliyə təqdim edib”.

Qeyd edək ki, təlimlər 3 ay müddətində davam edir. Təlimə qatılan hər kəs sonradan öz bines layihəsini qiymətləndirmə komissiyasına təqdim edəcək. 6 qiymətləndirmə mərhələsini keçən layihələrə vəsait ayrılacaq.

Layihələr internetlə seçiləcək

Gələn illərdə isə bu layihənin daha da genişləndirilməsi nəzərdə tutulur. Proqrama qoşulmaq formsı da dəyişəcək. İ.Həsənovun sözlərinə görə, artıq iş qurmaq istəyən işsiz vətəndaşlar nazirliyin saytına müraciət edərək qeydiyyatdan keçəcəklər. Xüsusi komputer proqramı onların məlumatları əsasında ilkin seçim aparacaq. Sonra isə seçim adi qaydada davam etdiriləcək və uyğun vətəndaşlar dəstəklənəcək. //Fins.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.