“Kürd millətçilərinin xəritələrində Azərbaycana ərazi iddiası var”

27-09-2017, 13:53           
“Kürd millətçilərinin xəritələrində Azərbaycana ərazi iddiası var”
“Hazırkı reaksiyalara, qopan ”fırtına"ya baxmayaraq, İraqın şimalındakı müstəqillik referendumu bölgə ölkələri üçün əsla gözlənilməz olmadı. Çünki Məsud Bərzaninin nəinki özünün, onun atası Molla Mustafa Bərzaninin də həyat amalının müstəqil Kürdüstan olduğu hamıya aydın idi, bunu İraq da, Türkiyə də, İran da çox yaxşı bilir".

Politoloq Şahin Cəfərli İraq Kürdüstanında keçirilən “müstəqillik” referendumunu “Yeni Müsavat”a şərh edərkən bunları söylədi. Ekspert xatırlatdı ki, 1991-ci ildəki 1-ci Körfəz savaşından sonra faktiki olaraq İraqın parçalanmasının əsası qoyuldu və şimaldakı kürd bölgəsi Bağdadın nəzarətindən çıxdı: “2003-cü ildə baş verən 2-ci Körfəz savaşı isə İraqın federallaşması ilə nəticələndi və Quzey İraqın statusu İraq Konstitusiyasında muxtar bölgə kimi təsbit olundu”. Proseslərdə Qərbin rolunun olmasını istisna etməyən politoloqun sözlərinə görə, aydın idi ki, muxtar bölgə statusu tam müstəqillik üçün keçid dövrü mahiyyəti daşıyacaq: “Çünki ABŞ ”Böyük Ortadoğu" layihəsi çərçivəsində Yaxın Şərqi yenidən dizayn etməyə qərar vermişdi. Kürd dövlətinin qurulması ABŞ-ın uzunmüddətli layihəsidir və ilk Körfəz savaşından bəri bu istiqamətdə ardıcıl addımlar atıldığını müşahidə edirik. O bölgədə Qərbin yaxın müttəfiqi olacaq və İsraillə yaxşı münasibətlər quracaq yeni bir sekulyar müsəlman dövlətinə ehtiyac duyulur. Bu proseslə paralel olaraq Türkiyənin ABŞ üçün “soyuq müharibə” dövründəki həyati önəminin də tədricən azalmağa başladığını görürük. Kürd dövlətinin qurulması İsrailin təhlükəsizliyinin təmin edilməsi baxımından önəmlidir və təsadüfi deyil ki, İsrail referenduma açıq dəstək verdiyini gizlətmədi. Son illər İran yeritdiyi uğurlu siyasət nəticəsində İraq və Suriya vasitəsilə İsrailin quru sərhədinə çıxış əldə edib".

