ABŞ Konqresində məmurlarımıza qarşı sanksiya layihəsi hazırlandı - iki fərqli baxış

29-09-2017, 10:47           
ABŞ Konqresində məmurlarımıza qarşı sanksiya layihəsi hazırlandı - iki fərqli baxış
İqbal Ağazadə: “Bizim üçün çox çətin olacaq”; Bəxtiyar Sadıqov: “Amerika prezidentləri də erməni diasporundan asılı vəziyyətdə olurlar”

Amerika Konqresində azərbaycanlı məmurlara qarşı sanksiyalar nəzərdə tutulan qətnamə layihəsi hazırlanıb. Konqresmenlər Kris Smit (Respublikaçı, Nyu Cersi ştatı) və Cim MakQovern (Demokrat, Massaçusets ştatı) Azərbaycanda insan hüquqlarına hörmət edilməsini və qanunun aliliyinin təşviqini nəzərdə tutan qətnamə layihəsini irəli sürüblər.

“Amerikanın Səsi” radiosunun məlumatına görə, qətnamədə ABŞ hökumətinin Azərbaycanla əməkdaşlıq etdiyi zaman insan hüquqları və fundamental azadlıqların prioritetləşdirilməsi, o cümlədən Qlobal Maqnitski İnsan Hüquqlarına Cavabdehlik Aktına əsasən, insan hüquqları pozuntularına yol verən rəsmilərin cəzalandırılması təklif edilir. Bununla bərabər, qətnamədə Azərbaycan hökumətindən bütün siyasi məhbusların dərhal azad edilməsi tələb olunur. Eyni zamanda hökumətin hesabatlılığını və demokratik dəyərləri təşviq edən insanların hədəfə alınmasının dayandırılmasına çağırılır.

Qlobal Maqnitski Aktının yeni dövrdə universal insan hüquqlarının müdafiəsində ABŞ-ın liderliyinə yol açmış olduğunu deyən Smitin hazırladığı sənəddə deyilir: “ABŞ insan hüquqları pozuntularına yol verən insanlara qarşı viza qadağası, əmlakın dondurulması kimi alətlərdən istifadə etməlidir. Bu ölçülər Azərbaycan hökümətində hüquq pozuntularına yol verən insanların bəhrələndiyi cəzasızlıq mühitini məhv edəcək”.

Siyasi şərhçilər qətnamənin Azərbaycan üçün çox ciddi hadisə olduğunu vurğulayırlar. Layihənin qəbul olunacağı təqdirdə Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə vuracağı deyilir. Belə bir şəraitdə layihənin qəbul olunmaması üçün ölkə iqtidarının önləyici tədbirlər görməsinin vacibliyindən söz açılır.

Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, Azərbaycan hökuməti danışıqlar masası arxasında əyləşməlidir: “İqtidar strateji olaraq Qərb institutları ilə əməkdaşlığın dövlətin maraqlarına və özünə xeyir verdiyini bir daha ölçüb-biçərək danışıqlar masası arxasında əyləşməli, xüsusi böhran qrupu yaratmalıdır. Adını böhran qrupu deyil, başqa ad qoymaq olar. Qərb institutları ilə danışıqlar aparılmalı, bu təzyiqlərin aradan qaldırılması istiqamətində qarşılıqlı güzəştlər əsasında bunları həll etməlidir. Əgər biz Ermənistan-Azərbaycan arasındakı münaqişənin həlli istiqamətində Qərb dairələrinin çağırışları ilə masa arxasında əyləşib müəyyən güzəştlərə gediriksə, güzəştlərə hazır olduğumuzu bəyan ediriksə, bu danışıqlar prosesi 1994-cü ildən bu günə qədər davam edirsə, nədən biz xırda, fərdlərin məsələsini masa arxasında həll etməyib, sanksiyaların tətbiqinə getməliyik? Azərbaycan hökuməti bunları yaxşı düşünməli, ən azından bunu tərəziyə qoymalıdır. Əgər bu təzyiq elementləri Azərbaycana qarşı yönəlsə, hətta bir məmura qarşı olsa, bunun gələcəkdə Ermənistan-Azərbaycan danışıqlarına təsiri nə olacaq? Azərbaycanın təcridolunma siyasəti nə verəcək? Burada fərdlərin maraqlarından daha çox dövlətin marağı nəzərə alınmalıdır. Hökmən Azərbaycan tərəfi üzvü olduğu, öhdəliklər götürdüyü beynəlxalq qurumlarla güzəştlərə keçməli, tərəfləri qane edən addımlar atmalı, ölkə daxili və xaricində səslənən iddialara qarşı yeni siyasi kurs müəyyənləşdirməlidir. Əks təqdirdə, bizim üçün çox çətin olacaq, həm fərdlər, həm də bütövlükdə ölkə üçün. Cəmiyyət hakimiyyəti danışıqlara getməyə çağırmalıdır. Bu tipli addımların atılmaması üçün nə güzəştlər olursa-olsun edilməlidir, təki dövlətimizə bununla bağlı ciddi zərbə dəyməsin”.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov dedi ki, hazırda Azərbaycan-ABŞ əlaqələri çox xoşdur, işgüzardır: “Hamımız Ermənistan-Azərbaycan arasındakı münaqişənin həllində Minsk Qrupunun həmsədr ölkəsi kimi Amerikaya böyük ümidlər bəsləyirik. Təəssüf ki, indiyə qədər Minsk Qrupuna olan ümidlər özünü doğrultmayıb. Biz yenə də Amerikanı ədalətli dövlət kimi görmək istəyirik. Ümidimizi itirmirik ki, münaqişənin ədalətli həllində Birləşmiş Ştatlar köməyini əsirgəməyəcək. Uzun illərdir münaqişənin həllində irəli addım atmayanlar ölkəmiz əleyhinə iddialarla çıxış edirlər. Daim Azərbaycanın demokratiya və insan hüquqları sahəsində gördüyü işlərdə nöqsanlar axtarıblar. Bunu tapmayanda ölkəmizdəki ”beşinci kolon"un danoslarından istifadə ediblər. Son zamanlarda Azərbaycana təzyiq və təsirlər göstərmək üçün onun adını Maqnitski siyahısına salmaqla bağlı səsləndirdikləri fikirlər adi hal alıb. Amerikada çox güclü erməni diasporu var. Onlara xidmət edən konqresmenlər az deyil. Onlar erməni diasporunun verdiyi tapşırıqlar əsasında addımlar atırlar. Smitin ermənipərəst olduğu nəinki bizə, Amerikada yaşayanlara da sirr deyil. Heç bir ay tamam olmayıb ki, Azərbaycan onların siyasi məhbus hesab etdikləri bir sıra şəxsləri heç özümüz siyasi məhbus saymasaq da, azad edib. Halbuki onlar konkret cinayət əməlləri törədiblər. Bunlardan biri də Lapşindir ki, onu prezidentimiz azad etdi.

Burada bir söz danışan Lapşin gedəndən sonra öz köhnə adətinə qayıtdı. Ölkəmiz hər zaman bu cür hallar olanda müəyyən mənada güzəştlərə gedir, gərginliyi azaltmaq üçün tutulan iradların bir qismini həyata keçirir. Amma prinsipial olan elə məsələlər var ki, dövlət başçımız orada güzəştə heç zaman getməz. Niyə bir konqresmen bir milyon məcburi köçkünümüzün hüquqları barədə Konqresdə məsələ qaldırmır? Onlar məgər insan deyillər? Siyasi məhbusdan danışırsız, bəs Dilqəm və Şahbazın heç bir qanunu pozmadan ata-babalarının qəbrini ziyarət etməyə getdiklərini niyə dilinizə gətirmirsiniz? Təəssüflər olsun ki, deyəsən, Amerika prezidentləri də erməni diasporasından asılı vəziyyətdə olurlar. Seçkilər vaxtı ermənilərin səslərini almaq üçün müəyyən vədlər verirlər. ABŞ kimi nəhəng dövlətin müəyyən mənada erməni diasporundan asılı olması və onların yalanlarını müdafiə edib, tərəfdaşı olduğu ölkələrə irad tutması, sadəcə, təəssüf doğurur. Bu konqresmenlər belə müraciət etsələr də, Konqresin bu məsələyə ədalətli yanaşacağına ümid edirəm. Amerika öz tərəfdaşına qarşı ədalətli olacaq, müəyyən insanların adlarının yazılmasına razılıq verməyəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.