Şeyxlə savaş və Abutalıbovun diski - ATV rəhbərliyi niyə bitirildi...

27-09-2017, 18:34           
Şeyxlə savaş və Abutalıbovun diski - ATV rəhbərliyi niyə bitirildi...
ATV kanalında efirə gedən “ATV Səhər” proqramı sentyabrın 26-da yayımlanmayıb. Turan İbrahimovun müəllifi olduğu “ATV Səhər” verilişində bu ilin may ayında sabiq vitse-spiker, hazırda deputat olan Arif Rəhimzadənin məlum “türk deyiləm” sözlərindən sonra T.İbrahimov onun barəsində tənqidi ifadələr işlətmişdi ki, bu səbəbdən də onu efirdən uzaqlaşdırmışdılar.

Başqa bir iddiada isə deyilir ki, T.İbrahimov Milli Şuranın aprelin 8-də keçirdiyi etiraz aksiyasına dəstək ifadə edən fikirlər səsləndirdiyi üçün efirdən uzaqlaşdırılmışdı. T.İbrahimov isə yayılmış xəbərləri “fantaziya” hesab edərək verilişin dayandırılmasını “mövsümün bitməsi” ilə izah etmişdi. Amma o, ATV-dən birdəfəlik uzaqlaşdırılmadı və telekanalın ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbərliyindəki fəaliyyətinə davam etdi.

Verilişin bir daha efirə qayıtmayacağı gözlənilsə də, sentyabrın 18-dən T.İbrahimov “qaldığımız yerdən” deyərək yenidən iki saatlıq proqramını bərpa etdi. Amma qısa müddətdə də T.İbrahimovun yenidən iqtidarın nəzarətində olan bir telekanalda “özünə sərbəstlik” verdiyi nəzərə çarpırdı. İddialar var ki, proqramın birdəfəlik efirdən yığışdırılmasına səbəb T.İbrahimovun tənqidin sərhədlərini aşması, hətta dövlətin əleyhinə ifadələr işlətməsi olub. Üstəlik, məlum olub ki, Milli Teleradio Şurası ATV rəhbərliyinə əvvəldən T.İbrahimovun və hələ ki adları məlum olmayan “digər simaların” efirdən uzaqlaşdırılmasını tövsiyə etsə də, kanal rəhbərliyi bunları nəzərə almayıb. T. İbrahimov isə yeni sezonda verilişini bərpa edərək yenidən öz ampluasında efirə çıxıb.

“Qafqazinfo” yazır ki, T.İbrahimovun yenidən “başından böyük mövzulara” müraciət edərək iqtidara az qala dərs keçməsi bağışlanmaz həddə çatıb. “Hətta belə mənzərə yaranıb ki, Azərbaycanda televiziya efirində kimlərinsə maraqları bilərəkdən tənqid olunur. Halbuki ölkədə hansısa TV-nin efirində kiminsə hər hansı bir qrupun maraqlarını müdafiə etməsi və ya əksinə, tənqid etməsi qəti yol verilməzdir” - deyə, məlumatda qeyd olunur.

Günün ikinci yarısında məlum olub ki, ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb. Vüqar Qaradağlı ilə bərabər vitse-prezidenti Rauf Dadaşov vəzifədən kənarlaşdırılıblar. Bütövlükdə ATV-dən 32 işçi kənarlaşdırılıb. Onların içində ATV dizayn qrupunun rəhbəri rejissor Rauf Ocaqverdiyev də var. Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli A.Xəlilovu kollektivə təqdim edib. Azər Xəlilov deyib ki, yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra müəyyən nəticəyə gəlib, ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumatlı mənbə “ATV Səhər” proqramında cəmi bir həftə efirdə olan T. İbrahimovun əsas səhvinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şexülislam Allahşükür Paşazadə ilə bağlı qalmaqala geniş münasibət bildirməsi olduğunu deyib. Belə ki, T.İbrahimov mətbuatda Allahşükür Paşazadə ilə qudası Hacı Qalib Salahzadə haqqında yazılanlara münasibət bildirib.

O, canlı yayımda “bu hay-küyün ortaya çıxmasında günahkar Şeyxin qudası, keçmiş millət vəkili və onun işlətdiyi ifadələrdir” deyərək onları daha geniş auditoriya üçün ictimailəşdirib. "O müsahibəni mən də oxumuşdum, “Şeyxin hələ bu vəzifədə oturmaq imkanı, gücü var, hələ gəncdir və ondan sonra da, yəqin ki, varisi oğlu olar” şəklində ifadələri müzakirələri genişləndirdi. Məncə, Hacı Qalib Salahzadə bu müzakirələrdə sakitləşdirici rol oynamaq istəyirsə, gərək, ümumiyyətlə, danışmasın. Danışdıqca batır". Bundan sonra isə o, Hacı Qalibin daha ciddi qalmaqal yaratmış fikirlərinə yer ayırıb. O, Hacı Qalibin fikirlərindən sitat gətirərək “Bütün Qafqazın şeyxi, dini-mənəvi liderinin oğlu iki rükət namazı zorla qılırsa, necə imanlıq edə bilər?” söyləyib.

Bundan başqa, “26-lar” kafesi ilə bağlı qalmaqalı yada salan T.İbrahimov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu kəskin tənqid edib, bütün bu prosesi “ssenaristi və rejissoru bəlli olan, konstitusiya və hüquq normalarına zidd tragikomediya kimi” qələmə verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı meri verilişdə ona qarşı aparılan kampaniyanı xüsusi diskə yazdıraraq aidiyyəti şəxslərə təqdim edib. Bundan başqa, Milli Məclis, deputatlar, icra hakimiyyəti orqanları, dövlətin kadr siyasəti və s. haqqında aşağılayıcı fikirlərin səsləndirildiyi də diqqətdən yayınmayıb.

Yada salaq ki, 2012-ci ilin mayında da ATV rəhbərliyində ciddi dəyişiklik baş vermişdi. Belə ki, ATV-nin prezidenti Tağı İbrahimov, habelə onun qardaşı, teleşirkətin vitse-prezident Natiq İbrahimov bir gündə tutduqları vəzifədən kənarlaşdırılmışdılar. “Azad Azərbaycan” Teleradio Şirkətinin təsisçiliyi də İbrahimovlar ailəsindən alınmışdı.

“YM”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.