Ş.Cəfərli bildirdi ki, bölgədə müstəqil Kürdüstanın qurulması İsrail və İran arasında fiziki baryer rolunu oynayacaq: “Eyni zamanda məlumdur ki, ərəb dövlətlərinin zəifləməsi, parçalanması İsrailin işinə yarayır. Türkiyəyə gəldikdə isə biz 1991-ci ildən bəri Ankaranın regional siyasətinə nəzər salsaq, çoxlu ziddiyyətlərin, ziqzaqlı addımların şahidi olarıq. Məsələn, ilk Körfəz savaşından sonra Türkiyə prezidenti Turqut Özal Milli Təhlükəsizlik Şurasının iclasında generallara demişdi ki, ”Bərzani və Tələbani hər baxımdan Türkiyəyə möhtacdır, bunları Amerikanın və ya PKK-nın qucağına atmaqdansa, gəlin onlara sahib çıxaq və öz nəzarətimizə götürək". Bu siyasət qismən həyata keçirildi və Bərzani ilə Tələbaniyə Türkiyə tərəfindən diplomatik pasport verildi. O vaxt bu iki kürd əşirəti arasında silahlı qarşıdurma var idi və Türkiyə bu qarşıdurmanı aradan qaldırmaqda mühüm rol oynadı. Hətta deyilənə görə, Özalın Quzey İraqı Türkiyəyə birləşdirərək ölkə daxilində federativ əsasda kürd bölgəsi yaratmaq, beləliklə də, kürd problemini birdəfəlik həll etmək xəyalı var imiş. Lakin Dəmirəlin prezidentliyi, Ecevitin baş nazirliyi dövründə Türkiyənin Quzey İraqda kürd dövlətinin yaradılmasını “casus belli” - savaş səbəbi sayacağı elan edildi". Ş.Cəfərli əlavə etdi ki, prezident Ərdoğanın dövründə Özalın siyasətinə yaxın kurs seçildi və Türkiyənin Quzey İraq və ümumilikdə kürdlərlə bağlı siyasətində yumşalma baş verdi, “qırmızı cizgilər” aradan qalxdı: “Hesab edirəm ki, ötən dövrdə buraxılan ən ciddi yanlışlıq 2003-cü ildə ABŞ ordusunun Türkiyə ərazisindən keçərək İraqa daxil olmasına TBMM tərəfindən icazə verilməməsi oldu. Bunu müttəfiqliyə zidd addım kimi qiymətləndirən ABŞ və xüsusən Pentaqon o vaxtdan bəri Türkiyənin bölgədəki maraqlarına etinasızlıq nümayiş etdirir. Düşünürəm ki, Türkiyə ötən müddətdə bölgədəki yeni reallıqları qəbul edərək Quzey İraq kürd muxtariyyəti ilə yaxın əlaqələr qurmağa qərar verdi. Tərəflər arasında çoxşaxəli siyasi-iqtisadi əlaqələr quruldu. Hazırda Bərzani bölgəsində 1500-dən artıq türk şirkəti fəaliyyət göstərir və onlar böyük infrastruktur layihələri həyata keçirirlər. Ərbil hava limanını Türkiyə inşa edib. Türkiyənin İraqla ticarətində Quzey İraqın xüsusi payı var, Bərzani idarəçiliyi faktiki olaraq Türkiyənin 2-ci böyük ticarət tərəfdaşına çevrilib. Kürdlər öz neftini Türkiyə vasitəsilə beynəlxalq bazara çıxarır, təbii qaz ixracı üçün boru kəmərinin tikintisi də gündəmdədir. Türkiyə həm də ”peşmərgə" qüvvələrinə təlim keçib. Öz növbəsində, Məsud Bərzaninin də Türkiyədə çoxsaylı şirkətləri fəaliyyət göstərir. Türkiyə Quzey İraqın dünyaya çıxış qapısıdır. Yəni çox dərin əlaqələr var. Bu əlaqələri qurarkən məgər Türkiyə Bərzaninin əsas hədəfinin müstəqil dövlət olduğunu bilmirdi? Təbii ki, bilirdi. Ona görə də, hesab edirəm ki, hazırkı etirazlar, sanksiya xarakterli addımların atılmağa başlanması daha çox daxili auditoriyaya yönəlib və bir müddət sonra yaddan çıxacaq. Mən sosial şəbəkədəki statusumda da qeyd etdim, bəlkə də Türkiyənin ötən illərdə yeritdiyi siyasət daha doğrudur. Yəni ola bilər ki, Ankara müstəqil Kürdüstanın qurulmasını qarşısıalınmaz proses kimi görərək gələcəkdə doğacaq riskləri bəri başdan aradan qaldırmağa üstünlük verib. Mümkündür ki, Bərzani ilə yaxın əlaqələr qurulması və türk kapitalının ora nüfuz etməsi Quzey İraq üzərində təsir imkanları əldə etməyə yönəlib. Məhz belə olduğuna əmin deyiləm, amma bunu istisna etmək də olmaz".

“Müstəqil Kürdüstan”ın qurulmasının Azərbaycana təsirlərinə gəldikdə, Ş.Cəfərli bunları bildirdi: “Əvvəla, onu qeyd edək ki, referendumun keçirilməsi avtomatik olaraq müstəqil kürd dövlətinin qurulması mənasına gəlmir. Bunun üçün müəyyən vaxt lazımdır. İkincisi, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi özünəməxsus siyasi-hüquqi çərçivəyə malik olan və öz axarında davam edən bir prosesdir. Bu çərçivə həmsədr ölkələrin bəyanatlarında və Madrid prinsiplərində əksini tapıb. İraqdakı və ya İspaniyadakı hadisələrin bu məsələyə təsir göstərəcəyinə inanmıram. Kürd millətçilərinin öz xəritələrində Azərbaycana ərazi iddiası irəli sürmələri faktı da var. Söhbət ən əvvəl Laçın və Kəlbəcərdən gedir. Naxçıvan Muxtar Respublikası da həmin xəritələrə daxil edilir. Mən bunu ciddi qəbul etmirəm. Əvvəla, kürdlər Naxçıvanda, Laçında, Kəlbəcərdə heç vaxt çoxluq təşkil etməyib. Ən əsası isə odur ki, Azərbaycan kürdləri bizim topluma o qədər qaynayıb-qarışıb ki, kim kürddür, kim kürd deyil, bunu müəyyən etməyin özü çox çətindir. Digər tərəfdən, İran və Türkiyədən fərqli olaraq, biz Quzey İraqla həmsərhəd deyilik. Yəni Azərbaycanda kürd separatçılığı üçün hər hansı zəmin yoxdur. Biz əvvəlcə erməni separatizminin nəticələrini aradan qaldırmağa, Laçını, Kəlbəcəri və digər torpaqlarımızı geri qaytarmağa çalışmalıyıq”.
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.